KÖŞƏ YAZISI
Müxalifət partiyaları daxilində baş verən çəkişmələr bütün zamanlarda kütləvi qopmaların baş verməsinə gətirib çıxarıb.
Artıq belə qənaətə gəlmək olar ki, AXCP-nin ardınca Müsavat partiyası da parçalanma dövrünü başa vurub və məhvolma mərhələsinə adlayıb. Yaxın vaxtlarda bu partiyanın, sıradan çıxacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, AXCP və Müsavatın tarixin arxivinə atılmaları hər zaman real görünüb. "Milli Şura" deyilən qurum özünü bir növ reklam etmək üçün vaxtaşırı olaraq aksiyalar keçirtməyə cəhdlər göstərir. Amma dəfələrlə sübuta yetirilib ki, cılız, ucuz, rüsvayçı nəticələrlə başa çatan aksiyalar onlara düşdükləri böhranlı vəziyyətdən çıxış yolu sayıla bilməz. Əksinə, gözdən düşmüş "Milli Şura" daha da gözdən düşəcək və bu amil də özünü sübuta yetirib.
Müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil. Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz. Beləliklə, bugünkü müxalifətin çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi məhz liderciklərin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır.
Bu zaman belə bir sual yaranır: müxalifətin varlığının, yoxluğunun cəmiyyətə nə təsiri ola bilər? Bu sualın da cavabı bəllidir. Məsələn, demək olar ki, bu gün müxalifət partiyalarının mövcudluğu cəmiyyət üçün heç bir isti-soyuqluğu yoxdur. Belə olan məqamda cavab budur ki, hazırda müxalifətin sonu yaşanır və siyasi arenada yeni müxalifət partiyalarının yaranması labüdləşir. Bu partiyalar ənənəvilərdən fərqli olaraq sivil, dövlətə, xalqa xəyanət etməyən siyasi təşkilatlar olacaq.
Lakin ənənəvi, yaxud da radikal müxalifətin tarixdən silinməmək üçün hələ də müəyyən şansları var. Bu baxımdan, yaxış olardı ki, "liderlər" papaqlarını qarşılarına qoyub düşünsünlər ki, bu cür çıxılmaz vəziyyətdən necə çıxacaqlar?! Yəni biri-birini qırmağı, qarşıdurmalara getməyi, ayaqlarından çəkməyi deyil, düşərgəni düşdüyü çətin vəziyyətdən cıxarmaq yoları haqqında düşünməlidirlər. Əks-təqdirdə, mövcudluqlarını tamamilə itirməli olacaqlar.
AXCP və Müsavat arasında olan dava-dalaş müxalifəti tamamilə iflıc bir vəziyyətə salıb. Təbii ki, müxalifət daxilində bu iki partiyanın birinin digərini qəbul etməməsinin tarixi səbəbləri də var. İndiyə qədər də adıçəkilən partiyalar arasında mübarizə davam etməkdədir.
Müxalif partiya rəhbərləri məntiqsiz formada düşünürlər ki, əgər biri digərini siyasi səhnədən sıxışdırıb çıxararsa, mübarizə yolunda uğur qazana bilərlər. Yəni iddialı liderlərin hər biri birinci partiya, aparıcı lider xülyasındadırlar. Məhz müxalifət partiya rəhbərlərinin arasında gedən dava-dalaş bunun üzərində qurulub. Göründüyü kimi, belə dava-dalaşlarla uzağa getmək olmaz. Bu, əməli şəkildə özünü sübuta yetirib.
RƏFİQƏ