Gülağa Aslanlı: "Əli Kərimlinin məqsədi tamam başqadır"
Yadigar Sadıqov: "Tofiq Yaqublunun bu addımı atması nəzakət qaydalarına uyğun deyil"
"Milli Şura"nın aprel ayının 9-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirmək istəyi dağıdıcı müxalifət düşərgəsində yeni narazılıqlar yaradıb. "Milli Şura"nın mitinq keçirmək istəyi Müsavatla bu qurum arasındakı ziddiyyətləri daha da artırdı. Bir neçə gün bundan öncə Müsavat rəhbərliyi AXCP sədri Əli Kərimlini eqoistlikdə, mənəm-mənəmlikdə ittiham etdi və bildirdi ki, "Milli Şura" milli maraqlara deyil, şəxsi maraqlarına xidmət edir. Müsavat başqanının müavini Gülağa Aslanlı bildirdi ki, əslində, Müsavat Emin Hüseynovun təklifi əsasında "Milli Şura" ilə birlikdə mitinq keçirmək qərarına gəldmişdi: "Lakin Əli Kərimli bunu eşidən kimi sosial şəbəkələrdə dərhal status paylaşdı ki, "Milli Şura" tək halda aprel ayında mitinq keçirəcək. Bu, göstərdi ki, Əli Kərimlinin məqsədi tamam başqadır".
G.Aslanlının AXCP sədrini bu cür açıq şəkildə ittiham etməsi, dolayısı ilə xəyanətdə suçlaması cəbhəçiləri əməlli-başlı özündən çıxardı. Onun bu açıqlamasından bir neçə dəqiqə sonra cəbhəçilər Ə.Kərimlinin tapşırığı ilə sosial şəbəkələrdə söyüş maşınlarını işə saldılar. Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov söz duelinə çıxadılar. Səbəb isə çox sadədir: T.Yauqblu mitinq keçirmək üçün hazırlanan müraciəti imzalayan yeganə müsavatçıdır. T.Yaqublu bununla bağlı qeyd edib: "Bəziləri həmin müraciəti Müsavat partiyasının da imzalaması kimi təqdim ediblər. Mən həmin sənədi "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü kimi imzalamışam və həmin müraciətin Müsavat partiyasına aidiyyatı yoxdur".
Müsavat partiyası başqanının digər müavini Yadigar Sadıqov isə T.Yaqublunun bu fikirlərinə və müraciətə imza atmasına sərt şəkildə reaksiya verib: "Tofiq Yaqublunun "Milli Şura"nın koordinasiya mərkəzinə üzv olması və müraciətə imza atması, mənə elə gəlir ki, nəzakət qaydalarına o qədər də uyğun deyil. Şəxsən mənim fikrimcə, Tofiq Yaqublu bunu etməməli idi. Şəxsən mən Tofiq Yaqublunun bu mövqeyindən narazıyam".
Deməli, Müsavatın "Milli Şura"nın mitinqini boykot etmək ehtimalı da az deyil. "Ağ Blok"da təmsil olunan partiyalar isə, ümumiyyətlə, Ə.Kərimli ilə eyni tribunada çıxış etmək istəmədiklərini bildiriblər. S.Cəlaloğlu bildirib ki, bu mitinqin bizə heç bir aidiyyatı yoxdur, söyüş söyənlərlə eyni yerdə dura bilmərik. Yenə də 200-250 nəfər "Məhsul" stadionuna yığışacaq və iki saat sonra dağılışıb gedəcəklər. Bir də yay fəslində bir mitinq keçiriləcək, bununla da hər kəs işini bitmiş hesab edəcək. Qısası, gözləyin, ildə iki dəfə (yazda, yayda) "demokrat", "müxalifətçi" olan Ə.Kərimli, C.Həsənli mitinq keçirmək istəyir.
Samir