SİYASİ ARAŞDIRMA
ABŞ-ın ermənipərəst konqresmenləri Adam Şiff və Deyv Trott qondarma erməni soyqırımının bu ölkə tərəfindən rəsmən tanınması istiqamətində qətnamə hazırlayıblar. Müəyyən olunub ki, qondarma qətnamənin təsirli olması üçün konqresmenlər hazırda "İslam Dövləti" (keçmiş adı "İŞİD"-red.) terror təşkilatının da İraqda və Suriyada ermənilərə qarşı bənzər soyqırımı törətdiklərini iddia ediblər. Ermənipərəst konqresmenlərin təşəbbüslərinə ABŞ konqresinin Ermənistan məsələləri üzrə qrupunun üzvləri - konqresmenlər Valado, Bilirakis, Pallone və Şpeyer də qatılıb. Onlar qondarma erməni soyqırımının ABŞ dövləti tərəfindən rəsmən tanınması istiqamətində Adam Şiffin və Deyv Trottun təşəbbüsünü dəstəklədiklərini bəyan ediblər.
Adam Şiff aşkar şəkildə Azərbaycan əleyhinə olduğunu konqresdəki çıxışları ilə təsdiq edib
Xatırladaq ki, qondarma erməni soyqırımının qızğın təşəbbüskarlarından biri olan konqresmen Adam Şiff aşkar şəkildə Azərbaycan əleyhinə olduğunu konqresdəki çıxışları ilə təsdiq edib və işğal altındakı separatçı "DQR"in tanınması istiqamətində fəaliyyət göstərir. Məsələn, Şiff ABŞ-ı Azərbaycana hərbi yardımı dayandırmağa, Qarabağın separatçı rejiminə və işğalçı Ermənistana maliyyə yardımlarını artırmağa çağrırıb. Ermənipərəst konqresmen Nümatəndələr Palatasının Birgə Proqramlar və Xarici Əməliyyatlar Yarımkomitəsini Ermənistana və Dağlıq Qarabağa 40 milyon dollar yardım ayırmağa da səsləmişdi.
AXCP sədri Əli Kərimlinin nəzarətində fəaliyyət göstərmiş "Azadlıq" qəzeti Adam Şiffi bütün zamanlarda təbliğ edib
Eyni zamanda, Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı antipatiya hisslərini gizlətməyən A.Şiffin bəyanatları Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetində dərc edilib.
Linklərə baxa bilərsiniz:
https://www.azadliq.info/156918.html, https://www.azadliq.info/24644.html, https://www.azadliq.org/a/2027726.html.
Onu da əlavə edək ki, Kaliforniya ştatından olan yəhudi əsilli konqresmen hələ 2007-ci ildə bənzər təşəbbüslə çıxış etmişdi. O, qeyd etmişdi ki, seçilldiyi ərazidə 70 min erməni yaşayır. Məhz bu məntiqlə, o, həmin il "erməni genosidi" məsələsini qanun şəklində (United States resolution on Armenian Genocide) gündəmə gətirmişdi. Lakin həmin vaxt Türkiyənin baş naziri olan hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın kəskin xəbərdarlığından sonra ermənipərəst konqresmen bu arzusunu reallaşdırmağı bacarmamışdı.
Rövşən NURƏDDİNOĞLU