Mirmahmud Mirəlioğlu: "Müxalifət düşərgəsində bütün sahələrdə faydalı iş əmsalı sıfırdır"
Bu gün dağıdıcı müxalifət təfəkküründə hakimiyyətə, dövlətə və milli maraqlara qarşı durmaqla ideoloji boşluğu doldurmağa çalışması onların daxilindəki zəiflklərini nümayiş etdirən digər səbəblərin meydana çıxmasını şərtlndirir. Burada bir daha siyasi təfəkkür problemi alt bazisi təşkil edir. Çünki dağıdıcı müxalifət opponent olduğu üçün hakimiyyətə qarşı yalnız qərəzli tənqidlə çıxış etsə də, predmetin nədən ibarət olduğunu anlamır. Sözügedən məsələ ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, müxalifət düşərgəsində hərə özünü lider hesab edir: "Ona görə də, müxalifətin nə birliyi, nə də vahid mövqeyə gələ bilməsi mümkünsüzdür".
KXCP sədri, müxalifət düşərgəsində yaranmış ağır durumun səbəbini də açaraq, bildirir ki, bir-birini qəbul etmək istəməyən partiya sədrləri biri digərini təhqir etməklə, hər sahədə birinci olmaq istəyirlər: "Ancaq onlar nəinki birinci, heç axırıncı da ola bilmir. Çünki düşərgədə qolçomaqlıq prinsipi var. Heç də gözəl nəticə deyil".
"24 ildir ki, bir addım irəli, iki addım geri gedirlər"
Bundan sonra faydalı iş əmsalı sıfıra bərabər olan düşərgə sakinləri ilə heç kim bir ola bilməz. Çünki mövcud müxalifət çox zəifdir, pərən-pərəndir və bu dağınıq qüvvənin konkret vahid mövqeyinin olması da mümkün deyil. "Biri deyir ki, ən böyük güc mənəm, çünki səfirlər mənimlə görüşür. Digəri bildirir ki, mənim yaşım səndən çoxdur, mən daha böyük müxalifətəm. Başqa biri də deyir ki, dünya məni tanıyır. Bütün bunlara görə, müxalifət vahid mövqeyə gələ bilmir. Müxalifətin hansı uğurundan danışmaq olar? İndi, ola bilsin, kimsə desin ki, Mirmahmud pessimistdir, amma bu, bir reallıqdır və 24 ildir hər şey öz yerindədir, heç bir dəyişiklik yoxdur. 24 ildir, bir addım irəli, iki addım geri gedən müxalifət intriqalarla baş qarışdırır və ölkənin siyasi həyatında ciddi iştirak edə bilmir. Bu, real faktdır və bunu gizlətmək də mümkün deyil. Çünki müxalifət artıq uçuruma doğru gedir", deyə M.Mirəlioğlu bildirib.
Rəfiqə HÜSEYNOVA