PDF Oxu

Müxalifət

  • 2 981

Sarkisyanın sərsəm bəyanatının pərdəarxası məqamları!

image

Sarkisyanın Azərbaycanı "İsgəndər" raketi ilə hədələməsi də hakimiyyətini qorumağa və insanlarda çaşqınlıq yaratmağa hesablanıb

Ermənistanda keçiriləcək parlament seçkikləri ərəfəsində Serj Sarkisyanın ağır günlərini yaşayır. Ölkədə günbəgün dərinləşən sosial-iqtisadi problemlər, cinayətlərin sayının artması, korrupsiya sayəsində dövlət büdcəsinin dağıdılması sübut edir ki, 2 aprel parlament seçkiləri Sarkisyana asan başa gəlməyəcək. Sarkisyanın işğal altında olan Qarabağa qanunsuz səfəri və həyasız şəkildə Azərbaycanı "İsgəndər" raketi ilə hədələməsi də hakimiyyətini qorumağa, insanlarda çaşqınlıq yaratmağa hesablanıb. Sarkisyanın belə bir həyasızlıq nümayiş etdirməsi heç kimdə təəccüb yaratmır. Sarkisyan daim populist fikirlərlə Ermənistan cəmiyyətini çaşdırmağa, insanlarda süni ruh yüksəkliyi yaratmağa çalışıb. Ümumiyyətlə, Sarkisyan dünyada dövlət başçıları içərisində terroru açıq şəkildə dəstəkləyən yeganə şəxsdir. Onun "Xocalı hadisəsi zamanı sübut etdik ki, biz ermənilər vəhşilik də edə bilərik, stereotipləri qırdıq, istədiyimizi etdik" deməsi bunun sübutudur. Eyni zamanda, bir neçə il öncə, Ermənistanda prezidentliyə namizədi güllələtdirən Sarkisyan bunu "normal hadisə" adlandırmışdı. Bu gün də Ermənistanda parlament seçkiləri ərəfəsində "Ohanyan-Raffi-Oskanyan" blokunun üzvlərinə qarşı açıq şəkildə terror siyasəti həyata keçirir. Samvel Babayanı "zenit-raket kompleksi" əldə etməkdə ittiham ediblər. Təbii ki, "Ohanyan-Raffi-Oskanyan" blokunun da təsisçiləri vaxtilə Sarkisyanla eyni komandada olub, eyni cinayətləri törədiblər, bu gün isə bir-birilərini ittiham etməklə məşğuldurlar. Hətta seçicilərlə görüş zamanı Ohanyana güllə də atılıb. Bəs Sarkisyanın Azərbaycanı hədələməsində əsas məqsəd nədir?

Aydın Mirzəzadə: "Sarkisyan Ermənistanın taleyini çox böyük sual altında qoyduğunun fərqinə varmır"

