Mais Səfərli: "Dağıdıcı müxalifət partiyaları 1990-cı illərdən necə yaranıbdırlarsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadırlar"
Milli və dövlətçilik maraqlarına qarşı çıxmağı özünün əsas fəaliyyət siferası elan edən dağıdıcı müxalifət son günlər bir qədərdə fəaliyyətini genişləndirib. İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı kimi dağıdıcı ünsürlər cəbhədə baş verən erməni təxribatından sonra, ordumuz haqqında düşmən dəyirmanına su tökməyə xidmət edən açıqlamalar yayır, müxtəlif pozuculuğa xidmət edən bəyanatlar səsləndirirlər. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, dağıdıcı müxalifətin milli maraqlara zərbə vurmağa hesablanan addımlar atması və çağırışlarla çıxış etməsi satqınılıq və xəyanətdir. Belə şəxslər mütləq cəzalanmalıdır: "Dağıdıcı müxalifət təmsilçiləri vaxtaşırı müəyyən məsələlər tapırlar ki, gündəmdə bir müddət qala bilsinlər. Bununla da, diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma müxalifət təmsilçiləri bilməlidilər ki, onlar bu cür yersiz hərəkətləri ilə özlərini daha da gözdən salırlar. Müxalifət partiya sədrləri çox gözəl başa düşürlər ki, bu gün onların ictimai rəydə uğur qazanmaq şansları yoxdur. Bunu bilə-bilə müxalifət yenə də öz hərəkətlərindən əl çəkmir. Bu isə, onların müstəqil olmadıqlarını bir daha təsdiqləyir".
M.Səfərli qeyd etdi ki, partiyalar ondan ötrü mövcuddular ki, qanunlar çərçivəsində konstitusion yolla mübarizə aparmaqla hakimiyyətə gəlsinlər: "Amma AXCP və Müsavatın fəaliyyətinə nəzər salsaq, görərik ki, bunların əsası fəaliyyəti bir-biri ilə mübarizə apararaq, biri digərini sıradan çıxarmaq cəhdindən ibarətdir. Demək olar ki, bunun üçün də mümkün olan və mümkün olmayan vasitələrdən istifadə edirlər. Demək olar ki, müxalifət düşərgəsi artıq çoxdan parçalanmış bir vəziyyətdə fəaliyyət göstərir. Onların arasındakı bu qarşıdurmalar hər zaman olub və olacaq. Hətta bu qarşıdurmalar düşmənçilik səviyyəsinə gəlib çatıb. Bir sözlə, bu gün onların əsas fəaliyyətləri bir-birini sıradan çıxarmaq istiqamətində qurulub".
M.Səfərlinin sözlərinə görə, dağıdıcı müxalifət partiyaları 1990-cı illərdə necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadırlar: "Birmənalı şəkildə, həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədirlər. Adıçəkilən partiyalar sədrlərindən və ətrafında 2-3 nəfərdən ibarət cılız heyətdə qalıbdır. Bütün bunlar onların zəifliklərindən xəbər verir. Ümumiyyətlə, müxalifət partiyalarının zəif olmalarının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Bir sözlə, adıçəkilən partiya sədrləri öz səhvlərini, öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar".
GÜLYANƏ