PDF Oxu

Müxalifət

  • 3 466

Rəsul Quliyev indi də gəncləri öz toruna salmağa cəhd edir

image

TƏRS BAXIŞ

Üstəlik, müxalifət "liderlərini" Navalnı ola bilməməkdə günahlandırır

Son günlər sabiq spiker Rəsul Quliyevin sosial şəbəkə vasitəsilə fəallaşması müşahidə olunmaqdadır. O yenidən ölkənin siyasi arenasına qayıtmaqdan ötrü əlində olan bütün rıçaqlardan istifadə edir. Bunun üçün isə onun əsas hədəfi AXCP sədri Əli Kərimli, "Milli Şura"nın sədri Cəmil Həsənli, Müsavat başqanı Arif Hacılı olsa da, hazırda yelkənini gənclərə tərəf yönəldib. Daha dəqiq desək, yuxarıda adları çəkilən "liderlərin" ətrafında olan bəzi gəncləri onlardan uzaqlaşdıraraq, ətrafına cəlb etməyə çalışır.

Rəsul Quliyev azərbaycanlı gəncləri də dağıdıcılığa, qanunlara tabe olmamağa səsləyib

Bunun üçün isə bir neçə gün öncə Rusiyada müxalifət lideri Navalnı tərəfindən keçirilən kütləvi etiraz aksiyaları, necə deyərlər, R.Quliyev üçün göydəndüşmə oldu. Dağıdıcı müxalifət "liderlərini" fəaliyyətsizlikdə ittiham edən eks-spiker "rusiyalı gənclər bizim gənclər üçün örnək olmalıdır" fikrini ortaya atıb. "...Və mühüm hadisələrdən biri onların (rusiyalı gənclər-R.R.) döyülmələrinə, konveyer şəkilində həbs olunmaqlarına baxmayaraq, axıra qədər vuruşublar"-deyə ruslarla fəxr edən R.Quliyev azərbaycanlı gəncləri də dağıdıcılığa və qanunlara tabe olmamağa səsləyib.

Eks-spikerdən müxalifət "liderlərinə" atmaca: "Navalnıdan söhbət getmir, heç onun 10-dan bir ağlına, fərasətinə malik olan liderimiz yoxdur"

Göründüyü kimi, okeanın o biri tayında oturub "siyasət-siyasət" oyunu oynayan bu oyunbaz "bir güllə ilə iki dovşan vurmağa" cəhd edir. Bir tərəfdən radikal müxalifət "liderlərini" "baltalayır", digər tərəfdən isə müxalifətçi gənclər qarşısında özünə siyasi dividend qazanmağa səy göstərir.

Məsələn, R.Quliyev Ə.Kərimlinin, C.Həsənlinin, A.Hacılının və digər müxalifət rəhbərlərinin rusiyalı müxalifətçi Navalnı ilə heç vaxt müqayisə oluna bilinməyəcəyini deyib. SİTAT: "Bizim ölkədə Navalnımız , Navalnıdan söhbət getmir, heç onun 10-dan bir ağlına, fərasətinə malik olan liderimiz yoxdur".

Üstəlik, o, AXCP-"Milli Şura" cütlüyünü, eləcə də Müsavat, "Ümid", KXCP, VİP, VHP, "Azadlıq" və s. müxalifət partiyalarını nəzərə alaraq, onların hər birinin hakimiyyətə işlədiklərini iddia edərək, bu tərəfdən də xal qazanmağa çalışır.

"Bizdə icazəsiz mitinqə neçə adam çıxar, heç 50 adam tapılmaz"

Bunu Quliyevin "Bizim ölkədə özlərini ana və ya bala müxalifət adlandıranların əksəriyyəti hökümətin sifarişini yerinə yetirir" ifadəsindən də anlamaq çətin deyil.

Beləliklə, sabiq spiker uzun müddət çarpışdığı müxalifətdaxili düşmənlərinə Navalnı amilini nümayiş etdirərək, onların heç vaxt siyasi uğur qazana bilməyəcəklərini deyib. Üstəlik, bu vasitə ilə cəbhəçi, müsavatçı və s. müxalifətyönlü gəncləri də öz tərəfinə cəlb etməkdən ötrü icazəsiz aksiyalar keçirməyə və küçələrə çıxmağa sələyib.

"Özünüz təsəvvür edin, bizdə icazəsiz mitinqə neçə adam çıxar, heç 50 adam tapılmaz. Bunların hamısının səbəbi sizin bir yerdə ola bilməməyinizdir. Əlbəttə, Navalnı kimi liderin olmaması da şərtdir"-deyən Quliyevin müxalifət "liderlərini" ittiham etməsində həqiqət olsa da, onun bu vəziyyətdən yalnız öz səmərəsi üçün sui-istifadə etmək cəhdi heç bir məntiqə sığmır. Çünki bu ölkədə qanunlar mövcuddur və sabitliyi, rifahı təmin edən qanunları pozan istənilən şəxs kimliyindən asılı olamayaraq, öz cəzasını da alır. Bu baxımdan, R.Quliyevin "gənclərə səslənişi" onun növbəti oyunbazlığından başqa heç nə deyil.

Rövşən RƏSULOV

P.S. R.Quliyev Azərbaycan müxalifətində Navalnının olmamasından gileylənir və buna görə düşərgənin bir yerdə ola bilməməsini deyir. Maraqlıdır, əgər Azərbaycanda Navalnı kimi müxalifət lideri yoxdursa, nəyə görə özünə Navalnı gönünə qurşanıb, ölkəsinə geri dönməyə cürət etmir?!

Digər xəbərlər