Fevralın 24-dən 25-ə keçən gecə erməni silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı və düşmənə layiq olduğu cavab verildi. Müharibə itkisiz olmur, 5 şəhid verdik. Erməni tərəfinin verdiyi itkilər isə bundan dəfələrlə çoxdur. Hərbi qulluqçularımızın qəhrəmanlıqları sayəsində düşmən tərəfi növbəti dəfə sarsıdıcı zərbələr aldı, erməni postları dağıdıldı, xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi. Erməni mətbuatı yazır ki, Yerevanda xəstəxanalar ölülər və yaralılarla doludur. Ötən ilin aprel əməliyyatları zamanı da xalqımızın fədakarlığının şahidi olmuşduq, hər kəs əlinə silah alıb, döyüşməyə hazır olduğunu bəyan edirdi. Yüzlərlə itki verən düşmən yenidən əl-qol açmağa cəhd edir, ancaq bu gün də hərbçilərimiz onlara lazımi cavab verirlər. İnsanlarımız, hər zaman olduğu kimi, bu gün də dövlətimizin yanında olduqlarını bəyan edirlər və həmişə də belə olacaqdır! Bəs dağıdıcı müxalifət bu haqda nə düşünür? Nə üçün Azərbaycanın dağıdıcı müxalifəti nəzarətlərində olan mətbu orqanlarda düşmənin məğlub olması ilə bağlı material da dərc etmir? Dağıdıcı müxalifət dövlətə dəstək vermək əvəzinə, anti-Azərbaycan fikirlər dərc edirlər, səsləndirirlər? Digər tərəfdən dağıdıcı qrupların "lider"ləri cəbhədə baş verənlərdən narahatdılarmı? Fakt budur ki, cəbhədə baş verənlərdə Azərbaycan dövlətini ittiham etmək, şər-böhtan atmaqla erməni dəyirmanına su tökmürlərmi? Ermənipərəst qüvvələrin köləsi olduqlarını bir daha təsdiq etmirlərmi?
AXCP sədri Ə.Kərimlinin nəzarətində olan, şər-böhtan ruporuna çevrilən "Azadlıq.info" xaricdə baş verən hansısa lazımsız olayı manşetə çıxarır, ancaq şəhid olmuş əsgərlərimizlə bağlı bircə cümlə belə dərc etmir, rəsmi dövlət qurumlarının mövqeyini işıqlandırmır. Əksinə, mətbu orqanlarında daxili düşmənlərimizə meydan verir ki, anti-Azərbaycan fikirlər səsləndirsinlər. Yerli-yersiz bir çox məsələlərə sosial şəbəkələrdə, "Azadlıq.info"da "münasibət" bildirən Ə.Kərimlinin cəbhədəki baş verənlərlə bağlı heç bir narahatlığını görmədik. Bu körpə "siyasət"çi başa düşmür ki, cəbhədə vəziyyət nə qədər pisləşsə də, ermənilərə cavab verən və yaranmış vəziyyəti tam nəzarətə götürməyə qadir olan ordumuz var. O ki qaldı, ölkəmizdə xaosun baş verəcəyinə ümid etmək, bu, sadəcə, arzu olaraq uzun illərdir müxalifətin gözündə qalır. Xalq-iqtidar birliyi olan ölkədə heç vaxt xaos olmur. "Azadlıq.info"da fevralın 28-də dərc edilən "Sarkisyan: "başqa yanaşma ola bilməz" başlıqlı yazıda Ə.Kərimli özünün ermənipərəst mövqeyini açıq şəkildə ifadə etmiş oldu. Yazıda Sarkisyanın anti-Azərbaycan fikirlərinə geniş yer ayıran "Azadlıq.info" nədənsə, bu məsələ ilə bağlı dövlətimizin mövqeyini işıqlandırmayıb, heç bir ekspert rəyini verməyi lazım bilməyib.
"Milli-Strateji Düşüncə Mərkəzi"nin sədri İ.Qəmbər son günlər Müsavatın guya "aktiv"ləşməsini şişirdərək, daha çox xarici qüvvələrin maraqlarına xidmət edən fikirlərlə çıxış edir. Onun istintaqa çağırılması, "siyasi mühacir" biznesinə görə qanun qarşısında izahat verməsi sıradan məsələ deyil. Güman edirik ki, illərdir gənclərimizi pul müqabilində xaricə "siyasi mühacir" adı altında göndərən İ.Qəmbər qanun çərçivəsində müəyyənləşmiş məsuliyyətdən canını qurtara bilməyəcək. Cəbhədə baş verənlərlə bağlı heç bir mövqe sərgiləməyən İ.Qəmbər, nədənsə, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycan əleyhinə yönələn istənilən fikrinə münasibət bildirməyi özünə borc bilir. Bu tip təqaüdçü "siyasət"çilər düşünürlər ki, xalq erməni təxribatlarının qarşısını alarkən, şəhid olmuş şəhidlərinə görə məyusdur. Ancaq dününə bilmirlər ki, hər bir şəhid minlərlə insana mübarizlik əzmi verir, xalqımızın iradəsini daha da möhkəmləndirir.
Samir