Milli Məclisin deputatı Aydın Mirzəzadə Sarkisyanın Azərbaycanı hədələməsinə münasibət bildirərkən, qeyd edib ki, Ermənistan Azərbaycan üçün hər hansı bir ciddi təhlükə törədə bilməz: "Ümumilikdə, Sarkisyan və Ermənistan rəhbərliyi tamamilə reallığı itiriblər. Azərbaycan torpaqlarını işğal etmələri, ərazilərimizdə qeyri-qanuni silahlı qüvvələrini saxlaması onlara kifayət deyil. Artıq ölkəmizi müharibə ilə təhdid edərək, Azərbaycan torpaqlarının işğalını daha da artırmaqla hədələyirlər. Bu, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Azərbaycan hökuməti Ermənistan prezidentinin beynəlxalq hüquq normalarına zidd, orta əsrlər təfəkkürlü bəyanatlarının yolverilməzliyi barəsində ATƏT-in rəhbərliyinə dünən müvafiq müraciət göndərdi. Dünya Ermənistanın özünü heç bir hüquqla bağlı olmayan və qonşu ölkələrin ərazi bütövlüyü anlayışını qəbul etməyən pis dövlət kimi mövcud olduğunun fərqinə varmalıdır. Dağlıq Qarabağ probleminin kökündə məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi durur. Millət vəkilinin sözlərinə görə, Ermənistan və onun indiki rəhbərliyi çox ciddi odla oynayır: "Onlar hesab edirlər ki, bu cür düşünülməmiş və sözün əsl mənasında, ağılsız uşaq bəyanatları ilə Azərbaycanda bir qorxu hissi yaradır. Ölkəmiz onların bütün sahələrində, o cümlədən, hərbi sahədə belə cavabını artıqlaması ilə verməyə hazırdır. Ermənistanın hər hansı düşünülməmiş hərəkətinin cavabı həmin anda veriləcək. Dünən Azərbaycanın Müdafiə Nazirliyi də bu məsələ ilə bağlı ilə bəyanat verdi. Bildirildi ki, Ermənistanın təhdidlərinə qarşı Azərbaycanın cavabları vardır və onlar odla oymaqdan çəkinsin. Sarkisyan bu cür hədələrlə qarşıdan gələn Ermənistandakı parlament seçkilərində seçicilərin səsini toplamağa çalışır. Amma o, Ermənistanın taleyini çox böyük sual altında qoyduğunun fərqinə varmır".

Elçin Mirzəbəyli: "Sarkisyan və onun komandası yenidən hakimiyyətə sahiblənərsə, bu, Ermənistanın sonu olacaq"

Politoloq Elçin Mirzəbəyli bildirib ki, Sarkisyanın Dağlıq Qarabağa qanunsuz səfəri aprelin 2-nə təyin olunmuş seçkilərlə bağlıdır: "Bir qayda olaraq, Ermənistan prezidentləri hər seçki öncəsi Dağlıq Qarabağa səfər edir və oradan öz mesajlarını Ermənistan cəmiyyətinə ünvanlayırlar. Sarkisyanın səfəri və mesajları onu ifadə edir ki, Xocalı qatili, hər zaman olduğu kimi, Qarabağ klanına arxalanır və onun rəhbərlik etdiyi partiya hakimiyyətdə qalacağı təqdirdə, yenə də bu klanın maraqlarından çıxış edəcək. Bu səfərin ilk mesajı da elə budur. Sarkisyan siyasətdə qalacağını bəyan etməklə, əslində, hakimiyyətdən getməyəcəyi mesajını da verir. Onun açıqlamalarından belə anlaşılır ki, daha çox konstitusiyaya edilmiş dəyişikliyə əsasən, parlamentin seçəcəyi prezident kürsüsünə iddialıdır. Əslində, bu açıqlama Ermənistanda konstitusiyaya edilən dəyişikliklərin mahiyyətini də ortaya çıxarır. Yəni əgər konstitusiyaya dəyişiklik edilməsəydi, ümumxalq səsverməsi yolu ilə keçirilən seçkilərdə Sarkisyanın, hətta total saxtakarlıq edərək, hakimiyyətdə qalması çətin olacaqdı".

E.Mirzəbəylinin sözlərinə görə, Sarkisyan parlament seçkilərindən sonra isə partiyasının və yedək partiyaların təmsilçilərinin səs çoxluğu ilə yenidən prezident kürsüsünə sahiblənəcək. Doğrudur, səlahiyyətləri əvvəlki kimi olmayacaq, amma proseslərə nəzarət edə biləcək. Hazırda 2 aprel seçkisinin Sarkisyanın sonu olacağını söyləmək üçün heç bir əsas yoxdur. Amma Sarkisyan və onun komandası yenidən hakimiyyətə sahiblənərsə, bu, Ermənistanın sonu olacaq".

Müdafiə Nazirliyi: "Görüləcək cəza tədbirləri nəticəsində, Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq"

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər" operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Sarkisyanın bu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır: "Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən, Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir. Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində, Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir".

Samir

Digər xəbərlər