Konkret cinayət əməlinə görə həbs olunan bloger Mehman Hüseynov məsələsində yararlanmağa çalışan köhnə şakərlərinə qapılaraq, onun ətrafında şou yaratmağa çalışırlar. Sözsüz ki, bu vasitələrini işə salanların həm daxildə, həm də xaricdə "marığa yatan"lar olduğu bəllidir.
"Mehman Hüseynov konkret cinayət əməlinə görə məhkum olunub"
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar və təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirərkən qeyd edib ki, vətəndaş Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb. M.Hüseynov məhkəmənin qərarına əsasən, iki il müddətinə azadlıqdan məhrum edilib.
Əli Həsənovun sözlərinə görə, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da vətəndaşlar, təşkilatlar və s. məhkəmələr vasitəsilə öz hüquqlarını müdafiə edirlər: "Məhkəmələr də yalnız qanunvericiliyin tələblərini rəhbər tutur və qanuna uyğun qərarlar çıxarırlar. Eyni zamanda, Azərbaycanın məhkəmə sistemi hüquqlarının pozulduğunu iddia edən hər bir şəxsin yuxarı məhkəmə instansiyasında hüququnu bərpa etmək imkanını təmin edir. Buna görə də, Mehman Hüseynovun həbsini onun peşə fəaliyyəti ilə əlaqələndirmək və siyasiləşdirmək, məhkəmənin Azərbaycan qanunvericiliyinə uyğun çıxardığı qərarı şübhə altına almaq cəhdləri yolverilməzdir. Hesab edirəm ki, bu məsələ bəlli daxili və xarici siyasi qruplar, onların təsiri altında olan təşkilatlar tərəfindən süni şəkildə siyasiləşdirilir. Xatırlatmaq istərdim ki, hüquqi dövlət olan Azərbaycanda məhkəmələr müstəqildir və siyasi kampaniyalarla, siyasi təzyiq vasitəsilə onların qərarlarına təsir göstərmək mümkün deyil".
Mehman Hüseynovun cinayət əməli ətrafında şou yaratmağa cəhd edilir
Konkret cinayət əməlinə görə həbs olunan bloger M.Hüseynovun müdafiəsi ilə bağlı çıxış edən bir sıra "hüquq müdafiəçi"lərinin, müxalifətdəki azsaylı qrupların nə qədər "demokrat" olduqları ortaya çıxır. Bu yerdə sual yaranır: nəyə görə başqa bir şəxs eyni əmələ görə həbs olunur və bu, konkret cinayət əməli sayılır, sadaladığımız qruplarınsa səsi çıxmır? Görünən odur ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və tanınan "Freedum Nouse", "Sərhədsiz Repartyorlar" təşkilatı onlara müəyyən dəstək göstərir. Başqa bir sual yaranır: hansı fəaliyyət? Cinayət əməlinə görə həbsi siyasiləşdirənlərin arqumentləri Hüseynovun "dəqiq, qərəzsiz, balanslı, obyektiv" "jurnalistikası"ndan heç də fərqlənmir.
Bu, real faktdır ki, Azərbaycanda məhkəmə orqanları müstəqildir və çıxarılan qərarlar da hüquqi dövlət olan ölkəmizin ali qanunvericilik müddəalarına əsaslanır. Belə olan halda, M.Hüseynovun cinayət əməli ətrafında şou yaratmağa çalışan dağıdıcı müxalifətin məhkəmə qərarından narazılığı əsassızdır və dəfələrlə AXCP və Müsavat rəhbərliyi bitmək bilməyən bəd əməllərini yenə də davam etdirməkdədirlər.
M.Hüseynov da Ə.Kərimli kimi siyasi dəllalların növbəti alətidir
Bəllidir ki, M.Hüseynov facebookda dağıdıcı müxalifət liderlərinin təsiri altında olan hazırladığı "Sancaq" səhifəsini zahirən guya "müstəqil bloqerin fəaliyyətinin məhsulu" kimi təqdim edirdi. Ancaq o da bəlli idi ki, heç bir müvafiq təhsili və təcrübəsi olmayan, əvvəl "RATİ"-də, sonra AXCP və Müsavatın tozlu kuluarlarında böyüyən M.Hüseynov Ə.Kərimli ilə İ.Qəmbər üçün, sadəcə, növbəti alət idi.
Bu yerdə Azərbaycan müxalifətçilərinin illər əvvəl söylədikləri bir deyim var: "Əli Kərimli kimisə tərifləyirsə, deməli, o insan aldanıb". AXCP sədri, siyasi fəaliyyətini az qala büsbütün sosial şəbəkələrə daşımış Ə.Kərimli indi az qala hər gün M.Hüseynovdan yazır. Siyasət dəllalının belə çılğınlığı ikrah doğursa da, gözlənilən idi. Lakin qanun qarşısında hər kəs eyni məsuliyyəti daşıyır, eləcə də, özünün və Ə.Kərimli kimilərin ikrahedici maraqlarını təmin edən qondarma jurnalist Mehman Hüseynov da...
R.HÜSEYNOVA