PDF Oxu

Müxalifət

  • 3 222

Belarus və Rusiyada keçirilən mitinqlər müsavatçıları "vəcdə" gətirib

image

TƏRS BAXIŞ

Arif Hacılı və ətrafı yenə cəfəng fikirlərlə baş qatırlar

Bu günlərdə Müsavat partiyasının divan toplantısı keçirilib. Toplantıda iştirak edən partiya səlahiyyətliləri Belorus və Rusiya müxalifətçiləri tərəfindən keçirilmiş kütləvi aksiyaların ardınca yenidən mitinq keçirmək barədə fikirlər irəli sürüblər. Ənənəvi düşərgəyə məxsus faktor burada bir daha özünü sərgiləyib. Daha dəqiq desək, fakt budur ki, dünyanın müxtəlif ölkələrində, eləcə də, MDB məkanının hər hansı ölkəsində mitinq və nümayişlər keçirilirsə, Azərbaycan müxalifəti dərhal bundan "vəcdə" gəlir və mitinq keçirmək qərarını verir. İctimai rəy dəfələrlə bu kimi halların şahidi olub.

Divan toplantısı zamanı guya müsavatçıların belaruslu və rusiyalı müxalifətçilərlə həmrəy olduqlarını göstərmək cəhdləri, sadəcə onlara qarşı istehza təsirini daha da artırmış olur

Gürcüstanın "qızılgül inqilabı"ndan tutmuş Ukraynanın "narıncı inqilabı"na, eləcə də, sonrakı proseslərə dərhal reaksiya verən düşərgə "liderləri" Azərbaycanda da eyni halın yaşanacağına tərəfdarları qarşısında vədlər verirlər. Ancaq görünən budur ki, həmin vədlər nəinki reallaşdırılmır, eyni zamanda, sağlam düşüncəli ictimai rəy tərəfindən rədd edilir.

Məhz bu amili nəzərə alarsaq, Müsavat partiyasının divan toplantısı zamanı guya müsavatçıların belaruslu və rusiyalı müxalifətçilərlə həmrəy olduqlarını göstərmək cəhdləri, sadəcə onlara qarşı istehza təsirini daha da artırmış olur. Necə deyərlər, müsavatçılar divan toplantısında mitinq keçirmək ətrafında müzakirələr aparmaqla öz siyasi yüngüllüklərini nümayiş etdirməkdən başqa, heç nəyə nail ola bilməyiblər.

Arif Hacılı da İsa Qəmbər kimi özünü rüsvay etməklə məşğuldur

Görünən budur ki, Müsavatın qeyri-leqal və saxtakar başqanı Arif Hacılı Belarusda və Rusiyada keçirilən kütləvi etiraz aksiyalarından belə özünə siyasi xal toplamağa cəhd edir. Vaxtilə müsavatçıların sabiq başqanı İsa Qəmbər də bənzər addıma gedərək, özünü rüsvay etmişdi. Məsələn, Ukraynada "Maydan" hərəkatı zamanı keçirilən kütləvi tədbirlərə qatılan eks-başqan orada çıxış edərək, ölkə müxalifəti daxilində xal toplamağa çalışmışdı. Həmin vaxt, hətta Azərbaycandakı bir çox müxalifət partiyalarının rəhbərləri müsavatçı başqanın bu addımını siyasi təlxəklik adlandırmışdılar.

Görünür, indi A.Hacılı bənzər uğursuz taktikadan istifadə edərək, guya Azərbaycan müxalifətini "ayağa qaldıracağını" və bununla da, Belarus və Rusiyada baş verən hadisələri təkrarlayacağını hesab edir.

Divanın toplantısı mitinq ətrafında uzun gap etdikdən sonra...

Bu gün heç bir müxalifət partiyası həmin ölkələrdə baş verənlərlə bağlı fikir bildirmədilər. Çünki yaxşı bilirlər ki, başqa ölkənin daxili siyasətinin onlara heç bir aidiyyəti yoxdur. Hətta münasibət bildirsələr belə, bu, onlara heç bir dividend gətirməyəcək.

Beləliklə, Müsavat divanının toplantısı mitinq ətrafında uzun gap etdikdən sonra kütləvi aksiyaların keçirilməsi qərarına gəliblər. Fəqət, bunlar kütləvi aksiya deyərkən, çox yəqin ki, 200-300 nəfərlik rüsvayçı mitinqlərini nəzərdə tuturlar. Amma bu mitinqlər keçirilsə belə, onların dağınıq və pərakəndə müxalifətə heç bir müsbət hal bəxş etməyəcəyini bəri başdan ehtimal etmək olar. Qısası, A.Hacılı və ətrafı boşluqdan cəfəng fikirləri ilə baş qatmaqla məşğuldurlar.

Rövşən RƏSULOV

Digər xəbərlər