Rəfail Becanov: "Rüstəm İbrahimbəyovla qurulan oyun Cəmil Həsənliylə davam edildi və nəticəsi də göz önündədir"
Vaxtilə Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin fəal üzvlərindən biri kimi partiyanın informasiya mərkəzinin əməkdaşı olmuş, eləcə də, bu təşkilatın iki mətbuat orqanından birinə - "Elçi" qəzetinə redaktorluq etmiş Rəfail Becanov növbəti dəfə qarşı tərəfə ağır ittihamlar irəli sürüb. Hazırda Razi Nurullayevin rəhbərlik etdiyi alternativ AXCP-də səlahiyyətli vəzifə tutan Becanov qeyd edib ki, müxalifət ayrı-ayrı dərnəklər səviyyəsindən yuxarı qalxa bilmir və bu amilin arxasında dayanan əsas mane olan tərəf Ə.Kərimlinin şeflik etdiyi "Yurd" təşkilatı və "Milli Şura"dır. Onun fikrincə, hazırda "Milli Şura"nın sədri vəzifəsini formal olaraq Cəmil Həsənli daşısa da, onun ipi, məhz Ə.Kərimlinin əlindədir. Bu baxımdan, müxalifət "Milli Şura" deyilən bir qurumun, onun şantaj və hədəsinin qurbanına çevrilib. SİTAT: "İllərlə xalqın gözündə itən inam və etibarı qazanmağın münbit zamanını da bu qorxuya qurban verirlər. Bəs kimdir bu milli deyilən şuradakılar? Real gücü və imkanı tükənmiş, yorulmuş və əldən düşmüş zümrənin bircə ümid yeri sosial şəbəkədəki söyüş, şantaj və böhtandır. "Milli Şura" da bu "isti silah"ının hesabına gah sağ, gah sol, gah mərkəzçi qüvvəyə çevrilir".
"Milli Şura" deyilən anti-milli "şura" elə yarananda, bu dövlətin varlığını laxlatmaq üçün yaranmışdı, indi də o missiyadadır"
R.Becanov "Milli Şura"nın yaranması tarixini xatırladaraq bildirib ki, xarici qüvvələrin, xüsusilə, Rusiyanın qaranlıq siyasi dairələrinin dəstəyi ilə təsis olunmuş bu qurumun əsas məqsədi Azərbaycanın dövlətçilik maraqlarını sarsıtmaqdan ibarət olub: "Dövlətin mövcudluğunu qoruyub-saxlamaq, qanuna, sərəncama hörmət edən, onu yerinə yetirən hökumətin, hakimiyyətin formalaşması üçün real və güclü, kənar təsirlərdən asılı olmayan müxalifətin olması dövlətin varlıq fəlsəfəsidir. Amma "Milli Şura" deyilən anti-milli şura elə yarananda, bu dövlətin varlığını laxlatmaq üçün yaranmışdı, indi də o missiyadadır. Ona görə də, strateji baxışları üst-üstə düşdü-düşmədi, kimi gəldi, necə gəldi müdafiə edirlər".
"Əli Kərimli Cəmil Həsənlinin dirijorudur"
"Milli deyildiyi bu şura indi bir dirijorun çubuğundan asılı orkestrin xor kapellasına bənzəyir"-deyə bildirən Becanovun fikrincə, Ə.Kərimli həmin dirijorun özüdür: "Yanındakı 10-15 nəfərin adını ora transfer edib və xoru gərəyi olanda, çubuqla oxudur, gərəyi olmayanda, aylarla çubuğunu tərpətmir. Xor kapellası da məhzun-məhzun durub o çubuğu gözləyir. Bu düşüncədəki "Milli Şura" xalqın şurası ola bilərmi? Təbii ki, yox! 1998-ci ildə "SİDSUH", "Demokratik Konqres", "Milli Müqavimət Hərəkatı" və digər qurumlarla bu qurumu müqayisə etmək mümkündürmü? Həmin qurumların gücünün mində birinə malikdirmi "Milli Şura" deyilən bu qurum? Bəs niyə malik deyil? Çünki mayası xalq üçün qoyulmamışdı. Hansısa dövlətin iradəsini, kimlərinsə şəxsi qazancını ifadə etmək üçün yaradılmışdı".
