Azər Qasımlı: "Müxalifət heç bir zaman birgə proqram və ya platforma, birgə komanda ideyaları ilə birləşməyib"
Müxalifət düşərgəsində hökm sürən uzun illərin depressiyası, xaosu hər dəfə yeni məcrəya qədəm qoyur, məzmunca eyni, formaca fərqli situasiyalar yaradır. Xüsusilə də, özünü "ana müxalifət" adlandıran, məhz bu ad və şəxsi ambisiyalar uğrunda illərdir "döyüşən" AXCP və Müsavatın sıraları daha da tükəndikcə, müxalifət düşərgəsindəki xaos özünü bütün çılpaqlığı ilə büruzə verir. Seçkidən-seçkiyə "aktiv"ləşən müxalifətin 2017-ci ildən gözləntiləri, yersiz iddiaları daha çox özlərinə uğursuzluq gətirir, daxili çəkişmələri artırır, müxalifət rəhbərlərinin qarşılıqlı ittihamlarına səbəb olur. Çünki bu adamlar iqtidara ona görə gəlmək istəyirlər ki, xalqdan qisas alsınlar, şəxsi istək və arzularını reallaşdırsınlar. Məsələ bundadır ki, bu adamların hər biri eyni arzu-istəkdə olduğuna görə, böyük ehtimalla bu yolda da məhv olub gedəcəklər.
"REAL"-ın idarə heyətinin üzvü Azər Qasımlı müxalifətin bu vaxta kimi yaratdığı birliklərdən danışaraq bildirib ki, daha əvvəl yaranmış bloklar və birliklər uğur qazana bilməyib: "Uğursuzluğun əsas səbəbi müxalifətin hər zaman vahid namizəd və ya "ana müxalifət" məsələlərini önə çəkməsidir. Hər iki məsələdə müxalif təşkilatlar arasında, hətta blokların və birliklərin daxilində çəkişmələr və ciddi "rəqabət" yaranıb. Sanki təşkilatlar öz aralarında rəqabət aparmaq üçün ittifaqa daxil olublar. Müxalifət heç bir zaman birgə proqram və ya platforma, birgə komanda ideyaları ilə birləşməyib. Partiyalar bu iki məsələdə konsensusa gələ bilsəydi, digər məsələləri, o cümlədən, vahid namizəd məsələsini də həll edə bilərdi. Təəssüf ki, birliklər yarananda, bütün şərtlər, strateji və taktiki addımlar əvvəlcədən razılaşdırılmayıb, öhdəliklər əvvəlcədən rəsmiləşdirilməyib. Həm də müxalif partiyalar daim müxtəlif birliklərə özlərinə yaxın təşkilatların gəlməsi üçün yarışıblar. Nəticədə, heç bir nüfuzu olmayan şəxslər və ya təşkilatlar ittifaqlarda yer alıb". Əslində, "REAL" nümayəndəsi doğru olanı deyib, özünü "ana müxalifət" adlandıranların necə rəzil bir duruma düşdüklərini olduğu kimi təsvir edib. Bəli, intriqalar, şəxsi ambisiyalar, varlanmaq ehtirası, müxalifətdə "birinci" olmaq uğrunda "mübarizə" və s.
M.Mirəlioğlu: "Beş adamı bir yerə gətirə bilmirlər, ancaq böyük-böyük danışırlar"
Bəs "REAL" funksionerinin səsləndirdikləri haqlı ittihamlar haqqında nə düşünürlər? Keçmiş müsavatçı, hazırda heç bir üzvü və qeydiyyatı olmayan AXP sədri Pənah Hüseyn "REAL" nümayəndəsinin haqlı iradlarına fikir bildirməmək üçün məsələnin mahiyyətindən qaçaraq, dəxli olmayan siyasi proseslər haqqında fikir yürütməyə başladı. Bildirdi ki, müxalifət bir olanda, güclü olur. Başa düşürük, Pənah bəy! Amma bunun məsələyə heç bir aidiyyəti yoxdur, heç kimə "siyasi nəzəriyyə"dən dərs keçmək lazım deyil. İndiyə qədər heç bir irad qəbul etməyi bacarmayan, elə buna görə də, heç bir uğur qazanmayan KAXCP sədri Mirmahmud Mirəlioğlu əsəbləşərək, "REAL" funksionerinin fikirlərinə sərt şəkildə cavab verdi: "Azərbaycanda yeni fikir demək iddiasına düşənlər var. Partiya yaratmaq eşqinə düşüblər. Partiyaların adını daha güclü qoymaq istəyirlər. Gənclərimiz də düşünürlər ki, nəsə yeni bir şey deyirlər. Amma burada heç bir yenilik yoxdur, A.Qasımlının dediklərində də. Bu baxımdan, mövqe bildirməyə ehtiyac yoxdur. Şərtlərdən, 3-5 məsələnin olduğundan danışırlar. Beş adamı bir araya gətirə bilməyənlər böyük-böyük danışırlar. Onlar, əslində, Azərbaycanın probleminə çevrilirlər".
Samir