Son günlər dağıdıcı müxalifətin bəzi texnoloqları aprel-may aylarında mitinqlərə başlayacaqları hədəsi ilə çıxış edirlər. Hətta Müsavat başqanı Arif Hacılı iddia edib ki, ümumi müxalifətin respublika mitinqi təşkil olunacaq. Sual olunur: bir-birinə düşmən kəsilən Müsavat - "Milli Şura", Müsavat-AXCP qarşıdurması fonunda Əli Kərimli, Cəmil Həsənli, Sərdar Cəlaloğlu və digərləri Arif Hacılının bu təklifinə dəstək verə biləcəkləri nə dərəcədə inandırıcıdır? Söhbət etdiyimiz müsahiblərimiz dağıdıcı müxalifətin mitinq keçirmək arzusunu dilə gətirməsinin arxasında onlara maddi və mənəvi dəstək göstərən xarici maraqlı qüvvələrin göstərişi dayandığını bildirdilər.
Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli:
- Müxalifət özünün sosial bazasını itirib və heç bir sosial dayaqlara da malik deyil. Müxalifətin yazqabağı mitinqlərə başlayacaqları hədəsi ilə çıxış etmələrinin kökündə MDB məkannında baş qaldıran müəyyən çalxalanmalarla bağlıdır. Yəni MDB məkanında olan hansısa bloqerlər müəyyən qədər kütlələrə təsir edirlər və onları elektron vasitələrlə etiraz nümayişlərinə çağırışlar edirlər. Azərbaycanın dağıdıcı müxalif ünsürləri çox pis vəziyyətdə qalıblar ki, siyasi təşkilat olmalarına baxmayaraq, heç kim bunları eşitmir və xalq tərəfindən hər hansı bir siyasi dəstəyə malik deyillər. Demək olar ki, cəmiyyətdə müxalifətin varlığı hiss olunmur ki, onlar nə isə edə bilsinlər. Belə olan halda da, müxalifət təmsilçiləri kimliklərini xatırlatmaq üçün mitinqlər keçirmək kimi absurd çağrışlarla çıxış edirlər. Düşünmürəm ki, adları çəkilən şəxslər bir araya gələ bilsinlər. Demək olar ki, müxalifət düşərgəsində özlərində müəyyən qədər güc olduğunu iddia edən AXCP və Müsavat yetkililəri bir-birilərinə qarşı düşmən münasibətindədir. Digərləri isə, bu iki partiyanın ətrafında fırlanırlar. Yəni müxalifət düşərgəsində olan bu iki partiya AXCP və Müsavat bir-birləri ilə yola getmirlərsə, onda bunların hər hansı bir birliyinin olması qeyri-mümkündür. Çünki nə AXCP, nə də Müsavat hansısa bir məqamda biri digərini müdafiə etməyib. Bir sözlə, onlar heç bir halda bir araya gələ bilməzlər.
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:
- Müxalifət düşərgəsində təmsil olunan qüvvələrin bir araya gələrək, mitinq keçirmək fikrinə düşmələri, sadəcə olaraq, bir fon yaratmaqdır. Yəni xaricdə olan havadarlarına bir mesajdır ki, biz də varıq. Bununla da xaricdə olan havadarlarından maliyyə yardımları alaraq, özlərinin ciblərini doldurmağa ümid bəsləyirlər. Ümumiyyətlə, müxalifət təmsilçiləri hər fürsətdən yararlanmağa çalışıblar. Yəni öz şəxsi mənafeləri məqsədilə onlar bu cür addımlar atırlar. Amma onların nə etmələrindən və nə istəmələrindən asılı olmayaraq, onlar heç nə edə bilməyəcəkdir. Çünki bu qüvvələr xalqın gözündən düşüb. Belə olan halda, onlar hansı mitinqlərə başlayacaqları hədəsi ilə çıxış etmələri boş və mənasız hay-küydən başqa bir şey deyil. Yaxşı olardı ki, həmin qüvvələr daha da rüsvayçı bir vəziyyətə düşməmiş bu fikirlərindən əl çəksinlər. Əks-təqdirdə, onları baş tutması qeyri- mümkün olan növbəti mitinq biabırçılığı gözləyir.
GÜLYANƏ