Əli Kərimli, Cəmil Həsənli və digərləri istənilən hadisədən Azərbaycana düşmən kəsilən xarici dairələrə yarınmaq üçün istifadə etməyə çalışıblar
Son günlər dağıdıcı müxalifət partiya sədrləri öz siyasi maraqları çərçivəsində konkret cinayət əməlinə görə, həbs edilən və jurnalistikaya heç bir adiyyatı olmayan Mehman Hüseynovun ətrafında siyasi şou yaradılmasına cəhdlər edirlər. Bununla Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və onlarla eyni maraqları bölüşən "Sərhədsiz Reportyorlar" və "Freedom House" kimi məkrli təşkilatlar öz pozucu planlarını həyata keçirməyə cəhd göstərirlər. Söhbət etdiyimiz müsahiblərimiz hansısa hadisədən istifadə edib, anti-Azərbaycan təbliğatı qurmağa çalışan pozucu qüvvələrin cəmiyyətdə öz məkrli planlarını həyata keçirmək istəklərinin mümkün olmayacağılnı bildirdilər.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli:
- Özünü "beynəlxalq təşkilat" elan etmiş, reallıqda isə eyni siyasi şəbəkənin üzvü olan və Azərbaycana qarşı daim qərəzli mövqe nümayiş etdirən təşkilatların ölkəmiz ətrafında fərqli oyunlar qurmağa çalışması yeni deyil. Bu şəbəkənin üzvləri, nəinki baş vermiş hansısa hadisədən istifadə edib, anti-Azərbaycan təbliğat qururlar, eyni zamanda, özləri müxtəlif təxribatlar törədirlər, qondarma hadisələr yaradırlar ki, "danışmağa söz tapsınlar", ittiham etməyə əsas yaratsınlar. Bu, köhnə taktikadır və çoxdandır ki, ifşa edilib. Bu şəbəkənin üzvləri ifşa edilsələr də, təəssüf ki, əməllərindən əl çəkmirlər, yeni-yeni təxribatlar törədirlər. M.Hüseynov jurnalist deyil, xəbər istehsalı zamanı ciddi xətalara yol verir, hərəkətlərində ciddi qanun pozuntuları var. Buna görə də, hüquq- mühafizə orqanları ona dəfələrlə xəbərdarlıq etdilər, səhvlərini düzəltməsi üçün tövsiyələr verdilər. Amma məlum şəbəkə Mehmana səhvlərini düzəltməyə imkan vermədi, ondan süni "qəhrəman" düzəltməyə çalışdı. Yuxarıda qeyd etdiyimiz məkrli şəbəkənin yanlış yola çəkdiyi, əqidəsini pozduğu, dövlətə qarşı qiyama çağırdığı gənclər var. Bu, təəssüfverici haldır. Amma yaddan çıxarırlar ki, onların Azərbaycanda sabitliyi pozmaq üçün dəfələrlə törətdikləri bu cür əməllər heç vaxt nəticə verməyib və bu dəfə də nəticə verməyəcək.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:
- Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli və digərləri mahiyyətindən asılı olmayaraq, istənilən hadisədən Azərbaycana düşmən kəsilən beynəlxalq təşkilatlara və xarici dairələrə yarınmaq üçün onların dəstəyindən yararlanmağa çalışıblar. Bu, onların siyasi fəaliyyətlərinin ana xəttini təşkil edir. Biz uzun ilədir ki, bu adamların eyni fəaliyyətlə məşğul olduğunu görürük. Əslində, Mehman kimiləri cinayət törətməyə təhrik edən də elə belələridir. Belələri Mehman kimi ucuz şöhrətə meyilli olan dayaz adamların avantüraları ətrafında şou yaratmaqla, onları cinayət törətməyə təhrik edir və sonra da konkret cinayətlərinə görə, həbs edilmiş şəxsləri qrant maxinasiyalarının predmetinə çevirirlər. "Sərhədsiz Reportyorlar", "Freedom House" kimi təşkilatlara və onların nüfuz müvəkkilliyini icra edənlərə gəldikdə isə, onların Azərbaycana qarşı münasibəti bəllidir. Bu təşkilatlar uzun illərdir ki, Ermənistanın və erməni diasporunun ölkəmizin nüfuzuna zərbə vurmaq üçün həyata keçirmək istədikləri ssenarilərin icraçıları funksiyasını yerinə yetirirlər. Azərbaycan xalqı, hər zaman olduğu kimi, bu gün də, baş verənlərin fərqindədir və təbii ki, ölkəmizə qarşı aparılan bu kampaniya, hər zaman olduğu kimi, yenə iflasa uğrayacaq.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Çox təəssüf ki Azərbaycanda jurnalistika və "hüquq müdafiə"çisi fəaliyyəti ilə əlaqəsi olmayan bir neçə şəxsdən sonradan qəhrəman düzəldilməsi təcrübəsi var. Dünyanın bəlkə də heç bir ölkəsində belə "yalançı qəhrəman" təcrübəsi yoxdur. Çox təəssüf ki, adını çəkdiyiniz "beynəlxalq hüquq-müdafiə" təşkilatları Azərbaycanda pozuculuq fəaliyyətlərini gerçəkəşdirmək üçün bütün vasitələrdən istifadə edirlər. Mehman da onlar üçün "yağlı" tikədir ki, əllərinə düşüb. Azad, demokratik cəmiyyət və müstəqil jurnalistika bütün cəmiyyətlər üçün vacib elementdir. Amma Mehmanın "jurnalistika" fəaliyyəti şou yaratmaqdan başqa bir şey deyildir.
GÜLYANƏ