Azərbaycanın xarici diplomatiyada parlaq qələbəsi, xüsusilə də, işğalçı Ermənistanın əlaltısı rolunda çıxış edən blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunmasından sonra müxalifət liderləri qısqanclıq zəmində hay-küy qaldırır, bu uğurun üzərinə kölgə salmağa cəhdlər göstərirlər. Hətta pozuculuq fəaliyyətlərində onlara təsiri altında saxladıqları "Meydan" TV, "Azadlıq". info və digər bu kimi mətbu orqanlar və internet TV-lər də dəstək verirlər. Sual yaranır: Azərbaycan dövlətinə qarşı bu düşmənçilik nədən irəli gəlir? Söhbət etdiyimiz müsahiblərimiz dağıdıcı müxalifətin və onların təsiri altında olan mətbu orqanların hay-küylərinin arxasında xarici maraqlı qüvvələrin göstərişlərinin dayandığını bildirdilər.
"Təkamül" partiyasının sədri Teyyub Qənioğlu:
- Dəfələrlə işğal altında olan Azərbaycan ərazilərinə səfər edən və separatçı Dağlıq Qarabağ rejiminin dövlət kimi tanınması istiqamətində geniş fəaliyyət siferası quran, üç ölkə vətəndaşı olan Aleksandr Lapşin Azərbaycana ekstradisiya edilməsi ilə, bir daha dünyaya sübut olundu ki, dövlət özünün prinsipial mövqeyini ortaya qoyaraq, istədiyinə nail olur. Bir sözlə, bu beynəlxalq hüququn qələbəsidir. Həqiqətən də, bu məsələ Azərbaycan tərəfinin diplomatik uğurudur. Burada söhbət təkcə A.Lapşinin Azərbaycana gətirilməsindən getmir, söhbət bir daha Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dünyaya bəyan etməkdən gedir. Bir daha dünyaya nümayiş etdirməkdən gedir ki, Dağlıq Qarabağ problemi Azərbaycanın daxili işidir və Azərbaycan, istədiyi halda, özünün konstitsiyon hüququndan, BMT-nin Nizamnaməsinə uğun olaraq, öz torpaqlarını azad edə bilər. Heç vaxt Azərbaycan öz suverenliyindən əl çəkməyəcək. Müxalifət düşərgəsini təmsil edən liderlərin mövqeyinə gəlincə isə, onu deyə bilərəm ki, təəssüflər olsun ki, bəzi müxalifət liderləri dövlətin, xalqın maraqlarını müdafiə etmirlər. Müəyyən sifarişlər əsasında müxalifət liderləri öz şəxsi mənafelərini dövlətin, millətin mənafelərindən üstün tuturlar. Bu da, çox pis haldır. Ümumiyyətlə, müxalifətdə olmasından asılı olmayaraq, hər bir vətəndaş terrorçu Ermənistan rejiminin əlaltısı rolunda çıxış edib, Azərbaycana qarşı separatçı fəaliyyət yolu tutan Aleksandr Lapşin kimi şəxsin Azərbaycana gətirilməsi ilə fəxr etməlidir.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Azərbaycan dövlətinin beynəlxalq siyasətlə bağlı hər hansı bir uğuru hər bir vətəndaş üçün çox əhəmiyyətli olmalıdır. Kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı işğal altında olan separatçı Dağlıq Qarabağ rejiminin dövlət kimi tanınması istiqamətində geniş fəaliyyət siferası quran Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə sevinməlidir. Təəssüflər olsun ki, A.Lapşinin Azərbaycana gətirilməsinə bir sıra müxalifət liderləri və onların təsiri altında olan KİV-lər öz maraqları prizmasında yanaşaraq, təxribat xarakterli fikirlər səsləndirirlər. Belə fəaliyyətin adı satqınlıqdır, xəyanətdir. Hər bir vətəndaş bilməlidir ki, A.Lapşinin timsalında bütün dünya artıq əmin oldu ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünü, suverenliyini diqqətə almayan, ona əhəmiyyət verməyən şəxsin taleyi də A.Lapşinin taleyi kimi olacaq. Əlbəttə, bu, böyük uğurdur. Əgər kimlərsə bunu uğur kimi qiymətləndirmirlərsə, bu, onların dövlətçilik mövqeyinin olmasından, vətənə sayğısızlığından irəli gəlir.
GÜLYANƏ