Yaxud AXCP sədri insanları Avropa Məhkəməsi adı ilə necə aldadır?
Bir qədər öncə, ənənəvi müxalifət düşərgəsinin dağıdıcı qanadında "siyasi mühacir" biznesi ətrafında yaşanan qalmaqallı ifşaların ardınca, müəyyən sükut yaşandıqdan sonra, bu mövzunun yenidən gündəmə gəlməsi adıçəkilən düşərgəni növbəti dəfə çalxalamağa başlayıb və bu dəfə Müsavat və onun sabiq başqanı İsa Qəəmbər deyil, AXCP sədri Ə.Kərimli ətrafında danılmaz faktlar ortaya çıxıb. Artıq bəlli olub ki, Ə.Kərimli bu dəfə müəyyən problemləri üçün müxtəlif instansiyalara müraciət edən insanları öz toruna salmağa çalışır. Hətta AXCP sədrinin "siyasi mühacir" maxinasiyasını sübuta yetirən audioyazı da ortaya çıxıb.
Məlum olub ki, müxtəlif problemləri ilə bağlı müvafiq instansiyalara müraciət edən vətəndaşlar Ə.Kərimliyə işləyən bir neçə nəfərlə (Ülviyyə, Yeganə və Qorxmaz adlı şəxslər) qarşı-qarşıya gələrək, onların problemlərinin həll ediləcəyi vədləri alırmışlar...
Aksiyaların adları "zəncirlərəmə", "tumantökdü" və daha nələr-nələr...
Ə.Kərimli tərəfindən aldadılan insanlar deyirlər ki, təxminən bir ay əvvəl "İçərişəhər" metrostansiyası yaxınlığındakı parkda keçirdikləri "zəncirləmə" aksiyasından sonra Ə.Kərimlinin adamları qərara gəlmişdilər ki, yenidən əvvəlki yerdə "tumantökdü" (?!-R.R.) aksiyası təşkil etsinlər. Yasamal rayon sakinləri Sevda Süleymanova və onun qohumu Elimdar İsmayılov adlı aldadılan insanlar "tumantökdü" adlı qeyri-adi və mənasını anlamadıqları aksiyada iştirakdan imtina etdiklərini bildirirlər. Onların sözlərinə görə, Ə.Kərimlinin adamları onlarla əlaqə saxlayaraq, AXCP-yə üzv olmağa dəvət ediblər. Onlar bunu belə əlaqələndiriblər ki, sonradan "siyasi mühacir" statusu alaraq, ölkə xaricinə çıxa biləcəklər. SİTAT: "...Guya Ə.Kərimli mətbuatda bizimlə bağlı gedən bütün informasiyalarla, yazılarla tanışdır, istəyir ki, bizə kömək etsin. Dedim, nəyə görə bizə kömək etmək istəyir? Bildirdilər ki, sizin halınıza acıyır. Ona görə də, istəyir ki, işinizə Avropa Məhkəmələrində baxılsın. Bunun üçün isə müəyyən vəsait lazımdır. Ona görə də, Ə.Kərimli xəbər göndərib ki, 500 manat versinlər bizə, onların işini Avropa Məhkəməsinə çıxaraq. Guya Leyla Yunus bizim şikayətlərimizlə maraqlanacaq və işi Avropa Məhkəməsinə və xarici mətbuata yönləndirəcək. Biz imtina etdik. Bildirdik ki, onlara inanmırıq, nə onlar deyən təşkilatın üzvü olmaq, nə də işin Avropa Məhkəməsinə çıxarılmasını istəyirik. Bu sözümdən sonra dedilər ki, özünüz bilərsiz. Bu məsələdən imtina etdik..."
Onlar AXCP sədri Ə.Kərimlidən, eləcə də, onun yaratdığı dələduz qruplaşmadan şikayətçi olacaqlar
Maraqlıdır ki, Ə.Kərimlinin adamları dəfələrlə həmin insanlara zəng edərək, müxtəlif təkliflər ediblər. Ancaq bütün bunların bir dələduzluq əməli olduğunu anlayan tərəflər artıq sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini, AXCP sədri Ə.Kərimlidən, eləcə də, onun yaratdığı dələduz qruplaşmadan şikayətçi olacaqlar.
Beləliklə, fakt budur ki, artıq dəfələrlə bu kimi məsələlər ətrafında mətbuatda kifayət qədər yazılar gedib, sübutlar ortaya qoyulub. Radikal müxalifətin "liderlərinin", xüsusilə, AXCP sədri Ə.Kərimlinin əməlləri ifşa edilib və hər halda, hüquq-mühafizə orqanları da bu işlə məşğul olacaqlar.
Rövşən RƏSULOV