Son günlər Xədicə İsmayıl, Leyla Yunus və bu kimi üzdəniraq "hüquq müdafiəçiləri" dağıdıcı müxalifət ünsürlərini tənqid edən açıqlamalarla çıxış edirlər. Bu da, onu təsiq edir ki, dünən bir-birinə dəstək verən bu qüvvələrin bu gün düşmənə çevrilmələrinin kökündə maliyyə məsələləri ətrafında ciddi iğtilaflarının yaranması dayanır. Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, bu qüvvələrin bir-birinə qarşı rəqiblərə çevrilməsində xarici maraqlı qüvvələrin də təsiri xüsusi rol oynayır: "İllərdir həm Azərbaycanda, həm Yaxın Şərqdə siyasi prosesləri öz məqsədləri naminə nəzarətdə saxlamaq istəyən xarici güclərin, Qərb siyasi fikir qurumlarının planlar işləyərək, həyata keçirmək istəyirlər və bu məqsədlə külli miqdarda vəsaitlər xərclənir, təsir altında saxlamaq istədikləri ölkələrdə guya demokratiyanın inkişafını, insan haqlarının müdafiəsini təmin etmək adı ilə pozuculuq fəaliyyətlərini həyata keçirmək istəyirlər. Biz bunları ərəb ölkələrində gedən proseslərdə açıq şəkildə gördük, onların gətirdikləri demokratiyanın yerli xalqlara hansı bədbəxtliklər gətirdiyinin, həmin ölkələrin, faktiki olaraq, müstəqilliklərini itirdiklərinin şahidi olduq. Həmin plan, onu həyata keçirməkdə israrlı olan qüvvələr bu gün də işləkdir və təsadüfi deyil ki, bizim ölkəmizdə də planlarını həyata keçirməkdən ötrü kifayət qədər pullar xərcləyən güclər zaman-zaman ifşa olunsalar da, yenə də müxtəlif vasitələrlə təsir imkanlarını göstərməkdədirlər".
Onun sözlərinə görə, Azərbaycan güclü, müstəqil dövlətdir və ona qarşı sərsəm iddialar təzyiq metodu ola bilməz: "Biz bu kimi fəaliyyətləri də, onların iflasa uğramasını da zaman-zaman görmüşük. Avropa Şurasındakı anti-Azərbaycan qruplaşmalarının böyük canfəşanlıqla ölkəmizə qarşı erməni tərəfdaşları ilə həyata keçirdikləri təxribat yaxın tarixin hadisəsidir. Bu cür işlərdə onların yanında olan kimlərdir. Əlbəttə, Leyla Yunus, Xədicə İsmayıl və digər milli satqınlar. Çünki eyni mənbədən təlimatlanan, maliyyələşən və xüsusi missiyanı həyata keçirən "hüquq müdafiəçiləri" məlum ssenari üzrə hərəkət edir, ölkəmizin imicinə ləkə gətirməyə hədəflənmiş və xaricdəki şəbəkənin buradakı maraqlarına cavab verən bəyənatlar verirlər. Eyni zamanda, onların burada digər dəstəkçiləri müxalifətin radikal qanadıdır ki, illərdir onların xaricdən maliyyələşmələrinin, məhz Xədicə İsmayılın vasitəsi ilə həyata keçirildiyi barədə xeyli informasiyalar var. İstər Xədicə İsmayıl, istər Leyla Yunus və onlarla eyni düşərgədən çıxış edən radikal müxalifətin rəhbərliyi Azərbaycanda xalqla iqtidar arasında olan birlik nəticəsində qeyd olunan planların iflasa uğradığının fərqindədirlər. Amma onların mitinqlər, iğtişaşlar və qarşıdurmalar törətməyə çağırışlarının da məqsədi Avropadakı məlum dairələrdən əldə etdikləri pulları silmək və yeni-yeni maliyyə mənbələri əldə etməkdən başqa bir şey deyildir".
GÜLYANƏ