Artıq erməni başbilənləri və elm adamları Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu və işğal olunmuş torpaqların boşaldılmasının vacibliyini söyləyirlər. Bu günlər Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan növbəti dəfə işğal olunmuş Dağlıq Qarabağın ərazilərinin Azərbaycana qaytarılması bəyanatı ilə çıxış edib. Sual yaranır, bu çağırış nədən qaynaqlanır? Sarkisyan Dağlıq Qarabağa gəldi və orda qondarma rejimin rəhbərliyi ilə görüşündə Azərbaycanı hədələyən bəyanatlarla çıxış etdi. Ter-Petrosyan ermənilərin ümumi mövqeyini ifadə etdiyi halda, Sarkisyanın başından böyük belə bir hədələyici bəyanatla çıxış etməsi nədən irəli gəlir? Söhbət etdiyimiz müsahiblərimiz, hansı erməninin nə fikir söyləməsindən asılı olmayaraq, Azərbaycanın yaxın vaxtlarda öz ərazi bütövlüyünü bərpa edəcəyini bildirdilər.
Politoloq Arzu Nağıyev:
- Bu, ilk növbədə, seçkiqabağı aparılan bir kampaniyadır və seçkilərin gedişi üçün nəzərdə tutulub. Eyni zamanda, daxili elektoratı sakitləşdirmək üçün nəzərdə tutulan bir bəyanatdır. Yəni erməni vətəndaşları öz övladlarını, məhz müharibə zonasına göndərməyə bilər. Demək olar ki, digər maraqlı məqam ondan ibarətdir ki, Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan Dağlıq Qarabağın Ermənistanın deyil, Azərbaycan ərazisi olduğunu bildirməmişdir. Yenə də, hər zaman olduğu kimi, görünür, Dağlıq Qarabağ kartı siyasi məqsədlərdə istifadə edilən əsas amildir. Demək olar ki, Ter-Petrosyan Sarkisyana qarşı bu yolla müəyyən mesaj verir ki, Dağlıq Qarabağ münaqişəsinin əsas iştirakçısı, yaradıcısı məhz Sarkisyan və onun Dağlıq Qarabağ kılanıdır. Bu məqamdan da gələcəkdə hər hansı cavabdehlik, məhz Sarkisyan və onun komandasının üzərinə düşə bilər. Məlum məsələdir ki, bu gün seçkilərdə, əsasən, Qərb, Rusiya, Dağlıq Qarabağ millətçiləri və Ohaniyan qruplaşmaları mübarizə aparır. Ter-Petrosyan da bundan çox ustalıqla istifadə edərək, ortaq məxrəc taktikasını seçib. Yəni guya bu sülhməramlı bir liderdir. Məlumdur ki, onun dediyi ilə heç bir digər siyasi qüvvə razılaşmayacaq. Bu baxımdan, belə bəyanatlar seçki öncəsi müəyyən vədlərlə bağlıdır. Düşünmürəm ki, Ter-Petrosyan ermənilərin ümumi mövqeyini ifadə edir. Çünki ermənilərin ümumi mövqeyi heç də Ter-Petrosyanın dediyi kimi deyil. Eləcə də, Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu anormal möve Ter-Petrosyanın mövqeyindən fərqlənir.
Siyasi şərhçi Azər Həsrət:
- Ter-Petrosyan prezident olduğu dönəmdə bu məsələyə daha ağıllı yanaşmasıyla diqqət çəkirdi. Elə ona görə də, bəzi qüvvələr onu hakimiyyətdən uzaqlaşdırdılar. Çünki bu adam münaqişənin ədalətli həlli üçün, məhz Ermənistanın güzəştə getməsini anlayır. Eyni zamanda, onu da anlayır ki, Ermənistan kimi zəif bir dövlətin daha bir neçə il Azərbaycanın qarşısında duruş gətirməsi mümkün olan deyil. Ona görə, Ter-Petrosyan ziyanın yarısından qayıtmaq, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün belə bir təklifi dilə gətirib. Sarkisyan isə əksinə, ağılla deyil, emosiyalarla hərəkət edir. Yəni Azərbaycanı hədələyir ki, biz sizi vurarıq. Doğrudan da, vura bilərlərmi? Təbii ki, buna cürət etməzlər. Cürət edərlərsə belə, gücləri yetməz. Onun bəyanatı, sadəcə, qorxutmaq üçün effekt yaratmağa hesablanıb. Bunun isə heç bir faydası olmur, ola da bilməz.
GÜLYANƏ