TƏRS BAXIŞ
İkram İsrafil: "Məni həbs edin"
Bir neçə müddətdir, dağıdıcı müxalifət düşərgəsinin iki partiyasının - Müsavat və AXCP-nin "siyasi mühacir" biznesi ətrafında bəlli olan faktlar, sübutalar bir daha qənaətə gəlməyə zəmin yaradır ki, bu partiyaların məqsədləri siyasi oyunbazlıqlar adı altında şəxsi mənfəətlərini güdməkdir. Ümumiyyətlə, xarici ölkələrdəki bəzi məkrli, maraqlı təşkilatlardan dağıdıcı müxalifətə qrant axınları kəsildikdən sonra, əsas gəlir mənbəyi qismində "siyasi mühacir" biznesini inkişaf etdirmək onların hədəfinə çevrildi.
Süni ajiotaj və təxribatçılıq sayəsində "siyasi mühacir" olmaq arzusu
Bu arada, daha bir fakt, diqqətdən kənar qalmayıb. Məsələn, Müsavatın divan üzvü İkram İsrafil də ələ düşən fürsətdən maksimum şəkildə yararlanmaq üçün həbs olunmaq niyyətinə düşüb. Belə ki, o, sosial şəbəkə vasitəsilə Şəkinin polis idarəsinə və Şəki rayon icra hakimiyyətinə mühüm müraciət ünvanlayaraq, həbs olunmasını tələb edib.
Əlbəttə ki, "lideri" İsa Qəmbərin və başqanı Arif Hacılının köhnə ənənəsinə sadiq qalan müsavatçı divan üzvü səs-küy qaldıraraq ətrafında süni ajiotaj yaratmağa çalışıb və bunun əvəzində, həbs olunmasını izləyib. Görünür, Qərbə köçmək üçün onun əlində şans yaranıb.
Müsavatın Şəkidəki zona müşavirəsində icazəsiz mitinq və aksiyaların keçirilməsi barədə də fikirlər səslənib
Məsələyə daha dərindən yanaşsaq, hadisələrin gedişatını bu cür ortaya qoya bilərik. Belə ki, Müsavat partiyasının saytında iddia olunur ki, guya Şəkidə müsavatçılara qarşı "repressiya" (?!-R.N.) töərədilib. Daha dəqiq desək, fevralın 19-da Müsavat partiyasının zona müşavirəsi partiya üzvü Yusif Qarayevin evində keçirilib və orada dövlət əleyhinə çağırışlar səslənib. Həmin çağırışlarda icazəsiz mitinq və aksiyaların keçirilməsi barədə də fikirlər qeyd olunub. Çünki Müsavatın rəhbərliyindən bölgələrdə saxta və qurama "narazıların" küçə yürüşləri keçirmək təlimatı verilib. Nəticədə, bu barədə polisə məlumat daxil olub və müvafiq tədbirlər görülüb.
Süni qəhrəmanlıq, yoxsa siyasi artistizm? - "Müşavirəni təşkil edən mən İkram İsrafil olmuşam"
Əlbəttə ki, İ.İsrafil bunu əvvəlcədən bilirdi və təxribatçı yollarla özünün də həbs olunmasına şərait yaratmaq istəyirdi. Lakin partiyadaşının 25 sutkalı həbs cəzasının ardınca özünün sərbəst buraxılması onun qanını qaraldıb və nəticədə, mətbuata və sosial şəbəkəyə çıxaraq, "məni həbs edin" tipli çağırışlar edib. Həmin çağırışın məzmununa diqqət yetirəndə də, Müsavat divanının üzvünun əsas məqsədinin həbs edilərək özünə "siyasi məhbus" donunu geyindirməsi olub. Burada aşkar şəkildə süni qəhrəmanlıq ya da siyasi artistizmin nümunələrini görmüş olarıq. SİTAT: "Buradan Şəki polisinə və icra hakimiyyətinə səslənirəm, müşavirəni təşkil edən mən İkram İsrafil olmuşam. Buyurun, nə cəza verəcəksizsə, mənə verin..."
Beləliklə, İ.İsrafilin hay-harayı arxasında bəlkə də paxıllıq hissi də dayandığını deyə bilərik. O, müşavirənin keçirildiyi evin sahibinin həbsi zamanı özünün də həbs olunmasını istəyib və həbs olunmadığına görə guya ki, "mərdlik" sərgiləyərək, onun buraxılmasını və özünün tutulmasını tələb edib. Halbuki o "siyasi məhbus" olmaq üçün bu qədər səs-küy yaradır. Təki Avropaya, Qərbə tərəf yolu açılsın. Əgər bu olsa, İ.İsrafilə nə Müsavat, nə də müxalifətçilik lazım olacaq...
Rövşən NURƏDDİNOĞLU