"Əli Kərimlinin uğursuz layihəsi müxalifəti birləşməyə qoymur"
Əli Kərimlinin sədrlik etdiyi Xalq Cəbhəsi partiyasına alternativ şəkildə fəaliyyət göstərən AXCP sədri Razi Nurullayev vaxtilə sədr müavini olduğu siyasi təşkilatın "liderinə" qarşı ittihamlarını davam etdirməkdədir. Belə ki, Nurullayev burada əsas olaraq, Ə.Kərimlinin sədrlik etdiyi siyasi təşkilatın, eləcə də "Milli Şura"nın düşərgədə olduğu müddətdə müxalifətin hər hansı birliyinin alınmayacağını deyib. "Milli Şura" və "Yurd" təşkilatı demokratik düşərgənin birləşməsinin önünü kəsən əsas maneələrdən biridir"-deyə qeyd edən R.Nurullayev əlavə edib ki, artıq "Milli Şura" uğursuz modelə çevrilib: "2013-cü ildə keçirilmiş prezident seçkiləri üçün yaradılmış bu qurum cəmiyyətin gözləntilərini doğrultmadı. Düzdür, birlik seçkilərə vahid namizədlə qatılmışdı, lakin "Yurd" sədri Ə.Kərimli və tərəfdarlarının, elə keçmiş müavini Cəmil Həsənlinin format daxilindəki separatçılığı nəticələr elan olunmamış müxalifətin növbəti məğlubiyyətini rəsmiləşdirdi. Ə.Kərimli kənardan aldığı tapşırıqlar üzərindən qurduğu planın uğurla başa çatdırılmasına nail oldu".
Əli Kərimli Fuad Qəhrəmanlını Nardaran hadisələrində öz maraqları naminə "xərcləyib"
Əslində, R.Nurullayevin fikirlərində bir sıra həqiqətlərin olması şübhəsizdir. Daha dəqiq desək, Ə.Kərimli müxtəlif qaranlıq mənbələrdən aldığı sifarişlər nəticəsində, müxalifətin birliyinin əngəllənməsinə çalışaraq bu xüsusda öz yerini möhkəmləndirməyə nail olub. Çünki o da bəllidir ki, "Milli Şura"da "Yurd" üzvlərindən başqa heç bir siyasi partiya, yaxud ictimai əsaslı təşkilat təmsil olunmur.
Alternativ AXCP-nin sədri bununla bağlı, hesab edir ki, məhdud çərçivədə fəaliyyət göstərən və işini ölkəyə qarşı belə "düşmənimin düşməni mənim dostumdur" prinsipi üzərində quran "Milli Şura" bu gün Ə.Kərimlinin maraqlarını müdafiə edən məsələləri ictimailəşdirmək və gündəmə gətirməklə məşğuldur: "Bu, Nardaran hadisələrində həbs olunmuş radikallara münasibətdə özünü daha real tərəfdən göstərir...Radikallar Nardaranda təxribata əl atdığı ilk gündən Ə.Kərimli onların müdafiəsini həyata keçirməyə başladı. Hətta müavini Fuad Qəhrəmanlını buna görə "xərclədi".
AXCP sədri əldə etdiyi böyük hissəsini mənimsəməklə həbs olunanların ailələrinə bundan "yetim payı" verdi
R.Nurullayev hesab edir ki, əslində, "Milli Şura"nın və "Yurd"un Nardaran radikallarını müdafiə etməsi təsadüf deyil. Çünki Kərimlinin də bundan xəbəri vardı. Elə buna görə də, onların həbs olunması "Yurd" sədri üçün göydəndüşmə oldu. Çünki həbs olunanların ailələrinə "yardım" məqsədiylə müxtəlif qaranlıq siyasi dairələrdən pul qoparmaq mümkün olacaqdı və AXCP sədri əldə etdiyi böyük hissəsini mənimsəməklə həbs olunanların ailələrinə bundan "yetim payı" verdi.
R.Nurullayev ortada Ə.Kərimlinin olduğu müddətcə onun siyasi təşkilatının gah bu, gah da digər xarici təşkilatlara işləyəcəyini, bunun üçün istənilən mənbədən pul qoparacağını iddia edir: "Yəni "Milli Şura"nın bu gün siyasət, müxalifət adına gördüyü iş yoxdur. Ə.Kərimlinin də niyyəti budur ki, seçkilərə qədər müxalifət partiyalarını yenidən bu formata cəlb edib, siyasi düşərgəni öz uğursuzluğunun arxasınca çəkib, hər seçkilərdən qarant aldığı hakimiyyətin marafondakı yolunu açsın, qarşısındakı maneələri aradan qaldırsın. Lakin siyasi partiyaların buna gedəcəyi inandırıcı deyil. Çünki Ə.Kərimli yenidən o partiyalara üz tutmağa niyyətlənib ki, vaxtilə həmin qurumlar "Milli Şura"dan ona görə imtina ediblər".
Xarici güclərə söykənən istənilən layihənin uğursuzluğa düçar olacağı əvvəldən gözlənilən idi
Alternativ AXCP-nin sədrinin fikirlərindən, həm də belə bir nəticə hasil etmək mümkündür ki, nə Ə.Kərimlinin Xalq Cəbhəsi, nə "Milli Şura" xalq və müxalifət üçün can yandıran deyil. SİTAT: "2013-cü ildən keçən 4 il "Milli Şura"nın Ə. Kərimlinin uğursuz layihəsi olduğunu ortaya qoydu. Şura tərəfindən təşkilat mərhələsində cəmiyyətə verilən vədlərin heç birinə əməl olunmadı. Nə cəmiyyət, nə də müxalifət verilən quru vədlərdən başqa əməli fəaliyyət görmədi. Əlbəttə, xarici güclərə söykənən istənilən layihənin uğursuzluğa düçar olacağı əvvəldən gözlənilən idi".
Beləliklə, bir daha aydın olur ki, əslində, Ə.Kərimli təmsil olunduğu düşərgədə mövqeyini qoruyub-saxlamaqdan ötrü hər hansı öz cəhətini dəyişə, satıla və ardıcıl xəyanətlər törədə bilər. Bu səbəbdən, Nurullayev düşərgədəki digər siyasi partiyaları Ə.Kərimliyə qarşı birləşməyə, onu çıxdaş etmək üçün əməli fəaliyyətə keçməyə səsləyir.
RÖVŞƏN RƏSULOV