TƏRS BAXIŞ
Sərdar Cəlaloğlu: "Yəqin onlar maliyyə cəhətdən təmin olunublar"
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu artıq bir neçə gündür ki, "Milli Şura"-AXCP cütlüyünün, eləcə də, Müsavat partiyasının mitinq keçirmək arzusunda olmalarına ironik münasibət bəsləməklə yanaşı, həm də bir sıra eyhamlar vurmaqla məşğuldur. Belə ki, rəhbərlik etdiyi partiyasının, ümumiyyətlə, mitinq keçirmək fikrində olmadığını deyən Cəlaloğlu, bu mənada, aksiya keçirmək niyyətində olan müxalifət düşərgəsinə atmaca atmağı da unutmayıb. Onun fikrincə, hətta mitinq keçirsələr belə, aksiyalarına kimsə qatılmayacaq və onlar məcbur olub insanları muzdla mitinqlərinə cəlb edəcəklər.
"Mitinqlərdən yorulmuşduq"
ADP sədri mitinqlərin keçirilməsi üçün sosial tələbin də olmasının zəruriliyini qeyd edib və bildirib ki, vaxtilə onun özü mitiqlər keçirib və artıq bu vasitədən yorulub: "Vaxtilə Azərbaycanda o qədər mitinq keçirmişdik ki, mitinqlərdən yorulmuşduq".
S.Cəlaloğlu "Milli Şura"nın mitinqinə qoşulmaqla bağlı ona hər hansı müraciətin olmadığını qeyd edərək, deyib ki, əgər ADP-dən kimsə həmin mitinqlərə qatılmaq istəsə, partiya məsuliyyət daşımır, lakin onun özünün digər siyasi təşkilatların tədbirlərinə qatılması doğru hesab edilməz.
"Mitinqdə iştirakımıza ehtiyac yoxdur"
"Mənim iştirakım düzgün olmaz"-deyə qeyd edən Cəlaloğlu bunu belə əsaslandırıb ki, qərarları kim verirsə, o da icra eləməlidir: "...Ona görə də, bizim mitinqdə iştirakımıza ehtiyac yoxdur".
ADP sədri bu arada Müsavat partiyasını da hədəfə almağı unutmayıb. Belə ki, "Milli Şura" və AXCP-nin ardınca Müsavatın da mitinq keçirmək istəyinə düşməsini rəqabət hissi (əslində, düşmənçilik və paxıllıq hissi - R.N.) ilə əlaqələndirən S.Cəlaloğlu bildirib ki, əgər "Milli Şura"nın mitinqinə on min adam çıxsa belə, buna "Milli Şura"nın elektoratı adını vermək doğru deyil. Eləcə də, Müsavat da, həmçinin...
Maraqlıdır ki, Müsavat rəhbərliyinin AXCP və "Milli Şura"nın mitinq qərarından qıcıqlandığına, tərəfdarlarının isə həmin mitinqlərə qatılacaqları tədqirdə, təşkilat sıralarından qovulacaqlarına münasibət bildirən ADP sədri "Müsavat partiyasının qıcıqlanması yanlış hərəkətdir" fikrini irəli sürüb.
Beləliklə, "Milli Şura"nın mitinqi keçirmək istəyi haçalanıb. Onlardan biri insanların mitinqlərə qatılmayacaqlarını bildirmələri, digəri isə Müsavat faktorudur. Daha bir amil isə ADP kimi, digər müxalifət partiyalarının da sözügedən aksiyalardan müxalifətin siyasi üstünlük əldə edə bilməyəcəyi qənaətini irəli sürmələridir. Çox yəqin ki, hətta mitinq baş tutsa belə, onun nəticəsi "sıfır"la qiymətləndiriləcək. Üsətlik, Müsavatla AXCP və "Milli Şura" arasında yeni savaş dalğası start götürəcək.
Rövşən NURƏDDİNOĞLU