Diplomatik uğuru dəstəkləyənlər bu uğura kölgə salanları qınayır
Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasının ardınca, ölkənin müxtəlif ictimai-siyasi dairələri bu məsələnin Azərbaycan hakimiyyətinin işğalçı Ermənistan və separatçı "DQR" qarşısında diplomatik qələbəsi kimi qiymətləndirdilər. Ancaq dağıdıcı müxalifət sosial şəbəkələrdə əldə edilən bu uğura kölgə salmaqdan ötrü sözügedən məsələ ilə bağlı qeyri-ciddi statuslar paylaşır, bununla, bir daha ermənipərəst mövqe sərgiləyirlər.
Lakin bu kimi xəyanətkar və ümummilli məsələlərə barmaqarası baxan dağıdıcı müxalifətə düşərgədə təmsil olunan digər müxalifət partiya sədrləri tərəfindən qınaqlar ünvanlanıb və dövlət başçısının qətiyyətli addımına dəstək verilib.
KXCP sədri Mirmahmud Mirəlioğlu: "Bu, bir başlanğıcdır və uğurlu başlanğıcdır"
Məsələn, bununla bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu mətbuata açıqlamasında bildirib ki, şəxsən bir müxalifətçi partiya sədri kimi iqtidarın əldə etdiyi uğurlara dəstək verir.
"Bu, Azərbaycanda ilk belə hadisədir. Bu işdə kimin əməyi varsa, hər kəsə təşəkkür düşür, çox təqdirəlayiq haldır. Çox mühüm məsələdir, tərəfimdən təqdir edilir"-deyə qeyd edən Mirəlioğlunun fikrincə, barəsində danışdığı məsələ aktualdır və günün əsas mövzusudur: "Həm də beynəlxalq öhdəliklərin, qanunların yerinə yetirilməsi, dövlətlərarası münasibətlər məsələsidir. Əlbəttə, mühüm hadisədir".
KXCP sədri Lapşinin ekstradisiyasının həm də mühüm bir başlanğıc olduğunu qeyd edib: "Bu bir başlanğıcdır və uğurlu başlanğıcdır. Ardı olsa, çox gözəl olar. Azərbaycan türkünə dil uzadan, tarixi hadisələri yanlış qiymətləndirən, ayrı-seçkilik salan hər kəsə tətbiq edilməlidir..."
Dəstək verməyənlər erməni lobbisinin nökərləridir
Yeri gəlmişkən, ölkə ictimaiyyəti dəfələrlə dağıdıcı qrupların ümummilli məsələlərdə dövlət və xalaqla bir yerdə olmadığının şahidi olub. Müxalifətin normal düşüncəli adamları reallığa söykənərək, ümummilli uğurlarda dövlətin siyasətinə dəstək verib, qeyri-sağlam cinahı isə xəyanətkar xislətindən fərqlənməyib. Məhz bu baxımdan, Lapşinin ekstradisiyası məsələsi də düşərgə daxilində iki mövqeyə ayrılıb – dövlətin diplomatik qələbəsinə dəstək verənlərə və erməni lobbisinə işləyənlərə, yəni nökərçilik edənlərə.
Rövşən RƏSULOV