PDF Oxu

Müxalifət

  • 2 671

"Milli Şura"nın xaricdən maliyyə yardımı aldığı təsdiqini tapdı

image

Siyasi arenada baş verən proseslərə əsasən, demək olar ki, "Milli Şura" daxilində yenidən konfliktlər yaranıb. Bunu maliyyə mənbələrini əldə etmək uğurunda Cəmil Həsənli ilə Əli Kərimli arasında qarşıdurmanın nəticəsi kimi qiymətləndirirlər. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, "Milli Şura" daxilində qarşıdurmaların olması gözləniləndir: "Siyasi partiyaların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi Azərbaycan qanunlarına ziddir. Əlbəttə, müxalif partiyaların xaricdə olan bəzi qüvvələr tərəfindən maliyyələşməsi heç də yaxşı hal deyil. Çünki müxalifət partiyaları həmin xarici qüvvələrin təsiri altına düşərək, onların tələblərini yerinə yetirmək məcburiyyətində qalırlar. Xarici qüvvələrin istəkləri Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaqdır. Bunun üçün də müxalifət düşərgəsində olan bəzi qüvvələrdən istifadə edərək, ölkəmizdə nə isə bir qarışıqlıq salmaq məqsədi güdürlər. Amma onların bu niyyətləri heç vaxt reallaşmayıb və reallaşmayacaqdır. Ümumiyyətlə, hər zaman müxalifət daxilində maliyyə məsələlərinin həlli ilə bağlı problemlər yaranıb. Ona görə də, həmin qurumlarda bu cür konfliktlər yaranır və yaranacaq. Yəni bu maliyyənin daha çox kimə yönəldilməsi ilə bağlı mübarizə aparırlar".

"Deməli, Ə.Kərimlinin apardığı yarıtmaz siyasəti daha çox milli maraqlarımıza qarşı yönəlib" sualına cavab olaraq, partiya sədri bildirdi ki, bu gün "Milli Şura" adlanan qurumda toplaşan qüvvələrin fəaliyyəti heç də Azərbaycanın milli maraqlarına uyğun deyil: "Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən qüvvələrin bu cür yersiz hərəkətlərə əl atmaları heç də onlara başucalığı gətirməyəcək. Əksinə, onları daha da gözdən salacaqdır. Yaxşı olardı ki, həmin şəxslər belə əməllərindən əl çəksinlər. Çünki onlar hər zaman öz şəxsi ambisiyalarına uyğun iş görüblər. Məhz ona görə də, müxalifətin var olub-olmaması xalq üçün maraqlı deyil. Bir sözlə, xalq tərəfindən müxalifətin heç bir siyasi dəstəyi yoxdur".

"Nəyə görə, bu gün Ə.Kərimli AXCP-nin adından deyil, daha çox "Milli Şura"nın adından çıxışlar edir" sualına cavab olaraq, M.Səfərli qeyd etdi ki, onlar belə bir təəssürat yaratmaq istəyirlər ki, guya "Milli Şura" böyük bir təşkilatdır: "Amma əslində, nə "Milli Şura"nın, nə də AXCP-nin, cəmiyyət tərəfindən heç bir dəstəyi yoxdur. Bir sözlə, onlar cəmiyyətin dəstəyindən çoxdan məhrum olublar. Sadəcə olaraq, özlərini bir növ xarici qüvvələrə reklam etməkdən ötrü bu cür hərəkətlər edirlər. Partiya sədri, onu da bildirdi ki, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin düzgün siyasət qurmamlarının əsaslarıdır ki, bu gün həmin müxalifət düşərgəsində vəziyyət gərginlik içərsindədir. Müxalifət düşdüyü gərgin vəziyyətdən çıxış yolunu axtarsa da, tapa bilmir. Bu gün bu uğursuz siyasət də özünü açıq şəkildə büruzə verir. Ümumiyyətlə, müxalifət qüvvələri biri-birini qəbul etmək istəmirlər. Bu da müxalifət liderlərinin şəxsi ambisiyalarının olmasından irəli gəlir. Hesab edirəm ki, qarşıdurmalar müxalifət partiyalarında yeni qopmaların baş verməsinə gətirib çıxaracaq".

GÜLYANƏ

Digər xəbərlər