Emin Milli öz saytında beynəlxalq ictimaiyyəti qondarma erməni soyqırımını tanımaq çağırışları edir
Avroparlamentdə Azərbaycan əleyhinə keçirilmiş dinləmələrdən sonra həmin dinləmələrin erməni lobbisinin, eləcə də, erməni lobbisinə dəstək göstərən ermənipərəst deputatların çaldıqları havaları ilə oyunbazlıqlar edən Emin Milli və Xədicə İsmayıl kimi xəyanətkarlar zümrəsi ölkəmizin sağlam düşüncəli ictimai rəyi ilə yanaşı, Avropada fəaliyyət göstərən müxalifətyönlü ictimai fəalların da sərt ittihamları ilə qarş-qarşıya qalmaqdadırlar.
Xatırladaq ki, fevralın 6-da özünü Azərbaycan müxalifətinin fəalı kimi təqdim edən Emin Milli ölkə başçımızın Brüsselə səfəri zamanı Avropa Parlamentinin ermənipərəst deputatı, Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması istiqamətində aşkar fəaliyyət göstərən çexiyalı deputat Yaromir Ştetinanın dəstəyi ilə Azərbaycan əleyhinə planlaşdırılmış kampaniyada iştirak etməklə yanaşı, ölkə əleyhinə fikirlər əsasında məruzə ilə çıxış edib. O cümlədən, Xədicə İsmayıl da bu oyunbazlığa Bakıdan skayp vasitəsilə canlı olaraq bağlanıb.
Bu arada, "Meydan" TV-nin fəaliyyəti barədə söz açarkən, xüsusilə, xatırlatmaq lazımdır ki, adıçəkilən media qurumunun saytının ingilis dilli xəbərlər versiyasında qondarma erməni soyqırımının tanınması haqqında çağırış, hələ də qalmaqda davam edir.
E.Milli yalnız Yaromir Ştetina kimi Azərbaycan dövlətinə və xalqına düşmən kəsilənlərlə deyil, bu günün özündə digər ermənipərəst avrodeputat, Avropanın lesbiyanlar assosiasiyasının və Avroparlamentin vitse-prezidenti Ulrik Luçaneklə yaxın münasibətlərini saxlayaraq, anti-Azərbaycan istiqamətli fəaliyyətini davam etdirməkdədir. Belə şəxslərin isə Azərbaycan əleyhinə kampaniyalar təşkil etmələri normal müxalifətçilik mövqeyində olan tərəflərin də hiddətinə səbəb olmaqdadır.
Zamiq Məmmədli: ""İnsan haqlarının müdafiəsi"ni biznesə çeviriblər"
Bu günə qədər E.Millinin xəyanətlərini Çexiyaya mühacirət etmiş Mətanət Əzizova və digər şəxslər də ittiham edib. Həmin ittihamlar isə artıq davamlı şəkil almaqdadır. Bu dəfə "Meydan" TV rəhbərinin xəyanətkar və satqınçılıq fəaliyyəti Avropada mühacir həyatı yaşayan Zamiq Məmmədli tərəfindən "topa" tutulub. Məsələn, Z.Məmmədli bununla bağlı deyib ki, E.Milli heç də xaricdə Azərbaycanın milli maraqlarını qorumur, əksinə, düşmən dəyirmanına su tökməklə, bu maraqları ayaq altına atır.
Z.Məmmədli Azərbaycanda fəaliyyət göstərən tanınmış rusdilli saytların birinə verdiyi eksklüziv açıqlamasında deyib ki, artıq 12 ildir ki, Avropada yaşayır və hazırda Çexiya vətəndaşlığını daşımaqdadır. O, bu ölkədə siyasi şərhçi kimi fəaliyyət göstərir. Z.Məmmədli müxalifətyönlü fikirləri ilə daha çox tanınmaqdadır. O, Azərbaycanda Bakı Dövlət Universitetini ardınca isə Çeciyada Karlovski Universitetini bitirib, daha sonra isə Praqanın "Metropolitan" Universitetinin Beynəlxalq əlaqələr və Avropa araşdırmaçılığı ixtisası üzrə məzunu olub. Bu baxımdan, o deyib ki, E.Milli və ona dəstək göstərən bir sıra "insan haqları müdafiəçilərindən" fərqli olaraq, bu səhədə sağlam düşüncələrə malikdir.
Məmmədli təəssüflə qeyd edib ki, "insan haqlarının müdafiəsi" artıq siyasi biznes predmetinə çevrilib və bu hal yalnız Azərbaycanda deyil, dünyada da baş verməkdədir.
