Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq
Dağıdıcı müxalifət mövsümi xarakter daşıyan mitinqlər və aksiyalara başlamaqları ilə bağlı sosial şəbəkələrdə məlumatlar yaymaqdadırlar. Görünür, hava soyuyanda aksiya dayanır, hava isinəndə "cuşə" gələrək, mitinq keçirmək istəyirlər. Ancaq o da bəllidir ki, onlar aksiyanı hər hansı məsələyə reaksiya vermək üçün yox, mövsümi olduğu üçün keçirməyə cəhd edirlər. Bir-birinə düşmən kəsilən Müsavat - "Milli Şura", Müsavat-AXCP qarşıdurması fonunda Ə.Kərimli, C.Həsənli, S.Cəlaloğlu və digərləri A.Hacılının bu təklifinə dəstək verə biləcəklərmi?
Müxalifətin mitinq keçirməsinin səbəbi nədir?
Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın demokratik dövlət olduğunu və müxalifətin mitinq keçirməsinin gərəksizliyini vurğulayıb: "Azərbaycanın daxilində qeydiyyatda olan təşkilatlar istədikləri formada fəaliyyət göstərə bilərlər. Onların mitinq keçirmələri Azərbaycan üçün qeyri-adi hadisə deyil, həmin partiya dəfələrlə Bakıda və regionlarda kütləvi aksiyalar keçirə biliblər. Hakim partiya olaraq, hesab edirik ki, bu gün mitinq keçirməyə ehtiyac yoxdur. Cəmiyyətin qarşısında duran məsələlər iqtidar tərəfindən həll edilir. Ölkə inkişafdadır, vətəndaşların hüquq və azadlıqları qorunur. Ortaya çıxan cari problemlər isə, daim diqqətdə saxlanılır. Əgər hansısa müxalif partiya mitinqin vacibliyini qeyd edirsə, keçirsin. Ancaq bu mitinq cəmiyyət tərəfindən nə qədər dəstəklənəcək və sosial bazasını ortaya qoyacağı bəlli deyil. 100-200 nəfərlik mitinq keçirmək hələ böyük güc sahibi olmaq demək deyil. Azərbaycanda 10 milyonluq əhalinin yarısı seçicidir və bir neçə yüz vətəndaşla stadionda mitinq keçirmək siyasi gücün çoxluğuna dəlalət etmir".
Pənah Hüseyn: "Bu gün müxalifət əvvəlki gücünü itirib"
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də bildirib ki, müxalifətin vəziyyəti ürəkaçan sayılmır: "Bu gün müxalifət əvvəlki gücünü itirib, Ona görə də, mitinqlərin başlanması labüddür. Onu da deyim ki, planlaşdırılan mitinqlər müsbət effekt vermir. Görünür, mitinqlərin effektli olması üçün düşünülmüş bir yol tapmaq lazımdır".
Sual yaranır, dağıdıcı düşərgənin nümayəndələri P.Hüseynin bu təklifini necə qəbul edir? Müsavat başqanının müavini Elman Fəttah hesab edir ki, mitinqlərin keçirilməsi labüddür: "Bu mitinq mövzusunun ictimai müzakirəsinə səbəb siyasi məhbuslarla bağlıdır. Qaldı ki, P.Hüseynin təklifinə, yaxşı olardı ki, o yolu özü göstərsin".
Araz Əlizadə: "Xalq müxalifətdəki satqınları yaxşı tanıyır"
Millət vəkili Araz Əlizadə "Milli Şura"nın və Müsavat partiyasının mitinqlərinə münasibət bildirərkən qeyd edib ki, həqiqət bundadır ki, hazırkı müxalifətin potensialı "ölüdür" deyə vurğulayıb: "Buna görə də, müxalifətin yenidən mitinq keçirmək istəyinə düşməsi acınacaqlıdır. Müxalifət nə üçün mitinq keçirir? Ona görə ki, avropalı sponsorları qarşısında hesabat verəcəklər. Referendum bir bəhanə olub mitinq üçün. Faktiki olaraq, ötən ay müddətində "müxalifət" liderləri sponsor dəstəyini kəsməsin deyə, ABŞ səfirliyi və Avropa ölkələrinin digər diplomatik missiyalarına məsləhət dalınca qaçıblar. Böyük Qərb dövlətlərinin heç biri digər ölkələrlə dost deyil. Sadəcə olaraq, onlar öz maraqlarını həyata keçirmək istəyirlər. Ona görə də, müstəqil siyasət yürüdən dövlətləri sevmirlər. Çalışırlar ki, həmin dövlətlərdə əmin-amanlıq və sabitlik olmasın. A.Əlizadə onu da bildirib ki, hansı dövlət ki, inkişaf edir, orada sabitlik var, həmin ölkələrdə aranı qatmaq istəyirlər: "Bu zaman onlar çaxnaşma salmaq istədikləri ölkələrdəki adamlarından istifadə edirlər. Məhz buna görə də, Ə.Kərimli, İ.Qəmbər indi Qərb səfirliklərinə tez-tez gedib- gəlirlər".
A.Əlizadə onu da bildirib ki, müxalifətin aprel ayına planlaşdırdığı mitinqləri də uğursuzluğa düçar olacaq: "Belə olan halda, hesab edirəm ki, nə Avropa, nə də Amerika "siyasi acizlərə" gələcəkdə yatırım etməyəcək. Belə ki, etibar krediti tükənib. Qərbdə azərbaycanlı müxalifəti çox yaxşı tanıyırlar - ciblərini dolduran bir toplu adam kimi. Bunlar 90-cı illərdən bəri müxalifətin ön sıralarında dayanırlar. Hər birinin evi, maşını, xaricdə təhsil alan övladı, bir sözlə, əcnəbi daxilolmaları hesabına çox gözəl həyat qurublar. İndi isə müxalifət onların "yem" üçün bir-birini parçalamasının şahidi oluruq. Bir də, Azərbaycan xalqı onlara heç vaxt dəstək olmayıb və onlar xalqı arxalarınca apara bilməzlər".
Rəfiqə HÜSEYNOVA