AXCP üzvü Elvin Abdullayev: "Taleh Bağırzadə, Abgül Süleymanov siyasi məhbus deyil, onlar İran agentləridir"
Azərbaycan Prezidenti İlham Əliyevin sonuncu Əfv Fərmanı ilə həbsdən azad olunan, AXCP üzvü Elvin Abdullayev sensasiyalı açıqlamalarla çıxış edib. E.Abdullayev təmsil etdiyi partiyanın Azərbaycanda xaos, silahlı qarşıdurmalar yaratmağa çalışan, Nardaran olaylarına görə həbs edilən Taleh Bağırzadə ilə bağlı tutduğu mövqeyi sərt şəkildə tənqid edib: "AXCP-nin T.Bağırzadəni müdafiə etməsi milli maraqlarımızı satmaqdır və dövlətə xəyanətdir. AXCP-nin T.Bağırzadə, Abgül Süleymanovu müdafiə etməsi heç bir halda doğru deyil, çünki onlar İran agentləridir. Həbsdən azad olunmağıma sevinənlər də çox oldu, sevinməyənlər də. Sevinməyənlər o insanlar idi ki, onlar İrana - Xomeyniyə bağlı insanlar idi. Onlar məni heç təbrik də etmədilər. Hətta dedilər ki, inşallah, yenidən qayıdarsan həbsxanaya. Əsasən də, Xomeyninin, T.Bağırzadənin, A.Süleymanovun tərəfdarları idi. Onlarla mənim dəfələrlə mübahisəm düşmüşdü. Çünki onlar İranın və Xomeyninin təbliğatını aparırdılar. Bu adamların İran xüsusi xidmət orqanları ilə birbaşa əlaqələri var idi. Onlar həbsxanadan İran təbliğatı aparıb insanlara aşılamağa çalışırdılar, biz də əks-təbliğat aparıb insanlara milli ruhu aşılayırdıq".
"Əli Kərimli vətənə xəyanət edənləri müdafiə etməklə doğru addım atmır"
AXCP üzvü E.Abdullayev vurğulayıb ki, AXCP rəhbərliyinin, Ə.Kərimlinin T.Bağırzadə, A.Süleymanov və tərəfdarlarını "siyasi məhbus" adlandırması qətiyyən doğru deyil: "Sonuncu dəfə T.Bağırzadənin tərəfdaşları ilə ciddi mübahisələrim oldu həbsxanada. Onlar vətənə xəyanət ediblər. İran meyilli olmağın özü belə vətənə xəyanətdir. T.Bağırzadə və tərəfdarlarının ideologiyası İran xüsusi xidmət orqanlarına işləmək, xomeyniçi olmaq üzərində qurulub".
E.Abdullayev onun T.Bağırzadə və tərəfdarları haqqındakı fikirlərinin təmsil olunduğu AXCP-də yaxşı qarşılanmadığını, hətta buna görə cəbhəçilər tərəfindən təhqir olunduğunu da qeyd edib.
Samir