PDF Oxu

Müxalifət

  • 3 148

Xədicə İsmayıl-Əli Kərimli qarşıdurması davam edir

image

"Siyasi məhbus" siyahısı uğrunda savaş yenidən qızışdı

"Azadlıq" radiosunun sabiq əməkdaşı, hazırda özünü "hüquq müdafiəçisi" kimi təqdim edən Xədicə İsmayılla AXCP sədri Əli Kərimli arasında "siyasi məhbus" siyahısı uğrunda gedən savaş, bir müddət bundan öncə səngisə də, bu günlər yenidən qızışmağa başlayıb. Davalarını sosial şəbəkə vasitəsilə aparan tərəflərin dəstəkləyiciləri virtual qaydada qarşılıqlı ittihamlarla çıxış edir, bunun ardınca təhqir və söyüşlərlə davam edən "müzakirələr" pik həddinə çatır.

Qeyd etmək yerinə düşərdi ki, istər X.İsmayılın, istərsə də, Ə.Kərimlinin maraqlarından çıxış edən aktiv profillər öz "liderləri"ndən buna görə öncədən müəyyənləşdirilmiş məbləğ də almaqdadırlar. Daha dəqiq desək, "siyasi məhbus" siyahısı məsələsi, bilavasitə Qərbdən idarə olunur və burada da müəyyən ikitirəliklər yaşanmaqdadır. Bir tərəf X.İsmayılı, digər tərəf isə Ə.Kərimlini maliyyələşdirərək, Azərbaycan əleyhinə qurduqları məkrli planla maraqlarını yürütməyə çalışırlar.

Məhz bundan sonra Xədicə İsmayıl dolayısı ilə "Milli Şura"dan çıxdığını bəyan etmiş, üstəlik, hücumlarını daha sərt şəkildə davam etdirməyə başlamışdı

Onu da xatırlatmaq yerinə düşərdi ki, sözügedən tərəflər arasında "siyasi məhbus" savaşı başlayarkən, ilk gülləni, məhz X.İsmayıl atmışdı. O, "Milli Şura"da təmsil olunmasına rəğmən, həm Ə.Kərimliyə, həm də C.Həsənliyə xitabən "ağılsızlar" damğasını yapışdırmışdı. Yəni "facebook" sosial şəbəkəsində "Ambisiyaları var, ağılları yoxdur" ifadəsini işlətməklə qarşı tərəflə sona qədər savaş aparacağını və özü tərəfindən hazırlanmış "siyasi məhbus" siyahısını erməni lobbisinin təlimatları əsasında fəaliyyət göstərən Qərb təşkilatlarından keçirəcəyini iddia qismində irəli sürmüşdü. Məhz bundan sonra X.İsmayıl dolayısı ilə "Milli Şura"dan çıxdığını bəyan etmiş, üstəlik, hücumlarını daha sərt şəkildə davam etdirməyə başlamışdı.

Söz güllələri Əli Kərimli-Cəmil Həsənli cütlüyünün gönünə təsir etmir?

Əlbəttə, dağıdıcı düşüncəli fərdlər arasındakı maddiyyat uğrunda gedən bu qarşıdurmada söyüş və təhqirlərin baş verməyəcəyini düşünmək sadəlövhlük olardı. Əbəs yerə deyil ki, X.İsmayıl, bunun ardınca AXCP sədri və "Milli Şura" "liderinə" xitabən, daha ağır təhqir kampaniyası aparmış oldu. Onun həmin ifadələrini bir daha xatırlatmaq yerinə düşərdi: "Siyasətçilər medianın işinə qarışdılar, kor qoydular mətbuatı. İndi də hüquq müdafiəçilərinin işinə qarışıb, onları iflic edirlər..."

X.İsmayıl bununla Ə.Kərimli-C.Həsənliyə eyham vurmuşdu ki, onlar təmsil olunduqları siyasi arenada heç bir uğura imza ata bilməmələri səbəbindən, müxalifət düşərgəsi ən ağır dövrünü yaşayır və indi də bu adamlar siyasəti bir kənara qoyaraq "hüquq müdafiəçi"lərinin işlərinə qarışırlar. Yəni X.İsmayıl demək istəyib ki, onlar "hüquq müdafiəçi"lərinə pul qazanmağa imkan vermirlər.

Amma bu kimi söz güllələri, görünür, Ə.Kərimli-C.Həsənli cütlüyünün gönünə təsir etmədiyinə görə, "medianın və hüquq müdafiəçilərinin işinə qarışmaq" məsələsindən geri çəkilmək fikrində olmadığını sərgiləməkdə davam edirlər. Bu baxımdan, sosial şəbəkədə savaşlarını davam etdirmək qərarından vaz keçmirlər.

Xədicə İsmayıldan qarşı tərəfə: "Bir balaca eşqinizi aşağı salın..."

Fəqət, X.İsmayılın "söz gülləsi" atmaq məsələsində Ə.Kərimlidən daha səriştəli olması da göz önündədir. Belə ki, o "qazanından əppəy oğurlayan" AXCP sədrinə olmazın ifadələr işlədərək yazır: "Dəli şeytan deyir, partiyasını və liderini tərifləyənlərin hamısını dostluqdan çıxar ki, gözün bu biabırçılığı görməsin... İndi, bəlkə, qarşı tərəfi də söndürüm? Dostlar, o mahnıda deyildiyi kimi, bir balaca eşqinizi aşağı salın..."

Yaxud X.İsmayıl digər statusunda Ə.Kərimlinin hakimiyyətə işlədiyini iddia edir və ona qarşı çıxış edən kərimovçulara səslənir: "Mən həbsdə olanda, cəbhədə təbliğat şöbəsinin müdirini dəyişiblər?"

Kərimovçulardan Xədicə İsmayıla: "Əks-halda, təəssüflənməkdən başqa yol qalmayacaq"

Ə.Kərimlinin adamları da, əlbəttə ki, X.İsmayılı cavabbsız qoymurlar. Onlardan bir neçəsinə diqqət yetirək. Məsələn, Fuad Mastaliyev adlı kərimovçu yazdığı şərhdə qeyd edir: "AXCP-də hər şey əvvəlki kimidir. Yəqin sizin baxış bucağınız "azacıq" dəyişib. Umid edirəm ki, bu yanaşmanız müvəqqəti olacaq. Əks-halda, təəssüflənməkdən başqa yol qalmayacaq".

Dəyanət Babayev adlı cəbhəçi isə X.İsmayıla cavab yazaraq bildirib: "Həyatdır, elə siz də həbs olunmamışdan əvvəlki Xədicə xanım deyilsiz, yəni bu dəyişiklik sizdə də hiss olunur".

Nəticədə, qarşılıqlı ittihamlar və təhqirlər bitib-tükənmir və bunun nəticəsinin haraya və nə zamana qədər gedəcəyini bəri başdan bəlli etmək mümkündür. Daha dəqiq desək, bunların zamanları tükənib, sadəcə, dava pul davasıdır. Pul davalarının axırları isə heç vaxt yaxşı qurtarmır...

Rövşən RƏSULOV

Digər xəbərlər