PDF Oxu

Müxalifət

  • 4 747

Müxalifət ifşa olunur

image

"Bütün bunlara əsaslanaraq demək olar ki, müxalifət məhvə məhkumdur"

Məlum olduğu kimi, son vaxtlar dağıdıcı müxalif qüvvələrin fəallaşdığı və müxtəlif təşəbbüslər və ideyalarla çıxış etdiyi müşahidə olunur. Maraqlıdır ki, bu cür fəallıq bütün hallarda dövlətə və milli maraqlara qarşı yönəlmiş təşəbbüslərdir. Söz yox ki, bu kimi pozucu fəaliyyətin arxasında xarici anti-Azərbaycan qüvvələrin təsiredici təhriki dayanır. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında uzun illər müxalifət partiyalarında islahatlar aparılmadığından, ciddi problemlər yarandığını söylədi: "Eyni şəxslər bu partiyalar yaranan gündən sədrlik kreslosunda otursalar da, ortaya doğru-düzgün bir fəaliyyət qoya bilməyiblər. Onların işləri-peşələri Azərbaycanda iqtidarın fəaliyyətinə ləkə yaxmaqdan ibarət olub".

Müxalifətin dağıdıcı qanadının fəallaşmasına toxunan T.Novruzov bunun səbəbini xarici qüvvələrin təsiri ilə əlaqələndirdi: "Dağıdıcı müxalifət qüvvələrinin xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında qanun"un tələblərinə ziddir. Ümumilikdə isə, ölkədə fəaliyyət göstərən partiyaların xarici qüvvələr tərəfindən maliyyələşməsi heç də yaxşı bir hal deyil. Çünki bu partiyaları maliyyələşdirən həmin xarici qüvvələr Azərbaycanın inkişaf etməsini istəməyən və hər zaman ölkəmizə qarşı qısqanclıq hissi ilə yanaşan qüvvələrdir. Bir sözlə, heç kəs pulu başqalarına elə-belə vermir. Yəni xarici qüvvələr bu partiyalara maliyyə yardımlarını edəndə, müəyyən şərtlər daxilində verirlər. Bu baxımdan, biz partiya rəhbərləri tərəfindən bəzi partiyaların xaricdən maliyyələşməsinin əleyhinəyik".

T.Novruzov onu da qeyd etdi ki, xalq yaxşını pisdən ayırmağı bacarır: "Müxalifətin keçirdiyi aksiyalara tərəfdaşları və müxalifət düşərgəsini təmsil edən şəxslər belə qatılmırlar. Bu da, bir daha müxalifətin heç bir siyasi gücə malik olmamasını sübut edir. Ümumiyyətlə, bu gün açıq şəkildə demək olar ki, müxalifət düşərgəsini təmsil edən partiyaların özündə parçalanmalar baş verir. Belə olan halda da, müxalifətin içində hər hansı bir birlikdən söhbət gedə bilməz. Yəni müxalifətin bu cür vəziyyətdə aksiyalar keçirməklə uğur qazanması qeyri-mümkündür. Bu dəfə də müxalifət istəyinə nail ola bilməyəcək. Bu, müxalifətin növbəti dəfə uğursuzluğu olacaq".

T.Novruzov bildirdi ki, bu günkü reallıq ondan ibarətdir ki, müxalifət partiyaları ölkədə gedən ictimai siyasi proseslərdən tamamilə təcrid olunublar: "Bu da onların cəmiyyət tərəfində qəbul edilməmələri və sosial bazadan məhrum olunmaları ilə bağlıdır. Bütün bunlara əsaslanaraq, demək olar ki, müxalifət məhvə məhkumdur".

GÜLYANƏ

Digər xəbərlər