Alternativ AXCP funksioneri bildirib ki, 2013-cü ildə qurulan oyunları, kənardan gələn sifarişləri kimsə unutmayıb. Belə ki, Azərbaycan siyasətinə aiddiyyəti olmayan Rüstəm İbrahimbəyovla qurulan oyun C.Həsənliylə davam etdrildi və nəticəsi də göz önündədir.
""İctimai Palata"nın koordinasiya şurası yaradılarkən, Əli Kərimlinin və onun "yurdçu"larının bütün işi-gücü, siyasəti o idi ki, o, İsa Qəmbərdən daha çox səs toplasın, özünün İsa Qəmbərdən öndə olduğunu sübut eləsin"
Alternativ cəbhəçinin fikrincə, onun (Ə.Kərimlinin) iştirakı ilə qurulan istənilən birlik bir neçə günlükdür desək, səhv etmərik: "Burada bir faktı xatırlatmaq yerinə düşər. "İctimai Palata"nın koordinasiya şurasına yeni üzvlər seçilirdi. Ortada elə bir oyun qurulmuşdu, hadisələrdən uzaq adam elə bilərdi ki, ya ABŞ-da prezident, ya da Birləşmiş Millətlər Təşkilatına Baş katib seçkisinə hazırlıqdır. Ən çirkin oyunları bir qurum ətrafında cəm etmişdilər. Ə.Kərimlinin və onun "yurdçu"larının bütün işi-gücü, siyasəti o idi ki, Ə.Kərimli İsa Qəmbərdən daha çox səs toplasın, İ.Qəmbərdən öndə olduğunu sübut eləsin. Amma bir soruşan yox idi ki, əcaba, nəyinizə lazımdır bu görüntü? Kimə nə sübut etmək istəyirsiniz, kimə özünüzü göstərirsiniz?.. Bu dağıdıcılığın nəticəsində də, "İctimai Palata", yəni Ə.Kərimlinin içində yer aldığı daha bir qurum onun siyasi ambisiyasının növbəti qurbanlarından oldu. Yenidən o, hansısa birlikdə olacaqsa, yenə də hər kəs eyni tale, eyni siyasətin şahidi olacaq".
"Əli Kərimli Elçibəyi siyasət meydanından çıxarmaq, onun nüfuzunu aşağı salmaq üçün muzdlu jurnalistlərinə nələr yazdırmadı?"
R.Becanov AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyə qarşı Ə.Kərimli tərəfindən aparılan çirkin kampaniyaları da xatırladıb. "Elçibəyə qarşı bütün çirkin oyunları qurub həm rejissoru, həm də usta oyunçusu olan Əli Kərimli və tərəfdarlarının nə zamansa əxlaqlı siyasət aparacağını gözləmək sadəlövhlükdür"-deyə qeyd edən Becanov sual edib ki, Elçibəyi siyasət meydanından çıxarmaq, onun nüfuzunu aşağı salmaq üçün muzdlu jurnalistlərinə nələr yazdırmadı? Onu siyasətdə var edən bir liderə qarşı bütün pisliklərə baş vuranlardan bundan artıq nəsə gözləmək mümkün deyil: "Ona görə də bu adamların ən uğurlu proyekti məhz xalqın yox, onun şəxsi mənfəətlərinin əsiri olan "Milli Şura" ola bilərdi. Bir az düşünmək zamanıdır".
Beləliklə, bu fikirlərdən, bir daha aydın olur ki, artıq düşərgədə Ə.Kərilmiyə qarşı ciddi kampaniya başladılıb. Çünki ötən həftə R.Nurullayev düşərgədəki digər partiyaları Ə.Kərimlini boykot etmək çağırışı etmişdi. Görünür, bu dəfə məsələ daha ciddidir və AXCP-"Milli Şura" cütlüyü düşərgədəki digər müxalifətçi təşkilatlar tərəfindən sarsıdıcı hücumlara məruz qalmaq ərəfəsindədir. Hər halda, zaman da bunu göstərəcək...
Rövşən NURƏDDİNOĞLU