Köşə
Bu vaxta qədər Kərimlidən tutmuş Qəmbər İsaya qədər bütün cəbhəçilər və müsavatçılar Avropanın "dəyər"lərindən, "demokratiya"sından ağız dolusu danışırdılar. Söz yox, indi də danışırlar. Hətta Hollandiyada türklərin atların ayaqları altına salınmaları, dubinka ilə döyülmələri də onların fikirlərində korrektə yaratmadı. Sən demə, mavi rəngli xarakterə malik avropalıların yaşadığı Hollandiya məhəbbəti başqa cür imiş, qınamalı da deyil. Orduxan Temurxanın da səsi-səmiri gəlmir. Bütün günü Hollandiyadan videolar çəkib, holland polislərinin "mərhəmət"indən, "humanist"liyindən dəm vuran bu qotazlı "demokrat" da susub. Təsadüfə bax, bir həftə əvvəl holland polislərinin "insansevər"liyindən bəhs edən videoda Orduxan daş atıb, baş yarırdı ki, Azərbaycandan başqa hər yerdə vəziyyət əladır. Cəmi bir həftə sonra hər şey puç oldu, Orduxanın qibtə etdiyi, Kərimlini məhəbbət bəslədiyi sarı geyimli mavi holland polislər türklərə hücum etdilər, gözyaşardıcı qazdan istifadə etdilər, itlərlə türk qadınlarını yoxlamağa başladılar. İnsanda həya ola ki, bundan sonra holland polisinin "humanist"liyindən danışa. Bakıda çıxarmadıqları hoqqa, satmadıqları milli maraq qalmadı, istədikləri yerdə də aksiya, mitinq keçirdilər, istənilən adama da şər-böhtan atdılar. Ancaq heç kim bu qərbyönümlü mavi cəbhəçilərin üstünə it hürdürmədi, gözyaşardıcı qazdan atəş açılmadı.
Qardaş Türkiyə dövlətinə qarşı Hollandiyanın atdığı başısovuq addımı hər kəs qınadı, ancaq görünür, bu, Kərimlinin xoşuna gəlməyib, ona görə də yazır: "Hollandiyada sərbəst toplaşmaq azadlığının olmadığını iddia edənlər...". İnsanda sifətə bax! Hollandiyada təkcə türklər yox, lap elə hollandların özləri belə mitinqlər keçirə bilməzlər. Fransada insanlar atın ayaqları altında necə tapdalanırlarsa, orada da elədir. Kərimliyə xatırlatmaq lazımdır ki, Hollandiyada sərbəst toplaşmaq azadlığının olmadığını sübut etməyə ehtiyac yoxdur axı. Görünən dağa nə bələdçi!? Təsəvvür eləyin, özünü müxalifətin "ana"sı elan edən Kərimli Hollandiyanın atdığı bu hərəkətə görə, Azərbaycanı qınayır. Paho, bəlkə gedib ABŞ-da öldürülən qara dərilililərə görə də, gedib bizləri Avropa Məhkəməsinə verəsiniz! Türklərin qapalı məkanda keçirməyi planlaşdırdıqları görüşdən qorxan Holllandiya, əslində, bütün Avropanın Türkiyəyə olan münasibətini büruzə vermiş oldu. Bəs Vyana sözləşməsi nə oldu? Axı bu sözləşməyə görə, Türkiyəyə orada görüşlər də, mitinqlər də keçirə bilərdilər. Qərbin qanunlara qoyduğu hörmət budurmu? Avropa cəhənnəmə, heç olmasa, bizim düdüklər abırlarına qısılıb, oturmadılar. Təriflədikləri Hollandiyanı yenə də müdafiə etməkdə davam edirlər. Təəccüblü də deyil, ötən ilin iyul ayının 15-də Türkiyədə baş verənlər ən çox bizim cəbhəçilərin, xüsusilə də, Kərimlinin ürəyincə deyildimi? Zalım oğlu gecə səhərə qədər yatmayıb, saytları izləyirdi ki, nəsə olsun. Axırda türk milləti Gülən kimi Kərimliyə də dirsək göstərdi.
İndi Cəmil Həsənliyə fikir verin. Görəsən, o, bu haqda nə düşünür? Nə düşündüyün bilmirəm, ancaq başı Rəsul Quliyevə yaman qarışıb, ağ yuyub-qara sərir, saqqalını verib Kərimlinin əlinə. Həmin Rəsulun üstünə düşüb ki, vaxtilə ona qalaq-qalaq ərizələr yazıb, pul istəyirdi. 1994-cü ildə kitab dərc etdirmək adı ilə R.Quliyevdən pul alan Həsənli sonra kitabı da dərc etdirmədi. Puldur da, aldı, yedi, getdi. Ya da hünəri olmadı!
Samir