"Bu, artıq hüquq-mühafizə orqanlarının səlahiyyətində olan, onların araşdırmalı olduğu məsələdir"
Son vaxtlar xarici maraqlı qüvvələrdən müəyyən təlimatlar alan dağıdıcı müxalifət müxtəlif çirkin vasitə və üsullardan istifadə etməklə, ölkədə pozuculuq aktları həyata keçirməyə cəhdlər göstərirlər. Bu məsələdə siyasiləşmiş QHT-lərin də fəallıq göstərmələri xaricdən verilən tapşırığın ciddi və sərt şəkildə verildiyini göstərir. Bunu bu günlər ermənilərlə birləşib Azərbaycana qarşı zərbə vurmağa cəhd edən siyasiləşmiş QHT-lərin rəhbərlərinin adlarının açıqlanması da təsdiq edir. Açıqlanan məlumatlara görə, siyasiləşmiş QHT-lərin maliyyələşməsi prosesini Xədicə İsmayıl öz üzərinə götürüb. Sual yaranır: Xədicə İsmayılı kimlər maliyyələşdirir və təlumatları hansı qüvvələr verir?
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
- Siyasiləşmiş QHT-lər ifadəsinin özü birbaşa bu sektor üçün arzuolunmaz və xoşagəlməz məqamdır. QHT-lər vətəndaş cəmiyyəti subyektləri olaraq ictimai təşkilatlardır və onların fəaliyyətində siyasi elementlərin olması, birbaşa və ya dolayısı ilə hansısa siyasi qüvvələrə xidmət etmələri məsələsi qanunla yasaqdır. Təəssüflər olsun ki, bu sahədə qeyd olunan neqativlər var və bu kimi hallar indi də davam etməkdədir. QHT-lərin fəaliyyətini tənzimləyəcək hüquqi normalarda dəyişikliklər edildiyi zaman bir çox təşkilatlar bunu birbaşa vətəndaş cəmiyyəti sektoruna təhlükə kimi qələmə verirdilər. Əslində, QHT-lərin fəaliyyətində şəffaflıq, dövlət və cəmiyyət qarşısında öhdəliklərin qarşılanması kimi məsələlərin hüquqi tənzimləmələr, xüsusilə, hansısa siyasi partiyaların qanadı altında olan QHT-lərin mənafelərinə cavab vermirdi. Çünki bəlli beynəlxalq fondlar və qurumlar illərdir öz maraq və mənafelərinə xidmət edən bəlli bir kəsim QHT-ləri, məhz siyasi maraqları naminə maliyyələşdirirdilər. Artıq qanunda, əvvəllər də əks olunmuş beynəlxalq layihələrin mütləq qaydada Ədliyyə Nazirliyində qeydiyyata alınması proseduru ciddiləşəndə, həmin siyasiləşmiş QHT-lər də guya ölkədə QHT sektorunun sıxışdırılması kimi absurd ittihamlar və bəyənatlar səsləndirirdilər. Bundan sonra, təbii ki, onlara maliyyə axınının qarşısı alındı və alternativ yollar kimi birbaşa fiziki şəxslərə verilməklə və ya üçüncü ölkədəki partnyor QHT-lər vasitəsilə qanunsuz maliyyələşmələrin olması kimi halların mövcudluğu haqqında fikirərlər səslənməyə başlandı. Qeyd etdiyimiz kimi, Xədicə İsmayılın vasitəsi ilə bu prosesin reallaşmasını da eşidirik. Əlbəttə, bu, artıq hüquq-mühafizə orqanlarının səlahiyyətində olan, onların araşdırmalı olduğu məsələdir. Bütün hallarda mən hüquq-mühafizə orqanlarımızı daha da ayıq-sayıq və bu kimi faktların araşdırılması üçün səfərbər olmağa çağırıram.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli:
- Siyasiləşmiş QHT-lərin Azərbaycana qarşı ermənilərlə birləşib zərbə vurmağa cəhd etmələri dövlətə və vətənə xəyanət etmək deməkdir. Bu, yolverilməzdir. Onların bu cür hərəkətlərə əl atmaları bağışlanan deyil. Dövlətdən kənar bu cür siyasətin aparılması qətiyyən yolverilməzdir. Belə hallara yol verənlər Azərbaycan qanunvericiliyinə və dünyanın bir çox ölkələrinin qanunlarına görə, ən ağır cəzaya layiq görülməlidirlər. Ümumiyyətlə, zaman-zaman inkişaf etmiş Azərbaycan dövlətinin əleyhinə iş aparan siyasiləşmiş QHT-lər var. "QHT-lər haqqında qanuna" görə, qeyri-hökümət təşkilatları siyasi proselərdə iştirak edə, siyasi tələblərlə çıxış edə bilməz. QHT-lər vətəndaş cəmiyyətinin inkişafına töhfə verməlidirlər. Təəssüflər olsun ki, Azərbaycanda zaman-zaman müxtəlif adlar altında xoşagəlməz hadisələr yaratmaq istəyən qruplar olub və bu gün də onlar iş başındadırlar. Amma onlar heç vaxt öz istəklərinə çatmayıb və bundan sonra da çatmayacaqlar.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:
- Təəssüflər olsun ki, bəzi xarici dövlətlərin kəşfiyyat orqanları özlərinin maraqlarına uyğun məqamlar çatanda, bizim QHT-lərdən istifadə etməyə çalışırlar. Bu da Azərbaycanın milli və dövlətçilik maraqlarına ziddir. Bu cür təşkilatların bu günə qədər ölkəmizdə apardıqları etibarsızlıq mühiti digər milli və vətənpərvər QHT-lərə də mənfi təsirini göstərib. Yəni bəzi QHT-lərin mənfi istiqamətdə dövlətçilik əleyhinə apardıqları fəaliyyət, təəssüflər olsun ki, dövlətçilik mövqeyini daim özünün əsas prariteti hesab edən, o cümlədən, bütün fəaliyyətini Azərbaycan dövlətçiliyi və milli maraqlarına xidmət edən təşkilatlara, təbii ki, mənfi təsirini göstərir. Ancaq bir məsələni yaddan çıxarmamalıdırlar ki, biz müstəqil dövlətik və bu müstəqil dövlətin qorunub-saxlanılmasını vətəndaş cəmiyyəti institutlarının üzərinə çox böyük öhdəliklər və məsuliyyət qoyur. Düşünürəm ki, bu cür təşkilatlar etdikləri hərəkətlərə görə, Azərbaycan qanunları çərçivəsində cəzalandırılmalıdırlar. Çünki bu təşkilatların fəaliyyəti erməni dəyirmanına su tökmək deməkdir. Xədicə İsmayılı maliyyələşdirən qüvvələr məlum idi. Hətta X.İsmayılla bağlı cinayət məcəlləsinə uyğun maddələr də var idi və o, həbs olunmuşdu. Amma görünür, X.İsmayıl orda islah olunmayıb. Hesab edirəm ki, X.İsmayıl Azərbaycan qanunları qarşısında cavab verməlidir.
GÜLYANƏ