O, bu xislətlə yoğrulub
Bu gün, artıq heç kimə sirr deyil ki, xalqın etimadını itirən dağıdıcı müxalifət liderləri və onların ətrafındakı insanlar bütün vasitələrdən öz şəxsi maraqları naminə istifadə edir, hər şeyə qazanc mənbəyi kimi baxırlar. Vətən, millət və xalq anlayışını, milli və dövlətçilik maraqlarını çoxdan unudan radikallar, öz ambisiyaları naminə hətta şeytanın özü ilə də əməkdaşlığa getməyə hazırdırlar. Bu məqsədlə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin önündə "gecələyən", Azərbaycana təzyiqlər edilməsi üçün xaricə donos ötürən radikallar, yenə də "siyasi məhbus" siyahısını gündəmə gətiriblər. Xüsusilə, Vətənə xəyanət əməlləri subut olunan Xədicə İsmayılın dünən kimi, mənəvi-əxlaqi baxımdan AXCP sədri Ə.Kərimliyə yaxın olduğunu dediyi halda, bu gün onunla bir sırada dayanmadığını söyləyir və elə buna görə də, X.İsmayıl başçılıq etdiyi dəstə 94 nəfərlik "siyasi məhbus" siyahısını elan edərək, hətta bunu "vahid işçi qrupunun siyahısı" adlandırır. Cəmi bir gün sonra başqa bir "işçi qrupu" peyda olub. Radikal müxalifət düşərgəsində ikitirəlik yaranıb. Nəticədə, AXCP və "Milli Şura" Leyla Yunusun siyahısına açıq dəstək verərək, X.İsmayılın dəstəsinə arxa çevirib. Hətta 166 nəfərlik siyahının təqdimatında "Milli Şura" rəhbərliyi iştirak edib.
Davamlı olaraq Azərbaycan əleyhinə yazıları ilə istər yerli, istərsə də xarici mətbuatda çıxış edən, heç vaxt erməni diasporu ilə sıx əlaqəsini gizlətməyən X.İsmayılın son vaxtlar keçirilən qondarma dinləmələrə daha çox can atması heç də təəccübli deyil. Çünki erməni lobbisi və ona müttəfiq olan qüvvələrlə daim əməkdaşlıq edərək, milli maraqlarımızı satmış, ölkədə daim təxribat yaratmaq üçün çıxışlar edən bu şeytan xislətlərdən başqa nə gözləmək olar ki?!
Üzdəniraq millətin nümayəndələri ilə çiyin-çiyinə durmaq əsl rəzalətdir
X.İsmayılın xalqa və dövlətçiliyə xəyanətini, erməniyə "xidməti"ni başa düşdük. Şəxsi, qrup mənafeyi naminə milli və dövlət maraqlarını satmaq, xalqımıza qarşı dəfələrlə vandalizm, terror aktları, soyqırımlar törədən üzdəniraq millətin nümayəndələri ilə çiyin-çiyinə durmaq əsl rəzalətdir. Ancaq X.İsmayıl bunu heç vaxt anlamayacaq. Çünki X.İsmayıl kimi erməni dəyirmanına su tökən insanlar yaxşı bilirlər ki, Azərbaycana qarşı təhdid və təzyiq dili ilə danışmağın mənası yoxdur.
Göründüyü kimi, X.İsmayıl haqqında bu qısa məlumatlar onun siyasi və mənəvi kimliyi haqqında təsəvvür formalaşdırır. Aydın olur ki, X.İsmayılın həm daxili siyasi, həm də xarici maddi bağlılığı onun Azərbaycan xalqına və dövlətinə düşmən kəsilməsinə əsas yaradıb. Qəribədir ki, nədənsə, elə bu cür əxlaqi və siyasi baxımdan kəm olanlar elə AXCP-nin sıralarından çıxır. Qənimət Zahidin, Azər Əhmədin, Natiq Güləhmədoğlunun, Qanturalının və Xədicənin cəbhəçi kimi "fəaliyyəti" haqqında yenidən danışmağa ehtiyac yoxdur. İctimaiyyət onların da kimliyi haqqında təsəvvürə malikdir.
Bütün bunları nəzərə alaraq, bir daha vurğulamaq lazımdır ki, X.İsmayıl mənəvi-əxlaqi baxımdan Ə.Kərimliyə yaxın olduğundan onların birgə hazırladıqları siyahı oyunu başqa planları kimi fiaskoya uğradı və bumeranq effekti verməklə, elə radikal müxalifət düşərgəsinə zərbə vurdu.
Rəfiqə HÜSEYNOVA