Yunus Oğuz: "Müxalifətçilər xaosun içində, bulanıq suda balıq tutmaq istəyirlər"
Azərbaycanda özünü "ana müxalifət" adlandıran dağıdıcı partiyalar özlərini əsas "siyasi güc" kimi təqdim etməyə çalışsalar da, reallıq başqa şey deyir. Sosial bazası olmayan, ideolgiyadan, konsepsiya və proqramlardan xəbəri olmayan dağıdıcı müxalifət partiyaları öz nəzarətlərində olan media orqanlarında "əzələ" nümayiş etdirməyə çalışırlar. Lakin bütün addımlar, sadəcə olaraq, gülüş doğurur. Ötən əsrin 80-90-cı illərinin təfəkkürü ilə yaşayan, hər kəsin "prezident" olmaq istədiyi, şəxsi istək və arzuların milli maraqlardan üstün tutulduğu bu partiyaların fəaliyyəti sıfıra bərabərdir. Şəxsi ambisiyalarına partiya maraqlarını qurban verən müxalifət "lider"ləri bu gün tam iflic olmuş vəziyyətdə xaricdə özlərinə arxa-dayaq axtarmaqla məşğuldurlar. Xalqla heç bir halda təmas qura bilməyən və xalqın siyasi səhnədən silib atdığı bu siyasətbazlar ünsürlər üçün başlıca məqsəd pul qazanmaqdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində AXC-Müsavat iqtidarı dövründə bu şəxslərin dövlət büdcəsini necə taladıqlarının şahidi olmuşduq. Səriştəsiz, bəzi xarici dairələrin "casus"una çevrilən, erməni dəyirmanına su tökən bu şəxs və partiyalardan başqa nə gözləmək olardı ki!? Bu partiyaların bugünkü durumu daha dəhşətlidir: qapı-qapı gəzib qrant dilənmək, Azərbaycan dövlətinin əleyhinə, ermənilərlə də olsa, iş birliyi qurmaq bunların əsas fəaliyyət istiqamətini təşkil edir.
Milli Vəhdət Partiyasının sədri, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz dağıdıcı müxalifətin bugünkü durumundan danışıb. O, qeyd edib ki, bugünkü müxalifət tamam başqa formatdadır: "15-20 il əvvəlki müxalifət yoxdur. Əlbəttə, dövlət varsa, müəyyən çatışmazlıqlar olacaq. Bu narazılıq da geniş miqyas almırsa, demək, bu, lokal xarakter daşıyır. Həmişə hər bir sahədə narazılıq olur. Adi məişət məsələlərinə münasibətdə də narazılıqlar ortaya çıxır. İndiki müxalifət də o zamankı müxalifət deyil. İnsanlar ölkədə xaosun olmasını istəmirlər. Azərbaycanda müxalifətçilər var ki, həmişə xaos arzulayırlar. Bu xaosun içində, bulanıq suda balıq tutmaq istəyirlər. Ziyalıların müxalif düşərgədən getmələri, baş verənlərdən kənarda durmaları müxalifəti pis vəziyyətdə qoydu. Bir o vaxtkı müxalifətin, bir də indiki müxalifətin tərkibinə baxın, nə qədər fərqlər görəcəksiniz. 20 il əvvəlki müxalifət həssas situasiyada istər iqtisadi, istər sosial, istərsə də siyasi sahələrdə təkliflərini verirdilər, ziyalılar aktiv idilər. İndi bunların heç biri yoxdur. İndi bəziləri xaricə getmək üçün mitinq keçirir, buna görə də, bir-iki nəfəri döydürürlər, guya böyük mitinq ediblər. Ənənəvi müxalifət liderləri düşünən beyinləri bu düşərgədən uzaqlaşdırmaq kursunu seçdilər. Onların da yalnız hay-küyçü lətifələri qalıb. Bugünkü müxalifətin zəif olmasının səbəblərindən biri də onun həm daxili, həm də xarici qüvvədən asılı olmalarıdır. Həmin düşərgənin məkrli simaları tapdıqları maliyyə mənbələrini sırf öz maraqlarına, özlərinə sərf edən insanlara xərcləməyə başladılar. Bu məsələlərlə bağlı kifayət qədər faktlar saya bilərəm. Bəzi xarici pozucu siyasi dairələr onları inandırmışdılar ki, kütlə psixologiyasından asılı olaraq, həmin dövr gələndə, xalq ayağa qalxacaq və sizi hakimiyyətə gətirəcək. Hakimiyyətə gəlmək iddiası həmin şəxslərin gözlərini uzun müddət elə bağladı ki, onlar həm xalqdan, həm dövlətdən, həm də ziyalılardan ayrıldılar. Bütün diqqətlərini arxalarında duran xarici qüvvələrə dikdilər".
Samir