Lalə-Şövkətin yenidən aktiv siyasi fəaliyyətlə məşğul olması müxalifət düşərgəsindəki böhranı daha da dərinləşdirəcək
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın son günlər mətbuata verdiyi açıqlamalar Lalə-Şövkətin aktiv siyasətə qayıdacağı ilə bağlı verdiyi vədlər heç kimdə narahatlıq doğurmur. Azərbaycan cəmiyyətini, belə bir adamın varlığı qətiyyən maraqlandırmır. L.Şövkət ALP-yə sədrlik edərkən belə, heç vaxt uğur qazana bilməyib və ətrafında kiçik kütləni belə cəmləşdirməyi bacarmayıb. ALP-nin sədri olduğu zaman daha çox müxalifətdaxili intriqalarla gündəmdə qalmağa çalışan L.Şövkətin yenidən siyasi fəaliyyətlə məşğul olması nəyi dəyişəcək ki? Yaxud nə dəyişməlidir ki? Azərbaycanda normal müxalifətçiliyin yaranmaması üçün əlindən gələn bütün "xidmət"lərdən faydalanan Ə.Kərimli L.Şövkətin siyasi fəaliyyətlə məşğul olacağından böyük narahatlıq hissi keçirir. Ona görə yox ki, L.Şövkət uğur qazana bilər. Xeyr! Ona görə ki, L.Şövkətlə Ə.Kərimli arasında əsl düşmənçilik münasibətləri mövcuddur. Heç şübhəsiz ki, L.Şövkət ALP-yə yenidən sədr gəlsə, bu, həm də AXCP-yə bir zərbə olacaq. Çünki bu illər ərzində L.Şövkət haqqında dağıdıcı müxalifətin nəzarətində olan mətbu orqanlarda dərc olunan şantaj xarakterli bütün materialların müəllifi, məhz Ə.Kərimlidir. Bu iki şəxs arasında düşmənçiliyin kökləri isə ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib çıxır. Hətta 2007-ci ildə C.Həsənlinin oğlu Vüqar Həsənlinin yas mərasimində L.Şövkətlə Ə.Kərimli arasında söz davası yaşanmışdı. L.Şövkətə verdiyi salamı almaması Ə.Kərimlini özündən çıxarmışdı. Bu, isbata ehtiyacı olmayan bir aksiomadır ki, L.Şövkətin siyasi fəaliyyətlə yenidən məşğul olması müxalifət düşərgəsindəki böhranı daha da dərinləşdirəcək, intriqalar, şəxsi "hesablaşma"lar pik həddə çatacaq, 25 il öncə, "bünövrə"si qoyulan düşmənçilik toxumları yenidən cücərməyə başlayacaq.
Bəs Ə.Kərimli Ə.Temirxanın son açıqlamalarını necə qiymətləndirir? AXCP sədrinə yaxın şəxslərdən birinin verdiyi məlumatlarda göstərilir ki, Ə.Kərimlinin göstərişi ilə "Azadlıq.info" saytında L.Şövkətlə bağlı şantaj xarakterli materialların dərc olunması ilə bağlı kampaniyaya start verilib və yaxın günlərdə dağıdıcı müxalifətin nəzarətində olan mətbu orqanlarda yeni "savaş" başlayacaq. Mənbə bildirir ki, artıq ilk addım atılıb. Belə ki, bir neçə gün öncə, yəni Ə.Temirxanın L.Şövkətin siyasətə qayıdacağı ilə bağlı verdiyi vədindən dərhal sonra AXCP sədrinin müşaviri İlham Hüseyn ALP-ni fəaliyyətsizlikdə ittiham edərək, deyib ki, bir möhürdən və sədrdən ibarət olan partiyalarla təmsil etdiyi partiya heç bir əməkdaşlıq etməyəcək. Bu, artıq bir mesajdır Ə.Kərimlinin sözü İ.Hüseynin dili ilə deyildi. Məsələnin daha ciddi tərəfi odur ki, cəbhəçinin fikirlərinə münasibət bildirmək üçün Ə.Temirxan "Azadlıq.info" ilə telefon əlaqəsi saxlayıb, lakin onun dedikləri dərc olunmayıb. Məsələni olduğu kimi L.Şövkətə məruzə edən Ə.Temirxan digər saytlara açıqlama verərək, ALP-nin bundan sonrakı fəaliyyət prinsiplərində xeyli dəyişikliklərin olacağını bildirsə də, yenə də ortada bir fakt var: bu düşüncə sahibləri ilə müxalifət düşərgəsindəki acınacaqlı durumu düzəltmək mümkün deyil. Şəxsi ambisiyaların kök saldığı bir düşərgədə milli və partiya maraqları öndə gedə bilməz. Hər halda, dağıdıcı müxalifət düşərgəsində yeni intriqaların baş verəcəyi ilə bağlı anons verildi və böyük ehtimalla Ə.Kərimli ilə L.Şövkət üz-üzə gələcək. Bəs bu məsələdə İ.Qəmbər, A.Hacılı hansı mövqedə dayanacaq? Bax, bunu zaman göstərəcək!
Samir