Yaromir Ştetina 1990-cı ildən başlayaraq, bütün karyerası boyunca separatçılara işləyib və Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması istiqamətində təbliğat işləri aparır
"Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir çox suallara aydınlıq gətirdi. Dövlət başçısı rəsmi görüşlərini keçirdiyi ərəfədə Avroparlamentin binasında "Azərbaycanda siyasi vəziyyət" adı altında tədbir keçirilib və mən orada iştirak edənlərin siyahısını gördükdə, şok keçirdim"-deyə Z.Məmmədli qeyd edib.
O bildirib ki, E.Milli öz feysbuk səhifəsində həmin görüşü fəxrlə ictimailəşdirib: "Onun sponsorları arasında Çexiyadan olan Avropa Parlamentinin deputatı Yaromir Ştetina da var idi. Halbuki bu adam (Ştetina-R.N.) 1990-cı ildən başlayaraq, bütün karyerası boyunca separatçılara işləyib və Dağlıq Qarabağın "müstəqilliyinin" tanınması istiqamətində təbliğat işləri aparır. Bu adam Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını aşkar şəkildə dəstəkləyir. O, birtrəfli qaydada, heç bir obyektivliyə əsaslanmadan Azərbaycanı ittiham edib və "DQR"-ə səfərlər etmək onun üçün adi bir işə çevrilib. Bəllidir ki, Allahın hər bir günündə Ştetina erməni lobbisi ilə sıx əməkdaşlıq edir".
"Və birdən Yaromir Ştetina "Azərbaycanda siyasi vəziyyət" müzakirələrinin aparılması üçün pul xərcləməyə başlayır? Mən özüm Aran Qarabağdanam, Zəngilanda doğumluyam. Bu mövzu mənim üçün hər zaman təsirli olub"-deyə Z.Məmmədli sözügedən məsələ ilə bağlı fikirlərini açıqlayarkən bildirib.
"Onların məqsədləri birdir - Dağlıq Qarabağ ermənilərinin yenidən Azərbaycanın tərkibinə qayıtmalarını əngəlləmək"
Bu zaman sual yaranır: nəyə görə ermənilər və onların lobbi təşkilatları, eləcə də bəzi ölkələr Azərbaycanda "insan haqları və demokratiya" uğrunda mübarizə aparırlar? Məmmədlinin sözlərinə görə, bu sualın cavabı bəsitdir: Avropa Parlamentində, BMT-də, AŞPA-da və başqa təşkilatlarda kulislər arxasında mübarizə gedir: "Ermənilər beynəlxalq ictimaiyyətə guya Azərbaycanda diktaturanın olması, insan haqlarının pozulması, ölkədə antierməni təbliğatının aparılması və s. fikirlərini zorla sırımağa çalışırlar. Onların məqsədləri birdir - Dağlıq Qarabağ ermənilərinin yenidən Azərbaycanın tərkibinə qayıtmalarını əngəlləmək.
Məgər qonşu ölkədə baş verənlərə baxmaq vaxtı deyilmi? Hansı ki, orada mitinq iştirakçılarına qarşı qeyri-insani davranışlar baş verib, parlament atəşə tutulub, xoşməramlı xarakterli nümayişçilərə qarşı atəş açılıb. Lakin bütün bunların yerinə, məhz Bakı hədəfə alınır. Ümumiyyətlə, Azərbaycana qarşı ikili standartlar tədbiq olunur".
"Mətnin müəllifi hansısa Renata Axundovadır ki, bu adda adam, ümumiyyətlə təbiətdə yoxdur... Mən əminəm ki, bu müraciətin mətnini elə E.Millinin özü yazıb"
"Digər əsas faktor enerji siyasəti ilə bağlıdır. Müasir dünyada bu faktor beynəlxalq norma və prinsiplərdən daha əhəmiyyətlidir. Buna misal kimi ABŞ-ın, Brtitaniyanın və başqa NATO ölkələrinin Yaxın Şərqdə və Şimali Afrikaya BMT-nin qətnamələri olmadan müdaxilə etmələri, Latın Amerikası ölkələrinə təzyiq göstərmələridir"-qeyd edən Z.Məmmədli bildirib ki, Azərbaycan kifayət qədər enerji resursları ehtiyatlarına malikdir: "Və hətta ölkəni Mahatma Qandi idarə etsəydi, yenə də "beynəlxalq ictimaiyyət" Azərbaycanı "insan haqlarını pozmaqda" ittiham edəcəkdi..."
