Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, AXCP sədri Əli Kərimli yenidən ortaya çıxaran "Milli Şura"nın mitinqinin keçiriləcəyini bəyan edib. Sizcə, müxalifətin belə bir aksiya keçirtməyə cürəti varmı?
- Buna cürətdən daha çox, avaraçılıqdan və bekarçılıqdan doğan təzahürat desək, daha doğru olar. Ə.Kərimlinin mitinq təşəbbüsü fəsildən, havanın qızmasından doğan həvəsdir. Çünki bu adamın yadına siyasət, ancaq bahar və yay aylarında düşür. Qalan vaxtlarda isə qış yuxusuna gedir. Radikal müxalifət fəlsəfəsinin bədbəxtliyi məhz bundadır. Nə deyim. Allah çox yox, bir azca ağıl versin bu uğursuz və mənasız ünsürlərə.
- Əli Kərimli aksiyalara Müsavatın və digər partiyaların da qoşulmalarının vacibliyini söyləyib. Sizcə, bir-birinə düşmən kəsilən bu qüvvələrin eyni ideya ətrafında birləşmələri nə dərəcədə mümkündür?
- Ə.Kərimlinin elə bir fikri vardısa Müsavat partiyasını əvvəldən niyə qapı arxasında qoyurdu? Müsavatın əsas media ruporu olan "bastinfo"nun baş redaktoru, A.Hacılının doğmaca qardaşı Mustafa Hacıbəyli görmədinizmi "facebook"da nə yazmışdı? Rüsvay eləmişdi, Ə.Kərimlini ki, birləşməyə imkan vermir. İndi bunun ardınca Ə. Kərimli hansı sifətlə digər partiyalara mesaj yollayır? Buna üzmü qoyub, onlarla bərabər olmaq üçün yandırılmamış körpümü qalıb? Artistliyin bu qədəri də olmaz. Ya da yəqin erməni lobbisindən göndərilən pulu alıb qoyub cibinə, ona görə daha fərq eləmir, düşünür ki, kim gəlir-gəlsin. 3-5 nəfər adam daha çox olsun. Yəni aldığı pulu silə bilsin. Amma A.Hacılı da köhnənin adamıdır. Alınan pullardan xəbəri var. Ə.Kərimlidən öz payını almasa, əsla, bu oyuna getməz.
- Ümumiyyətlə demək olarmı ki, müxalifətin mövcudluğu ancaq sosial şəbəkələrdə və onların təsiri altında mətbu orqanlarda görünür?
- Artıq heç sosial şəbəkələrdə də fəaliyyətləri görünmür. Sanki əllərini üzüblər hər şeydən. Səbəb də budur ki, öz kəramətlərinə, qabiliyyətlərinə bələddirlər. "Azadlıq" kimi mətbu orqanlar isə artıq media funksiyasını itiriblər. Onlar artıq hədə, böhtan, təhqir maşınıdır, üfunət qoxusu yayan zibillik məhsuludurlar. Eynən radikal müxalifətin özü kimi. Onlar qara eynəyi gözlərindən çıxarmağı son 25 ildə bacarmayıblar, ölkədəki inkişafı görmürlər, içlərini eqo basıb, ona görə də, yaramaz fəaliyyətlə məşğuldurlar. Azərbaycan xalqı isə, əsl həqiqətləri bilir, kimin kim olduğunu da anlayır və fərqindədir ki, ölkənin, dövlətin nicat və uğur yolu yalnız Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının davam etdirilməsindən keçir. Bu səbəbdən də, xalq öz ləyaqətli Prezidentini dəstəkləyir və daim Onun yanındadır.
GÜLYANƏ