"Saxta sənədlərlə "invalid" statusu alan və vaxtından qabaq özünə pensiya təşkil edən insan bu şərəfsiz deyilmiş!?"
1996-cı ildə Azərbaycandan qaçıb gedən, dövlətdən oğurladığı pullar hesabına ABŞ-da özünə böyük biznes quran, zaman-zaman dövlətçiliyimiz əleyhinə səsləndirdiyi fikirlərlə "müxalifət"çi libası geyinərək, gündəmdə qalmağa çalışan Rəsul Quliyev bu dəfə "Milli Şura"nın sədri Cəmil Həsənli ilə söz savaşına çıxıb. Mahiyyət etibarilə hər ikisi də eyni düşüncə və təfəkkürdə olan insanlardı. Yəni istər C.Həsənli, istərsə də R.Quliyevi Azərbaycan dövlətinə qarşı düşmənçilik münasibətdə fərqləndirən heç bir cəhət yoxdur. Ahıl, qoca adamların bu yaşda özlərini rüsvay etmələri, bir-birilərinə təhqir dolu ittihamlar yağdırmaları heç də təəccüblü deyil. Çünki bu adamların "fəaliyyət"ləri onsuz da təhqir və söyüş üzərində qurulub. Bəs R.Quliyevlə C.Həsənli arasında nə baş verir? Facebook üzərindən bir-birilərinin ünvanına ağır söyüşlər səsləndirən bu şəxslər özlərinin "siyasətçi" adlandırsalar da, onların nə qədər cılız olduqlarını görməmək mümkün deyil.
C.Həsənli yazır: "Rəsul Quliyevin həyatı "şəffaf" olduğu üçün, zatən xalqımız onun korrupsiya əməlləri barədə çox şey bilir. Mən onun savadsız olması haqqında da yazmayacağam, çünki bu adam özü-özünün savadsız olduğunu hər kəsdən daha "ağıllı" formada sübuta yetirib. R. Quliyevin biznes bacarığına da bənd olmaq lazım deyil. Çünki bir vaxtlar dövlətə məxsus olan beş-altı çəllək nefti, bir o qədər də mazutu satıb, qır-saqqız kimi bu xalqın yaxasına yapışmaq, qatran kimi qara işlərə qurşanmaq böyük biznes bacarığı hesab oluna bilməz. Adamın R.Quliyevə, sadəcə olaraq, yazığı gəlir. C.Həsənli onu da bildirib ki, ölkəni tərk etdikdən sonra 8 partiya və bir o qədər də müttəfiq dəyişən R.Quliyevin indi düşdüyü vəziyyətə acıyıram.
R.Quliyevin də C.Həsənliyə cavabı çox gecikməyib. Belə ki, C.Həsənlini quyruq bulamaqda ittiham edən R.Quliyev yazır: "Bütün həyatı boyu heç bir xeyirli işlə məşğul olmayan, bu gün xalqa xidmət edən bir tələbə belə yetirməmiş, heç kimin oxumadığı, sifarişlə yazılmış kitablarına görə özünü "professor" adlandıran psixikası pozulmuş şəxs, yeni çızma-qarasında bir daha daxili əxlaqsızlığını nümayiş etdirir. Elə bil prezident seçkilərindən sonra 6 ay "prezident mənəm, 65 faizlə udmuşam" deyən təlxək mən olmuşam, bu, yox! Saxta sənədlərlə "invalid" statusu alan və vaxtından qabaq özünə pensiya təşkil edən insan bu şərəfsiz deyilmiş! Kimdir bu "professor?" "Azadlıq" qəzetində ağzına gələni yazan və bu qəzetdə heç bir cavab ala bilməyəcəyinə əmin olan bədbəxt. Bu özünü "professor" adlandıran aşağı problu adamla polemikaya girmək istəmirəm".
Samir