Azərbaycanlı mühacir "Meydan" TV ilə bağlı daha bir əhəmiyyətli məqama toxunub. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bu qurumun ingilis dilli xəbərlər versiyasında qondarma erməni soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması ilə bağlı müraciət yayılıb. "Bundan əlavə, orada Azərbaycan əleyhinə ittihamlar yer alıb. Həmin mətnin müəllifi hansısa Renata Axundovadır ki, bu adda adam, ümumiyyətlə, təbiətdə yoxdur. Mən əminəm ki, bu müraciətin mətnini elə E.Millinin özü yazıb. Mənim sözüm E.Milliyə və Həbib Abdullayevədir (Həbib Müntəzir-R.N.), qoy onlar saytda qoyduqları resvayedici müraciətlərini yığışdırsınlar".
"Bu kimi teatrlaşdırılmış səhnə qondarma erməni soyqırımını tanımağ çağırışı edən "Meydan" TV-nin əsas məqsədini gizlətmir"
Avroparlamentlə bağlı daha bir maraqdoğurucu məqam bəlli olub: Avroparlamentin başabəla tədbirindən və həmin tədbirin sponsorlarının kimlər olduğu üzə çıxdıqdan sonra, E.Milli və X.İsmayıl tələsik şəkildə öz mətnlərinə düzəlişlər edərək, Qarabağ mövzusuna və erməni prezidenti Sarkisyana aid çıxışlar ediblər. "Lakin bu kimi teatrlaşdırılmış səhnə qondarma erməni soyqırımını tanımağa çağırış edən "Meydan" TV-nin əsas məqsədini gizlətmir. Məsələn, Emin Abdullayevin (Milli-R.N.) sponsorunun erməni lobbisinin Avropa Parlamentindəki nümayəndəsi Yaromir Ştetina olması faktı ortadadır"-deyə Z.Məmmədli bildirib.
Z.Məmmədli Avropaya mühacirət edən azərbaycanlılar barədə də fikir bildirərək, deyib ki, onlardan yalnız bəzilərinin Avropaya köçmək üçün səbəbləri olub: "Əksər mühacirlərin adlarının qabağına "siyasi" adını əlavə etmələri üçün sübutları yoxdur. Onların əksəriyyəti əmək mühacirləridir və onların siyasi sığınacaq almağa hüquqları yoxdur. Lakin Avropada insanlar var ki, onlar mühacirlərdən "siyasi mühacir" düzəldərək, bu istiqamətdə pul qazanırlar. Yeri gəlmişkən, bu kimi hallarda KİV-lər, o cümlədən, "Meydan" TV də rol almaqdadır".
"İdeyalı insanlar belə rüsvayçı əməkdaşlıqlara getmirlər. Çünki bu, həm də bir şərəf məsələsidir"
Bəlli olub ki, bunun üçün işlənilmiş mexanizm də hazırlanıb. Məsələn, kimlər ki, Almaniyada siyasi sığınacaq almaq istəyib və buna nail olmayıbsa, yaxud kimlər ki, yenidən Azərbaycana deportasiya olunmaq təhlükəsi ilə qarşı-qarşıya qalıblarsa, həmin adamları Azərbaycanın Almaniyadakı səfirliyi qarşısında keçirilən müxtəlif aksiyalara cəlb edirlər.
"Sonra həmin adamlar deyirlər ki, etiraz aksiyalarında iştirak ediblər və onların şəkilləri, videogörüntüləri çəkilib, kadrlar isə sosial şəbəkələrdə ictimailəşdirilib və polis guya onların Azərbaycandakı qohumlarına xəbərdarlıq edib ki, Vətənə geri qayıtdıqları halda, həbs olunacaqlar"-deyə xatırladan Z.Məmmədli əlavə edib ki, şəxsən o, hazırda yaşadığı ölkənin vətəndaşıdır. Ancaq ilk növbədə, onun birinci Vətəni Azərbaycandır. Onun sözlərinə görə, hər il Azərbaycana səfər edir və heç bir problemlə qarşılaşmır. "Bəs nəyə görə bir sıra mühacirlər, məhz anti-Azərbaycan məqsədli dairələrlə əməkdaşlığa gedirlər?" sualını cavablandıran Z.Məmmədli bildirib ki, burada əsas faktor maliyyədir: "Yenə də diqqəti "Meydan" TV üzərinə yönəldərək, onun məhz maliyyə əldə etmək üçün qondarma erməni soyqırımının tanınması çağırışlarını xatırlatmaq istərdim. Mən, həqiqətən də, bu işdə olan insanların hamısını tanımıram. Bilmirəm, niyə bu addıma gediblər. Ancaq hesab edirəm ki, bütün bunlar qrantlar əldə etmək, maliyyə yardımı almaq üçündür. Bu adamların maraqları arxasında pul dayanır. İdeyalı insanlar belə rüsvayçı əməkdaşlıqlara getmirlər. Çünki bu, həm də bir şərəf məsələsidir".
Rövşən NURƏDDİNOĞLU