PDF Oxu

Müxalifət

  • 3 089

Rəsul Quliyevin Cəmil Həsənliyə açdığı "atəş" boşa çıxmadı

image

Yaxud tərəflər bir-birlərinin paxırlarını üzə çıxartdılar

Bir müddətdir ki, okeanın o tayından səsi-sorağı gəlməyən eks-spiker Rəsul Quliyev yenidən sosial şəbəkədə fəallaşaraq, budəfəki hədəfini, "Milli Şura"nın sədri Cəmil Həsənli olaraq seçdi. Belə ki, R.Quliyev öz feysbuk səhifəsində C.Həsənlini "ağ yuyub-qara sərib" və bu məsələ tərəflərin təhqirləri ilə başa çatıb. Məsələ isə ondadır ki, səbəb R.Quliyevin Azərbaycan, Ermənistan və Gürcüstanın 1918-1920-ci illərinə aid status paylaşmasıdır ki, özünü "tarixçi- professor" kimi təqdim edən C.Həsənli sabiq spikerin yazdıqlarını savadsızlıq adlandırıb.

Beləliklə, söhbət uzanaraq, siyasi müstəviyə qədər "şişib".

Cəmil Həsənli: "Rəsul Quliyev fiaskoya uğradı"

C.Həsənli yazıb ki, əslində, Rəsul Quliyev Simferopol məzhəkəsindən sonra Azərbaycan cəmiyyəti üçün öz cazibəsini itirib: "Tale çox az halda insanlara, ən həlledici məqamda, düzgün qərar qəbul etmək şansı verir. Həmin şansdan yararlanmayanda, özünü siyasi mübarizəyə iddialı hesab edən şəxs, sonluğu olmayan çoxplanlı filmlərin qəhrəmanı kimi, hamı ilə "vuruşmalı" olur. Təxminən 4-5 il ardıcıl şəkildə müxalifəti təhqir etməyin başlıca hədəfi Azərbaycana qayıtmaq üçün siyasi razılıq almaqdan ibarət idi. Amma Rəsul Quliyev fiaskoya uğradı.

Adam 15 ildən artıqdır ki, işsiz-gücsüz Amerikada oturub, tarixi belə kobud şəkildə təhrif etməmək için özünə əziyyət verib, iki kitab belə oxumur. Deyək ki, başqa kitablara əli çatmır, dünyanı özünün cazibəsinə salmış "Əli və Nino" əsərinidəmi oxumamışdrmı bu adam?"

Rəsul Quliyev: "Mənə xalqın 65 faizi səs veribdir" deyən bir şəxsin özünün mitinqinə min nəfər belə toplaya bilməməsindən rüsvayçı bir hal ola bilərmi?"

Rəsul Quliyev isə Cəmil Həsənlini siyasi riyakarlıqda ittiham edib: "2013-ci il prezident seçkilərində 65 faiz səs topladığını elan edən, tarixdən başı çıxmayan, ancaq özünü professor adlandıran bir şəxs növbəti cızmaqarası ilə növbəti dəfə xalqı çaşdırmağa cəhd edir"

R.Quliyev sual edib ki, "Mənə xalqın 65 faizi səs veribdir" deyən bir şəxsin özünün mitinqinə min nəfər belə toplaya bilməməsindən rüsvayçı bir hal ola bilərmi? SİTAT: "...Özünü görkəmli "'tarixçi"' adlandıran bu şəxs əgər elementar analiz apara bilsəydi, tarixin elementar baza qaydalarından xəbəri olsaydı, günahını dərk edərdi. Həyatda heç kimə, heç vaxt heç bir xeyri dəyməyən və bundan sonra da dəyməyəcək bu şəxs, heç olmazsa, ziyan vurmasaydı, yazdığı cızmaqaraya cavab verməmək olardı..."

Eks-spiker: "Ömrünün finişində xidmət etmək istəyirsə, susmalıdır"

Eks-spiker əlavə edib: "Mən yazımda proseslərin mahiyyətini izah etməyə çalışmışam. Mən onun indiyə qədər yazdığı cızmaqaraların hər birinin mənasız cəfəngiyyat olduğunu və xalqa hansı ziyanları vurduğunu izah edə bilərdim. Ancaq "bəlkə özü anladı" prinsipi ilə baş qoşmurdum. Amma cavab vermək lazımdır, yoxsa o, həmin prezident seçkisində dediyi 65 faiz kimi, mənim üçün də "gördünüz, nə yerinə oturtdum" deyəcək. Onun belə havalanmasının səbəbi "Azadlıq" qəzetinin ancaq bir istiqamətdə çalışmasıdır. Amma qəzetin sizi səhərdən-axşama təbliğ etməsinin nəticəsi sıfıra bərabərdir, siz heç bir təsir gücünə malik olmayan bir şəxs kimi qalırsınız. 2005-ci il Simferopol hadisəsini "şou" adlandıran adamdan nə gözləmək olar? Sadəcə olaraq, bu adam yalandan, şər və böhtandan yoğrulmuş birisidir, xalqa heç olmasa, ömrünün finişində xidmət etmək istəyirsə, susmalıdır".

Beləliklə, bu məsələ o qədər böyülüb ki, R.Quliyev tərəfdarları ilə C.Həsənli tərəfdarları arasında da qızğın mübahisə yaşanıb, hətta bir-birlərini dava etməyə çağıranlar da tapılıb. Göründüyü kimi, müxalifətin "liderləri" öz siyasi ambisiyalarını qazanmaqdan ötrü, hətta insanları belə bir-birinə qarşı döyüşdürməkdən çəkinmirlər. Zatən, müxalifətin gerçək sifəti də, məhz budur!

Rövşən RƏSULOV

Digər xəbərlər