TƏRS BAXIŞ
Yaxud Cəmil Həsənli-Əli Kərimli cütlüyünün oyunları nəyə hesablanıb?
Hakimiyyətin apardığı uğurlu struktur islahatlarının ardınca, dağıdıcı müxalifət düşərgəsində, xüsusilə, "Milli Şura" daxilində kəskin təlaş hissləri baş qaldırmağa başlayıb. Bu təlaşın nədən qaynaqlandığı, əslində, bəllidir. "Hakimiyyətə gəlməyə iddialıyıq" prizmasından çıxış edərək, 25 ildir ki, bu təxəyyüllə yaşayan ənənəvi müxalifət hələ də bu pafosdan çıxa bilmir. Artıq geridə qalan bir neçə prezident və parlament seçkiləri hər şeyi tam çılpaqlığı ilə ortaya qoyub. Düşərgədaxili hərc-mərcliklər, "liderlik" iddiaları buna bariz sübutdur. Məhz daxili intriqalar səbəbindən özlərini xalqdan təcrid etmiş dağıdıcı toplumu, ən yaxşı halda, çullarını sudan quru çıxarmaqdan ötrü xalqı günahkar bilirlər. Halbuki özləri də xalqın onlara dəstək vermədiyini dərk edirlər.
Onlara bu işdə Gültəkin Hacıbəyli və ona bənzər reneqatlar da dəstək göstərirlər
Bütün bunlardan sonra hakimiyyətin apardığı islahatlara siyasi korluqları vasitəsilə müxtəlif qərəzli donlar geyindirməyə cəhd edən "Milli Şura" və AXCP cütlüyü indi də struktur islahatlarını əllərində "bayraq" edib haray-şivənlik salırlar. Məsələn, AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənli dərhal sosial şəbəkələrdəki saxta profilləri vasitəsilə ağıllarına gələn gülünc, qeyri-ciddi fikirlərini tirajlayır, guya hakimiyyətin struktur islahatlarına cavab olaraq, "aktiv mübarizəyə" başlayacaqlarını bəyan edirlər. Üstəlik, beş-on nəfərlik üzvlərinin qohumlarını başlarına yığaraq, "Milli Şura"nın "fövqəladə" toplantısını keçirirlər. Əlbəttə ki, onlara bu işdə Gültəkin Hacıbəyli və ona bənzər reneqatlar da dəstək göstərirlər. "Bəlağətli" və "qətiyyətli" çıxışların ardınca bunu Qərbdəki ağalarına sərgiləyirlər və ardınca bir sıra Azərbaycan əleyhinə çalışan qərəzli beynəlxalq təşkilatların kimsənin marağında olmayan şantaj-böhtan xarakterli hesabatları gündəmə gəlir və beləliklə, sözdə müxalifət öz işini görmüş olursa da, nəticəsi istədikləri kimi alınmır. Ona görə alınmır ki, xalq və ictimai rəy bunların siyasi artistizmlərindən bezib.
Sual yaranır ki, bəs sizin özünüz öz müxaifətçiliyinizi nəylə sübut edə bilərsiniz?
Bu gün "hakimiyyətə qarşı daha sərt mübarizə aparacağıq" bəyanatını səsləndirən sözügedən fərdlərdən soruşmaq gərəkdir ki, yaxşı, əgər sizlər iqtidara müxalifsinizsə, bəs nəyə görə sizin müxalifət baxışınızı dəstəkləməyən digər müxalifləri real müxalifət hesab etmirsiniz? Yaxud Ə.Kərimlinin "Milli Şura"da olmayan qüvvələri müxalifət hesab etmirik"-tipli bəyanatının ardınca daha bir sual yaranır ki, bəs sizin özünüz öz müxaifətçiliyinizi nəylə sübut edə bilərsiniz? Boş-boş bəyanat və gülünc iddialarınızlamı? Əgər belədirsə, bunu müxalifətçilik adlandırmaq, ümumiyyətlə mümkün deyil!
Daha dəqiq yanaşaq. Əgər bu gün "Milli Şura"nın missiyası sədr Cəmil Həsənlinin ara-sıra sosial şəbəkələrdə yazdığı statuslara və ziyalılara söz atmaqla məhdudlaşırsa, bu ölü qurumda Əli Kərimli, Gültəkin Hacıbəyli və C.Həsənlidən başqa, barmaqla sayılası 4-5 nəfər adam qalıbsa, onu real müxalifətçilik adlandırmaq sadəlöhvlük olardı. Faktlar da bunu deyir. Əgər "Milli Şura" əsasnaməsinə görə sessiya keçirmirsə, və adamların bir araya toplanması faktı yoxdur. Bu faktların yaranması səbəblərini izah edə bilməyənlər, uzağı öz passivliklərini onunla izah edirlər ki, guya qərargahları və iclas keçirmək üçün yerləri yoxdur (?!-R.R.). Lakin bu kimi bəhanə heç də məqsəddən boyun qaçırmaq üçün səbəb sayıla bilməz.
Müxalifət partiyaları öz qapılarını bu cütlüyün üzünə bağlayıb
Növbəti faktlardan biri isə Ə.Kərimlinin "Milli Şura" üzvü olmayan müxalifət partiyalarını real müxalifət hesab etməməsinə görə qarşı tərəfdən aldığı cavabıdır. Daha dəqiq desək, Ə.Kərimli və C.Həsənli yaxın vaxtlara qədər keçirdikləri qurama iclasların heç birini öz ofislərində təşkil etməyiblər. Onlar gah VHP-nin, gah da BMM-in iclas salonlarını icarəyə götürüblər. Həmin vaxtlar müxalifətdə olan siyasi partiyalardan heç biri "Milli Şura"nın iclas keçirmək müraciətini geri çevirməyiblər, onlara hər cür şərait yaradıblar. Lakin indi həmin partiyalar da Ə.Kərimli-C.Həsənli cütlüyünün üzlərinə öz qapılarını bağlayıblar və əslində, doğru seçim ediblər.
Beləliklə, AXCP sədri qismindəki uğursuz fəaliyyətini "Milli Şura" vasitəsilə də yürütməyə çalışan Ə.Kərimli və C.Həsənli arada-bərədə adlarının mediada hallanması üçün düşərgədə bənzər anti-hakimiyyət fikirləri formalaşdırmağa cəhdlər edirlər. Ancaq bu cəhdlərin hər biri boşa, havaya sovrulur. Nə xalq, nə də müxalifətin digər qanadı bənzər siyasi artistizimə, sadəcə, istehza ilə yanaşır.
Rövşən RƏSULOV