"Milli Şura"dan növbəti sərsəm iddialar
"Milli Şura" 20 ildən artıq bir müddətdir ki, yüzlərlə rüsvayçı mitinqlərdən nəticə çıxartmadığından yenə də mitinq keçirmək qərarına gəlməsi, doğurdan da, həmin qurumda təmsil olunanların həyasızlığının yüksək dərəcədə olduğunun göstəricisidir. Yenə də eyni adamlar, eyni şüarlar. Bu mitinqdə də xarici təşkilatlar qarşısında xal qazanmağa çalışan ənənəvi dağıdıcı müxalifət təşkilatları növbəti qrant həvəsindən yan keçə bilmədiklərini açıq şəkildə sərgiləməkdədirlər.
Yenə də özlərinə məxsus iddialara qərəzli don geyindirən "Milli Şura", aprel ayından başlayaraq, mitinq keçirəcəklərini bildirirlər. Hər şeyi qara rəngdə görən "Milli Şura"nın başbiləni Ə.Kərimli və ətrafı xarici havadarlarından əlavə qrant qopartmaq üçün bu dəfə qanunvericiliyimizə qarşı məkrli münasibətini "islahatçısayaq" məntiq və düşüncələrinə və xəyallarına əsasən formalaşdırır hazırladıqları biabırçı bəyanatlarda da insanlar kütləvi etirazlara çağırılır. Amma "Milli Şura" da daxil olmaqla, ötən siyasi kampaniyalarda özünü doğrultmayan dağıdıcıların mitinq təşəbbüslərinin acı nəticələri, deyəsən, Ə.Kərimli və onun ətrafına toplaşan zümrələr üçün ibrət olmayıb. 20 min nəfərlik mitinq sevdasına düşənlərin heç 200 nəfəri belə toplamaq iqtidarında olmadıqları yaxın illərin müşahidəsi də təsdiqləyir.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Milli Şura"nın aprel ayından başlayaraq, keçirmək istədiyi mitinq də əvvəlkilərdən daha biabırçı olacağını və aksiyalara heç kimin qatılmayacağını bildirib: "Ümumiyyətlə, "Milli Şura" adı olub - özü olmayan, ancaq iddiası imkanlarından böyük olan bir təşkilat təəssüratı bağışlayır. Mitinq keçirilsə belə, çox cüzi sayda insanlardan başqa aksiyaya heç kim qatılmayacaq".
"Onların çalışdıqları odur ki, xaricdəki yiyələri pullarını kəsməsin"- bu fikirləri ASDP sədri, millət vəkili Araz Əlizadə qəzetimizə açıqlamasında "Milli Şura"nın keçirməyi planlaşdırdığı mitinqlə bağlı bildirib ki, xalq dəstəyindən məhrum olduqları halda, bu dəfə də eyni mənzərə təkrarlanacaq: "Bu vaxta kimi, özünü "Milli Şura" adlandıran qurumun elə bir aksiyasını görmüsünüzmü ki, onu kütləvi aksiya kimi xarakterizə etmək mümkün olsun? Xeyr. Onlar ancaq özlərini gündəmdə saxlayırlar ki, xaricdəki yiyələri pullarını kəsməsin. Bu qurumun keçirdiyi aksiyalar buna xidmət edir".
Millət vəkili, onu da bildirdi ki, bir jurnalist məndən son günlər AXCP sədri Ə.Kərimlinin ABŞ səfirliyinə tez-tez getdiyini soruşarkən, cavab verdim ki, "uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, "Milli Şura" deyilən bir şey yoxdur axı. Bu yöndə mitinq keçirmək, bununla da, hər hansı bir uğur əldə edə bilmək şansı sıfır həddindədir. Bu qurum ölü bir qurum kimi, sadəcə, quru adı üzərində yaşayır: "Bu baxımdan, ölü bir qurumun heç bir tədbirinə ciddi yanaşmırlar. Çünki qeyri-ciddidən ciddilik gözləməyin özü də absurd fikirdir".
Beləliklə, görünən də budur ki, müəyyən xarici qüvvələrin əlində alətə çevrilərək, konkret maddi maraqlara söykənən bu qüvvələr qarşısında, götürdüyü öhdəlikləri yerinə yetirmək naminə, ucuz siyasi şoular təşkil etməyə yönəlmiş ölü qurum olan "Milli Şura" fəaliyyəti ilə Azərbaycan cəmiyyətində ikrah hissi yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil. Artıq bu, özünü dəfələrlə sübut edib. Belə olan halda, aprel ayından başlayaraq, planlaşdırdıqları mitinqlərdə də biabırçılıq olacağı şübhəsizdir. Çünki cəmiyyətin belə perspektivsiz, mənasız və məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur.
Rəfiqə HÜSEYNOVA