Zamanın müxalifətin əleyhinə işlədiyi müşahidə olunur. Çünki partiyalar daxilində hökm sürən qarşıdurmalar və bunun fonunda düşərgədə hökm sürən çəkişmələr partiyaların dağılacağından xəbər verir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında yaxın vaxtlarda müxalifət partiyalarından yeni qopmaların baş verəcəyini bildirdi: "Müxalifət düşərgəsində təmsil olunan partiyaların dağılmalarının başlıca səbəbi bir-birinə qarşı olan düşmən münasibətdir. Düşmən münasibətinin nəticəsidir ki, partiyalar çıxılmaz bir vəziyyətə düşərək, parçalanma ilə üzləşiblər. Qopmaların bir səbəbi də partiya sədrlərinin düşünülməmiş səhv siyasət aparmalarıdır".
T.Novruzov onu da bildirdi ki, müxalifətdaxili qarşılıqlı ittihamlar partiya sədrlərinin sivil mübarizə aparmaq imkanında olmadığının göstəricisi sayıla bilər: "Bu cür hallar onların sivil mübarizə aparmaq imkanında olmadıqlarının göstəricisidir. Müxalifət partiyalarına rəhbərlik edən şəxslər partiyalarını öz şəxsi maraqları ətrafında formalaşdırıblar. Uzun illər ərzində müxalifət təmsilçiləri siyasi arenada heç nəyə qadir olmadıqlarını sübut ediblər. Əgər onlar öz tərəfdaşlarının çox ciddi təzyiqləri və üsyanı ilə üzləşmək istəmirlərsə, üzüsulu istefa verərək, siyasi arenadan getməlidirlər. Bu da onların siyasi mədəniyyətə doğru atıla biləcək qəti addımları olardı. Çünki uzun illərdi ki, müxalifət partiya rəhbərləri irəliyə doğru heç bir addım atmayıblar. Bundan sonra da heç nəyə nail ola bilməyəcəklər".
T.Novruzov onu da bildirdi ki, müxalif blok və qurumların dağılmasının başlıca səbəbi liderlərin müstəqil olmasıdır: "Müxalifət liderlərinin biri-birinə qarşı olan düşmənçilik münasibləri onlar tərəfdən yaradılan blok və qurumların dağılmasını şərtləndirən əsas amillərdən biridir. İddialar müxalifət partiyaların birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Birmənalı şəkildə demək olar ki, müxalifətin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Bir sözlə, hər zaman müxalifət məğlubiyyətə düçar olub və olacaq da".
T.Novruzovun sözlərinə görə, müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil: "Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, onda da həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz. Bugünkü müxalifətin bu cür çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi, məhz müxalifətin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır. Artıq demək olar ki, müxalifətin sonu yaxınlaşmaqdadır. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, müxalifəti bu cür çıxılmaz vəziyyətdən necə çıxaracaqlar. Yəni biri-birini qırmağı yox müxalifətin yeniləşməsinə çalışmalıdırlar. Əks-təqdirdə, müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".
GÜLYANƏ