"Gülünc sözlər danışırsınız, qoyun yerə belə mənasız şeyləri"
Məlum olduğu kimi, Müsavat başqanı A.Hacılının və "Milli- Strateji Düşüncə Mərkəzi"nin sədri İ.Qəmbərin 2017-ci ildə hakimiyyətə gələcəkləri ilə bağlı anormal fikirlər səsləndirib, 2017-ci ilin "Müsavat ili" kimi tarixə düşəcəyini bildiriblər. Heç şübhəsiz ki, həm A.Hacılının, həm də İ.Qəmbərin populizmdən doğan bu tip fikirləri Müsavatdaxili auditoriyaya hesablanıb. Sırf müsavatçıları aldatmaq üçün növbəti dəfə səsləndirilən yersiz və məntiqsiz söz yığınından başqa bir şey deyildir. Yadınızdadırsa, hələ 2003-cü ildə İ.Qəmbər "mən artıq prezidentəm, gedin vəzifəyə hazırlaşın" deməklə, Müsavatda dərin bir böhran yaratmışdı. Çünki onun pafoslu, qeyri-real çağırışlarına aldanan müsavatçılar, həqiqətən də, "vəzifə"yə hazırlaşırdılar, ancaq üstündən bir neçə gün sonra İ.Qəmbərin seçkidə ağır məğlubiyyəti əsl gerçəkliyi ortaya çıxardı. Əslində, normal, ağlı başında olan, təcrübəli siyasətçi insanların üzünə baxmağa utanardı, küçəyə çıxmazdı, nəinki yenidən illərlə Müsavata rəhbərlik edərdi. İ.Qəmbərin yersiz çağırışlarının hər zaman şahidi olmuşuq. 2008, 2010, 2013, 2015-ci illərdə keçirilən seçkilərdə cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş anti-milli çağırışları ilə bir müddət gündəmdə qalmağa cəhd edən İ.Qəmbər, artıq bu gün heç kimi aldada bilmir. Təsadüfi deyil ki, son vaxtlarda müsavatçılar kütləvi şəkildə partiyadan istefa verdilər, hətta "Yeni Müsavat" qəzetinin əməkdaşları belə partiyanı tərk edərək, Müsavat rəhbərliyinin yarıtmaz addımlarına öz etirazlarını bildirdilər.
Bəs İ.Qəmbər, A.Hacılı bu gün yenidən hansı əsasla və nəyə arxayın olaraq 2017-ci ildə hakimiyyətə gələcəkləri ilə bağlı gülünc fikirlər səsləndirirlər? Müsavat başqanının sabiq müavini, politoloq Qabil Hüseynli Müsavat funksionerlərinin bu il hakimiyyətə gələcəkləri ilə bağlı iddialarına münasibət bildirərkən deyib ki, Müsavat funksionerləri xam xəyallarla yaşayırlar: "Müsavat partiyasının hakimiyyətə gəlmək üçün nə sosial bazası, nə kütləvi tərəfdarları, nə də iqtidarı idarə etmək üçün kadrları var. Adama sual verərlər ki, Azərbaycanda hakimiyyəti dəyişmək üçün situasiya var? Birincisi, seçki ili deyil, ikincisi xalq ölkə rəhbərinin ətrafında ciddi birləşib. Belə olduqda, Müsavat rəhbərliyi necə və hansı yollarla hakimiyyətə gələcək!? Vallah, gülünc sözlərdir. Adam buna şərh vermək istəmir. Mən buradan Müsavat rəhbərinə səslənirəm: bəsdir, qoyun yerə belə mənasız şeyləri".
Samir