TƏRS BAXIŞ
Sərdar Cəlaloğlu: "Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir..?"
Son günlər siyasi gündəmdə qalmaqdan ötrü var-gəl edən, çıxış yolu tapmayanda isə mitinq keçirəcəklərini deyən AXCP-"Milli Şura" cütlüyünün "liderləri" bu dəfə də köhnə vərdişlərini işə salıblar. Artıq bir neçə gündür ki, gah bu, gah da digər vasitələrlə "möhtəşəm mitinqə" hazırlaşdıqlarını ağız dolusu bəyan edən Əli Kərimli-Cəmil Həsənli ikiliyi nəticədə elə müxalifət düşərgəsinin digər qanadında təmsil olunan tərəfdən zərbəyə tuş gəliblər. Bu barədə yazının sonrakı hissəsində qeyd edəcəyik.
Müxalifətin xalq tərəfindən dəstəklənməyən cinahı, artıq əllərində olan bütün resurslarını xərclədiklərinə görə, indi necə deyərlər, son nəfəs üstündədirlər. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, axır vaxtlara qədər Qərbin Azərbaycanda fəaliyyət göstərən bəzi səfirlikləri radikallarla görüşlər keçirir, məhz bundan sonra mitinq qərarları verilirdi. Ancaq indi belə olmayıb və fakt budur ki, dağıdıcı düşərgə dipkorpuslar tərəfindən də dəstəyini itirib. Sadəcə, Qərbdə fəaliyyət göstərən bəzi qeyri-ciddi insan haqları qurumları bir neçə aydan bir "Azərbaycanda söz və ifadə azadlığı", yaxud "siyasi məhbus" fonunda hesabatlar yayaraq, istədiklərinə nail ola bilmirlər. Çünki zəif və yararsız müxalifət, artıq can üstündə olduğunu mövcud addımları ilə sübuta yetirmiş olur.
"Milli Şura"nın, AXCP-nin keçirdiyi mitinqlər göstərir ki, onlar bu məqsədlərinə çatmırlar"
Beləliklə, bayaq da qeyd etdiyimiz kimi, dağdıcı müxalifətin dağıdıcılıq missiyası elə düşərgə təmsilçiləri tərəfindən ironiya ilə qarşılanaraq sərt tənqidə məruz qalıb.
""Milli Şura" və AXCP-nın bu mitinqləri keçirməkdə məqsədləri odur ki, desinlər ki, Azərbaycanda ən güclü yeganə müxalifət onlardır, çünki mitinq keçirirlər. Bu məqsəd isə mitinqlərin guya xalqın hansısa problemlərini həll etmək üçün keçirildiyi fikrini təkzib edir. Digər tərəfdən, "Milli Şura"nın, AXCP-nin keçirdiyi mitinqlər göstərir ki, cəmiyyətdə ən güclü yeganə müxalif qüvvə olmaları və xalqın onlara böyük dəstək nümayiş etdirdiyi barədə dedikləri də yanlışdır, onlar bu məqsədlərinə çatmırlar". Bu fikirlərlə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxış edərək deyib ki, demokratik mübarizənin əsas prinsiplərindən biri ardıcıllıqdır. ADP sədrinin sözlərinə görə, mitinqlər o zaman effektli ola, artan tendensiya ilə inkişaf edə bilər ki, bu mitinqlərin arasındakı məsafə qısa olsun. Ancaq radikallar ard-arda belə, mitinq keçirmək gücündə deyillər. Bu baxımdan, Cəlaloğlu soruşur: "Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir, bir ay keçirir, 3-4 ay sonra təkrar keçirir? Çünki bu mitinqlər sosial tələbat deyil. Sosial tələbat olsa, xalq gündə 3-4 dəfə mitinq keçirməyi tələb edər".
Göründüyü kimi, bu gün özlərini "ana müxalifət" adlandıran dağıdıcı müxalifət "liderləri" özlərini zorla ictimai rəyə sırımağa çalışmaqla, guya "möhtəşəm mitinq" keçirəcəklərini iddia etməklə, naftalin iyi verən meydanlarında nəyəsə nail olacaqlarını düşünürlər. Amma nəyəsə nail olub-olmayacaqlarını qoysaq bir tərəfə görsək ki, onların danışdıqları boğazdan yuxarı deyilən cəfəngiyyatlardır, bu zaman həmin tərəflərin, həqiqətən də, oyunbaz "lider" olduqları bir daha sübuta yetmiş olur. Hər halda, bunu müxalifətçilər də deyir...
Rövşən RƏSULOV