Əli Kərimlinin "siyasi mühacir" adı altında Almaniyaya göndərdiyi gənc Azərbaycana qayıtmaq istəyir
"Milli Şura"nın, eləcə də, Müsavatın 2016-cı ilin sentyabr ayında keçirilən mini aksiyalarından sonra bir çox pərdələnmiş həqiqətlər ortaya çıxdı. Daha dəqiq desək, xalq özünü "ana müxalifət" adlandıran, əslində isə, dağıdıcılıq funksiyasını yerinə yetirən partiyaların iç üzünə, əsl simasına bir daha bələd oldu. Məlum oldu ki, "siyasi mühacir" biznesindən milyonlarla gəlir əldə edən AXCP və Müsavat rəhbərliyi bu vaxta qədər pul müqabilində xeyli sayda məram və məqsədini anlamayan müxalif gənci "siyasi mühacir" adı altında xarici ölkələrə göndərib. Siyasətə dəxli olmayan bir çox adamlara, müəyyən məbləğ qarşılığında, partiya vəsiqəsi verərək, həmin şəxsin guya iqtidar tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı iddialar ortaya atırlar. Daha sonra mitinqdə bir-iki fotosunu çəkib "sənəd"lərinin arxasına tikirlər. Ən iyrənc tərəfi odur ki, bu "müxalifət"çini bir neçə gün gizlədib, "Azadlıq.info"da belə bir başlıqlı yazı dərc edirlər: "..filankəs iqtidar tərəfindən oğurlanıb". Dağıdıcı müxalifətə bu, lazım deyilmi? İstədikləri odur ki, dövlət qurumları sərt reaksiya versinlər və vəziyyət pisləşsin. Ancaq müvafiq qurumlar bu cılız adamların kiçik, məntiqsiz "siyasət"lərini gözəl başa düşürlər. Bəs dağıdıcı müxalifətdə bu funksiyanı yerinə yetirən kimlərdir?
Müsavat partiyasında İ.Qəmbərin və Ə.Kərimlinin "siyasi mühacir" biznesinin əsas icraçıları Turqut Qəmbər, Səxavət Soltanlı və Gülağa Aslanlıdır. "Siyasi mühacir" kimi Avropa ölkələrinə getməyə təhrik edilən, aldadılan şəxsin sənədlərini toplamaq, bu sənədləri ingilis dilinə tərcümə etmək birbaşa T.Qəmbərin səlahiyyətindədir. İlkin vəsait kimi tələb olunan (sənədlərin hazırlanması bəhanəs ilə) 500 manat vəsait T.Qəmbərə, qalan 4500 manat isə, hər şey hazır olandan sonra, İ.Qəmbərin Hüseyn adlı yaxın qohumuna verilir. Təbii ki, bu şəxsə köhnə tarixlə verilən Müsavat partiyasına üzvlük vəsiqəsinə də İ.Qəmbər qol çəkir, eyni zamanda, bağlı olduqları bəzi təxribatçı xarici dairələrə də təqdimatı özü verir. Məsələ bundadır ki, bu iyrənc işlər nəticəsində, onlarla şəxs bankdan kredit götürməli olub, ancaq nəticədə, xaricə gedə də bilməyiblər. Avropada "yel əsib, qoz tökülüb" hiyləsini işə salmaq, heç kimə başucalığı gətirən hal deyil. Budur, artıq adi vətəndaş da İ.Qəmbərin hansı yolla pul qazandığını əzbər bilir.
AXCP-də isə "siyasi mühacir" biznesi ilə bağlı əsl "probka" yaşanır. Ə.Kərimli siyasi mübarizə metodunu yox, "siyasi mühacir" biznesi ilə pul qazanmaq yolunu tutub. AXCP üzvü olanlar da bu quruma siyasi mərkəz kimi deyil, xaricə getmək üçün bir vasitə kimi yanaşırlar. AXCP-də "siyasi mühacir" biznesinin əsas icraçısı Ə.Kərimlinin müşaviri İlham Hüseynlidir. O İ.Hüseyn ki, "Milli Şura"nın mitinqlərində şeirlər deyir, populist çıxışları ilə gülüş hədəfinə çevrilmişdi. Ə.Kərimlinin vasitəsilə "siyasi mühacir" kimi Almaniyaya gedən Fərahim adlı gənc hazırda orada qaçqın düşərgəsində çadırda yaşayır. Fərahimin yaxınları bildirir ki, o, Azərbaycana qayıtmaq istəyir, vəziyyəti həddindən artıq pisdir. Qaçqınlara ayrılan "pay"la dolanan Fərahim AXCP rəhbərliyinə də mesajını göndərib. Yaxınları bildirir ki, Ə.Kərimli ona ayda Almaniya dövləti tərəfindən 390 EURO pul, ev, iş veriləcəyini vəd edib. Lakin bu sadalananların heç biri həyata keçməyib.
Öz ölkəsinin müsibətlərinə qısqanclıqla yanaşan, mənfilərini isə bütün dünyaya çar çəkməyə cəhd edənlər, bir çox mətləbləri unudurlar. "Hazıra nazir olmaq" prinsipi ilə yaşamaq hansı ölkədə keçərlidir ki? Müxalifətçisən deyə, oxumadan, təcrübə toplamadan, zəhmət çəkmədən sənin milyonlarla pulun olmalıdırmı? Cinayət törədən müxalifətçi törətdiyi cinayət əməlinə görə cəza almamalıdırmı? Unudurlar ki, üz tutduqları Avropada yol hərəkəti qaydasını pozduğuna görə vətəndaşı güllələyirlər. Amma Azərbaycanda cəbhəçilər və müsavatçılar qaydanı da pozurlar, hələ bir özlərini "haqlı" da çıxarırlar, üstəgəl, məhkəməyə də verib, təzminat tələb edirlər. Heç kim də bunlara gözünün üstündə qaşın var, demir. Üz tutduqları Avropada CİNAYƏT var- cəza yox, CƏZA var-cinayət yox!
Samir