"Onun ölkədən getməsi fəaliyyəti ilə bağlı deyil, bu müxalifətdəki daxili intriqanın nəticəsidir"
"Azadlıq" qəzetinin baş redaktor müavini Rəhim Hacıyevin Azərbaycanı tərk etməsi ilə bağlı bəzi mətbu orqanlarda məqsədli şəkildə, şişirdilmiş informasiyalar yayılmaqdadır. Müxalifətyönümlü bəzi saytlar onun ölkədən getməsini "faciə" kimi təqdim etməyə çalışsalar da, əslində, məsələ tamamilə başqa cürdür. Guya bu adam təzyiqlərə dözməyib və ölkədən gedib. Əvvəla, R.Hacıyev Fransaya gedib və orada baş redaktoru Qənimət Zahidlə görüşəcək. Bundan bir müddət sonra isə qaçqın statusu almaq üçün Hollandiyaya gedəcək. Bundan başqa, 2016-ci ilin noyabrında fəaliyyətini dayandıran "Azadlıq" qəzetində o vaxta qədər şəxsən bu Rəhim dövlətimizin, millətimizin ünvanına ağzına gələni yazırdı. Bəs o zaman niyə getmirdi? Halbuki bu gün "Azadlıq" qəzeti çıxmır, bu qəzetin satışından da bir qəpik götürmək mümkün deyil. Çünki heç kimə maraqlı deyil, orada dərc olunan informasiyaların 5 qəpiyə belə dəymədiyi hər kəs gözəl başa düşür. Saxtakarlıq, qisasçılıq, qarayaxma ilə səhifələrini dolduran "Azadlıq" bu yolda çox gedə bilməyəcəyini gözəl bilirdi. Məsələnin ən maraqlı tərəfi isə odur ki, "Azadlıq.info" bununla bağlı heç bir geniş material dərc etmədi, sanki üstündən keçdi.
Ümumiyyətlə, R.Hacıyev hansı səbəblərdən bu addımı atdı? Kiçik bir araşdırma apardıq və AXCP gənclər birliyinin üzvlərindən birinin ("Azadlığ"ın keçmiş əməkdaşlarından) bununla bağlı qəzetimizə maraqlı informasiyalar verdi. Əslində, R.Hacıyevin xaricə getməsi onun fəaliyyəti ilə bağlı yox, Q.Zahidlə AXCP sədri Ə.Kərimli arasında son vaxtlar ABŞ-dan verilən pulun birinci tərəfindən mənimsənilməsindən sonra başlayan dava-dalaşda öz yerini müəyyənləşdirməsi ilə bağlıdır. Belə ki, mənbənin verdiyi məlumata görə, R.Hacıyev fəaliyyətini "Turan" TV-də davam etdirəcək, buna görə də xaricə gedib. Hətta ona yüksək maaş da vəd olunub. Ancaq Rəhimi bu addımı atmağa vadar edən isə Ə.Kərimlidir. Çünki bir müddət öncə Ə.Kərimli ona şərt qoyubmuş ki, ya Q.Zahid, ya da mən... Beləliklə, Rəhim Q.Zahidi seçib. Mənbə bildirir ki, Rəhimin Q.Zahidi seçməsinin səbəblərindən biri də AXCP sədrinin ona olan pul borcudur. Sən demə, Rəhim baş redaktorun müavini kimi iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarının maaşını almayıb. O ki qaldı Q.Zahidin "Azadlıq"da hələ də baş redaktor kimi təqdim olunmasına, bu tamamilə fon, imitasiya yaratmaq üçün atılan addımdır. Q.Zahidlə Ə.Kərimli arasında dərin bir uçurum yaranıb, hətta münasibətlər o həddə çatıb ki, birincini qardaşı Mirzə Sakit müxtəlif şeirlər vasitəsilə AXCP sədrini təhqir edir, sosial şəbəkələrdəki statuslarında onun yarıtmaz fəaliyyəti nəticəsində müxalif partiyaların rüsvayçı duruma düşməsini vurğulayır.
Yəni R.Hacıyevi "siyasi mühacir" kimi təqdim etmək, sadəcə, gülüş doğurur. Bu adam Hollandiyada yaşamaq istəyir və orada gedib. Axı nə üçün müxalifətçi lap keyfindən də xaricə getsə, "siyasi mühacir" olur? Heç bir təhsili olmayan, hərbi xidmətdən yayınan qulağı sırğalı bir "NİDA"çı Avropaya gedib özünə "uyğun" adam axtarırsa, bunun siyasətə, "siyasi mühacir"liyə nə dəxli var? "Azadlığ"ın, AXCP-nin isə bunu "siyasi"ləşdirməsini anlayırıq, lakin hər şeyin bir həddi var!
Samir