"Oğlum müxalifət partiyalarının təhriki ilə belə bir addım atıb"
Bir müddət öncə işğalçı Ermənistandan "sığınacaq" alan müsavatçı, "Milli Şura"nın üzvü Şahin Mirzəyev hazırda ölkəmizə qarşı erməni xüsusi xidmət orqanlarının "şpalqalka"ları əsasında dövlətimiz əlyehinə hədyanlar yağdırır. Ş.Mirzəyevin atası oğlunun xəyanətkar addımına görə, özünə ölüm arzuladığını bildirib. 92 yaşlı Sayil Niyaz oğlu Mirzəyev qeyd edib ki, oğlunu qara qüvvələr ələ keçiriblər. Həmin qara qüvvələr müxalifət partiyalarıdır: "Mən dövlətdən kömək istəyirəm ki, bunların qarşısı alınsın. Oğlum onların təhriki ilə belə bir addım atıb. Şahin həmişə onların təsiri altında olub. Şahin deyir ki, guya Azərbaycanda talışlar təzyiqlərə məruz qalır. Onun dedikləri boş söhbətlərdir. Biz indiyə qədər təzyiq görməmişik, heç kəs də bizə təzyiq etməyib. Mən 65 il müəllim işləmişəm. Mənim onunla münasibətim olmayıb, onun hərəkətlərindən xoşum gəlməyib heç vaxt. Onun Bakıdan "xəstəlik" adı ilə Gürcüstana getdiyini bilirdim. Gürcüstana gedib, ordan da Ermənistana keçib".
"Milli Şura"dan və Müsavatdan Ş.Mirzəyevin atasının ittihamlarına münasibət öyrənə bilmədik. Bir neçə gün öncə Müsavat başqanı A.Hacılı Ş.Mirzəyevin müsavatçı olmadığını iddia etsə də, faktlar isə başqa söz deyir. Belə ki, Ş.Mirzəyevin Müsavatın və "Milli Şura"nın mitinqlərində çəkilmiş fotoları var, bunlar da mətbuatda dərc olunub. Eləcə də, onun Müsavat partiyasının üzvü olduğunu təsdiqləyən partiya bletinin də surəti ortaya çıxıb. A.Hacılı, bəs bu, necə olur? Tutaq ki, mitinqlərinizdə iştirak etməyib və o fotolar yalandır. Bəs üzvlük vəsiqəsi necə? Axı bunu sən verirsən və səndən də əvvəl İ.Qəmbər verirdi. Görünür, partiyanı idarə etmək iqtidarında deyilsiniz.
Samir