Partiyaların sıradan çıxması və ya kütləvi istefaların baş verməsi davam edəcək
Dağıdıcı müxalifət partiyalarının normal inkişaf və cəmiyyətdəki ictimai-siyasi proseslərə təsir edə bilməməsinin səbəblərinin məhz həmin liderlərlə əlaqələndirmək lazımdır. Düşünürəm ki, bu partiyalar da həmin liderlərin şəxsi maraqları üzərində qurulub. Demək olar ki, adıçəkilən partiyalar, ancaq bir şəxsin iradəsindən asılıdır. Ona görə də, bu kimi partiyalar normal bir partiyaya çevrilərək, fəaliyyət göstərə bilmirlər. Bunun da əsas səbəbi, uzun illərdir ki, bu partiyaların başında oturan öz şəxsi maraqlarını güdən liderlərlə bağlıdır. "Yurddaş" Partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, uzun illərdir ki, partiya sədri kreslosunda oturanların yeniləri ilə əvəz olunmaması, həmin partiyaların cəmiyyətdə yer tutmasına və güc mərkəzinə çevrilməsinə imkan vermir: "Dağıdıcı müxalifət gündəmdə qalmaqdan ötrü reallığı özündə əks etdirməyən məsələlərlə məşğul olur. Bir sözlə, radikal müxalifət ictimaiyyətin diqqətini cəlb etmək üçün bu cür əməllərə əl atır. Bu da, birmənalı şəkildə, müxalifət təmsilçilərinin bu cür yersiz hərəkətləri xalq tərəfindən pis qarşılanır və daha da xalqın gözündən düşürlər. Demək olar ki, artıq uzun illərdir ki, adıçəkilən siyasi qüvvələr müxalifətdə təmsil olunurlar. Dağıdıcı müxalifət uzun illərdir ki, ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir. Azərbaycanda nəyə isə nail olmaq üçün ilk öncə, ictimaiyyətin dəstəyini qazanmaq lazımdır. Yəni onlar ölkədə keçirilən seçkilərdə iştirak edərək, nəyə isə nail olmaları mümkün ola bilərlər. Əks-təqdirdə qeyri-sivil yollarla heç nəyə nail olmaq mümkün deyil. Çünki Azərbaycan demokratik-hüquqi bir dövlətdir".
M.Səfərlinin sözlərinə görə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar ortaya konkret ideya qoya bilmirlər: "Onların ortaya nə isə ideya qoya bilməməklərinin səbəbi odur ki, bu partiyaların əksəriyyəti hansısa ideologiya əsasında formalaşan partiyalar deyil. Bir sözlə, həmin partiyalar ayrı-ayrı şəxslər ətrafında formalaşaraq, fəaliyyət göstərirlər. Belə olan halda da, sözügedən partiyaların iş fəaliyyəti də həmin şəxslərin şəxsi maraqlarına yönəlir. Məhz bu partiyaların ölkədə keçirilən seçkiləri uduzmasının və onları dəstəkləyən mühitin daralması səbəblərini özlərində axtarmaq lazımdır".
M.Səfərli onu da bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən dağıdıcı müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır: "Adıçəkilən partiya sədrləri öz səhvlərini, öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar".
GÜLYANƏ