PDF Oxu

Müxalifət

  • 3 537

Radikalların "aldadılmış kəvakibləri"

image

TƏRS BAXIŞ

Dağıdıcı müxalifət "liderləri"nin siyasi məqsədləri və maraqları baxımından ətraflarında olan insanları, xüsusilə, gəncləri "xərcləmələri", onların həyatları ilə oynamaları birinci hal deyil. Zaman-zaman dağıdıcı müxalifətin icazəsiz aksiya və yürüşlərində, eləcə də, dövlətçilik əleyhinə atdıqları xəyanətkar addımlarında irəli verilən "aldadılmış kəvakiblər" sonradan lazımsız fərdlərə çevrilir, xüsusilə, gənc yaşda olanların həyatları, necə deyərlər, "zəhərlənir".

Vaxtilə Müsavat partiyası sıralarında fəaliyyət göstərmiş və adının açıqlanmasını istəməyən bir gəncin bildirdiyinə görə, o, vaxtilə partiyanın sabiq başqanı İ.Qəmbəri özünə "ideal" seçibmiş. Hətta onun siyasətdə uğur qazanması üçün çalışmışdır. Ancaq bir müddət sonra icazəsiz aksiyaların birində aşırı radikal davranışlarına görə həbs edilən bu gənc, o cümlədən, daha bir neçə müsavatçı Müsavat rəhbərliyi, xüsusilə, İ.Qəmbər tərəfindən etinasızcasına həyatın dərinliklərinə atılıb. Nə onun ailəsi, nə də özü ilə maraqlanan olmayıb. Üstəlik, həmin gənc təhsil aldığı universitetdən də dərs davamiyyətini pozduğuna görə xaric edilib.

Maraqlıdır, görəsən, İsa Qəmbər və s. "liderlər" buna görə vicdan əzabı çəkirlərmi?

Həmin ərəfələrdə müsavatçıların bəzi tanınan adamları Qərbin müəyyən təşkilatları tərəfindən "siyasi məhbus" kimi qələbə alınmışdı. Onların "siyasi məhbus" stasusları sayəsində Müsavat partiyasına qrantlar verdirdi. Kimlər ki, həmin siyahıya düşmürdülərsə, onların adları, ümumiyyətlə, müsavatçı sıralarından çıxarılırdı.

Əlbəttə, bu kimi hallar kifayət qədərdir, hətta yüzlərlədir və dağıdıcı müxalifət partiyalarının "liderləri" şəxsi mənafeləri istiqamətində yürütdükləri "siyasətləri", daha dəqiq desək, siyasi ticarətləri sayəsində bənzər gənclərin həyatları qaralıb, gələcəklərinə xələl vurulub. Sual yaranır, görəsən, İ.Qəmbər və s. "liderlər" buna görə vicdan əzabı çəkirlərmi? Əlbəttə ki, yox. Əgər onların vicdanları olsaydı, hər halda, onlara görə həyatlarını xarab edən insanların qarşısında ən azından üzr istəyərdilər.

AXCP-çinin anası: "Dəstək verməliydilər, çünki o, bu təşkilata görə həbs olunub"

Yeri gəlmişkən, AXCP sədri Ə.Kərimli bu kimi məsələdə əbədi düşməni İ.Qəmbəri dəfələrlə üstələyir. Məsələn, bu günlərdə bəlli olub ki, cəbhəçi fəal Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva Ə.Kərimlinin onun həbsdə olan oğluyla maraqlanmadığını bildirib. Hələ bu, azmış kimi, AXCP sədrinin sosial şəbəkələrə yerləşdirdiyi "söyüş qrupları" E.Abdullayevi təhqir belə etməkdən çəkinmirlər. Nədir ki, bu gənc də, yuxarıda qeyd edilən müsavatçı gənc kimi, öz "liderini" etinadsızlıqda, həbs olunanlara qarşı yad münasibət bəsləməkdə ittiham edib. Elvinin anası mətbuata bununla bağlı açıqlama verib və deyib: "Elvinin üzvü olduğu təşkilat onun həbs olunmasıyla bağlı bəyanat vermədi. Maraqlanmırlar. Hətta bu təşkilatın üzvləri sosial şəbəkələrdəki ayrı-ayrı səhifələrdə oğlumu təhqir edirlər. Halbuki dəstək verməliydilər, çünki o, bu təşkilata görə həbs olunub".

AXCP-də, Müsavatda və s. radikal müxalifət partiyalarında yıxılana balta vurmaq ənənəyə çevrilib

Əlbəttə, biz bu barədə daha öncələr də yazmışdıq ki, AXCP-də, Müsavatda və s. dağıdıcı müxalifət partiyalarında yıxılana balta çalmaq ənənəyə çevrilib. Eləcə də Ə.Kərimlinin "siyasi strategiya" xarakterlərindən biri də budur. Çünki ortada daha bir amil dayanır - "siyasi məhbus" adı ilə gəlir qazanmaq. Yəni fakt, həm də budur ki, E.Abdullayev Avropa və ABŞ-ın maliyyə fondları tərəfindən tanınmayan şəxslərdəndir və Qərbin ermənipərəst dairələri onu "siyasi məhbus" kimi tanımayıb. Belə olan halda, artıq E.Abdullayev, əlbəttə ki, Ə.Kərimli üçün bir zibil tullantısına çevrilib.

Gəlir gətirməyənlər bir kənara atılır

Digər bir sübut - "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzi məsələsi...Belə ki, Ə.Kərimli həbs olunandan sonra onun müdafiəsi üçün lazım olan tapşırıqları vermişdi, lakin sosial şəbəkələr və nəzarətində olan saytlarda aparılan kampaniya gözlənilmədən dayandı. Çünki bu kampaniyanın nəticəsi AXCP sədrinin istədiyi kimi alınmadı. Qərb dairələrinin dırnaqarası insan haqları təşkilatları birbaşa Seymur Həzinin özü ilə əlaqə saxladıqları üçün Ə. Kərimli bundan istədiyi mənfəəti götürə bilmədi.

Beləliklə, fakt budur ki, dağıdıcı müxalifət təşkilatlarında əsas hədəf onların müxtəlif yollarla özlərinə cəlb etdikləri fərdləri həbs etdirmək, sonradan onların vasitələri ilə də mənfəət əldə etməkdən ibarətdir. Ancaq zaman keçdikcə, hər şey ortaya çıxır və "liderlər" ifşa olunurlar. Ortada qalanlar isə "aldanmış kəvakiblərdirlər"...

Rövşən RƏSULOV

Digər xəbərlər