"Cumhuriyyət" qəzetinin baş redaktoru Rəfael Becanov AXCP sədri Əli Kərimli haqqında məqalə ilə çıxış edərək, onun haqqında ittihamlar səsləndirib. Bir məsələni öncədən qeyd etməyi vacib bilirik ki, R.Becanov hazırda alternativ AXCP-nin (yəni Razi Nurullayevin sədr olduğu) üzvüdür. R.Becanov "Milli Şura"nı anti-Azərbaycan fəaliyyətli, xarici dövlətlərin maraqlarına işləyən qurum kimi təqdim edərək bildirir ki, "Milli Şura" deyilən anti-milli şura elə yarananda, bu dövlətin varlığını laxlatmaq üçün yaranmışdı, indi də o missiyadadır: "Ona görə də strateji baxışları üst-üstə düşdü-düşmədi, kimi gəldi, necə gəldi müdafiə edirlər. Radikal dindarı da, ölkədə hansısa dövlətin maraqlarını həyata keçirəni də və təbii ki, əgər buna müdafiə demək olarsa... Sadəcə, radikallığının dozası bir az daha artıq edilən cümlələr, bir neçə facebook bəyanatı, saxta profillər hesabına qazanılan bir neçə bəyənmə...".
Milli deyildiyi bu "şura" indi BİR DİRİJORUN ÇUBUĞUNDAN ASILI ORKESTRİN XOR KAPELLASINA bənzədiyini bildirən R.Becanov qeyd edir ki, Ə.Kərimli isə həmin dirijordur: "Yanındakı 10-15 nəfərin adını ora transfer edib və XORU gərəyi olanda, çubuqla oxudur, gərəyi olmayanda, aylarla çubuğunu tərpətmir. Xor kapellası da məhzun-məhzun durub, o çubuğu gözləyir. Bu düşüncədəki "Milli Şura" xalqın şurası ola bilərmi? Təbii ki, yox! "Milli Şura" deyilən bu qurum niyə heç bir gücə sahib deyil? Çünki mayası xalq üçün qoyulmamışdı. Hansısa dövlətin iradəsini, kimlərinsə şəxsi qazancını ifadə etmək üçün yaradılmışdı. 2013-cü ildə qurulan oyunları, kənardan gələn sifarişləri kimsə unutmayıb. Müxalifətin birliyi vacibdir, ancaq bu birlik Ə.Kərimlisiz, "Milli Şura"sız olmalıdır ki, xalqa xeyirli olsun. Onun iştirakı ilə qurulan istənilən birlik bir neçə günlükdür desək, səhv etmərik. Burada bir faktı xatırlatmaq yerinə düşər. "İctimai Palata"nın koordinasiya şurasına yeni üzvlər seçilirdi. Ortada elə bir oyun qurulmuşdu, hadisələrdən uzaq adam elə bilərdi ki, ya ABŞ-da prezident, ya da Birləşmiş Millətlər Təşkilatına baş katib seçkisinə hazırlıqdır. Ən çirkin oyunları bir qurum ətrafında cəm etmişdilər. Ə.Kərimlinin və onun "yurdçu"larının bütün işi-gücü, siyasəti o idi ki, İsa Qəmbər daha az səs yığsın. O, İ.Qəmbərdən öndə olduğunu sübut eləməyə çalışırdı. Amma bir soruşan yox idi ki, əcaba, nəyinizə lazımdır bu görüntü? Kimə nə sübut etmək istəyirsiniz, kimə özünüzü göstərirsiniz? Bu dağıdıcılığın nəticəsində də, "İctimai Palata", yəni Ə.Kərimlinin içində yer aldığı daha bir qurum onun siyasi ambisiyasının növbəti qurbanlarından oldu. Yenidən o, hansısa birlikdə olacaqsa, yenə də hər kəs eyni tale, eyni siyasətin şahidi olacaq. Elçibəyə qarşı bütün çirkin oyunları quran Ə. Kərimli və tərəfdarlarının nə zamansa əxlaqlı siyasət aparacağını gözləmək sadəlövhlükdür. Elçibəyi siyasət meydanından çıxarmaq, onun nüfuzunu aşağı salmaq üçün muzdlu jurnalistlərinə nələr yazdırmadı!?"
Samir