PDF Oxu

Müxalifət

  • 5 214

Əli Kərimlinin cəhdləri boşa çıxır

image

TƏRS BAXIŞ

Müxalifət "Milli Şura"-AXCP cütlüyünün mitinqinə dəstək verməyəcək

"Milli Şura" və AXCP cütlüyünün aprelin 8-də keçirmək istədiyi mitinq elan olunduğu vaxtdan bu yana düşərgədə təmsil olunan digər müxalifət partiyaları tərəfindən dəstəklənmir. Belə ki, "Milli Şura"nın pərdəarxası sədri hesab olunan Əli Kərimlinin sosial şəbəkədəki çıxışlarının və muzdla işlətdiyi saxta profillərinin vasitəsilə göstərdiyi cəhdləri boşa çıxır. Artıq sözügedən mitinqlə bağlı "Ümid", KXCP, VİP, AXP, "Azadlıq" ADP, AMİP, VHP, AzDP, ALP və s. irili-xırdalı partiyalar, o cümlədən, ADR və başqa müxalifətyönlü hərəkatlar üzvlərinin həmin mitinqə qatılmayacaqlarını bəyan ediblər.

"Milli Şura"nın mitinqinə qatılmamaq məsələsində müxalifətin bütün cinahlarının fikirləri üst-üstə düşür

Xatırladaq ki, bir müddət əvvəl, ADP sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın mitinqinin səmərəsiz və sosial çağırışa cavab verməyən olduğunu deyərək, düşərgənin mitinq keçirməkdən bezdiyini öz açıqlamasında bildirmişdi. Cəlaloğlu qeyd etmişdi ki, əgər siyasi düşərgədə birgə təşəbbüslər, eyni mövqedən çıxışlar yoxdursa, bu zaman mitinqlə özü-özünü aldatmağa da heç bir ehtiyac duyulmur. Bu səbəbdən, ADP sədri rəhbəri olduğu siyasi təşkilatın mitinqdə iştirak etməyəcəyini qəti şəkildə bəyan edib.

Lakin bu arada, AXCP-nin əbədi və əzəli düşməni olan Müsavat partiyasının rəhbərliyi də "Milli Şura"nın mitinqi ilə bağlı olduqca maraqlı fikirlər səsləndirib. Məsələn, bir neçə gün öncə, partiyanın başqanı Arif Hacılının müavini Yadigar Sadıqov təmsil olunduğu siyasi təşkilatın mitinqdə iştirak etməyəcəyini "Milli Şura"nın onların adıçəkilən aksiyaya qatılmaq istəməməsi ilə əlaqələndirib. Necə deyərlər, "Milli Şura"nın mitinqinə qatılmamaq məsələsində müxalifətin bütün cinahlarının fikirləri üst-üstə düşür.

Müsavat rəhbərliyi ötənilki mitinqdə partiyadaşları tərəfindən yaltaqlıqda ittiham olunurdu

""Milli Şura" rəhbərliyi təşkil edəcəkləri mitinqdə Müsavat partiyası rəhbərliyinin iştirakını istəmir. Bunu dildə deməsələr də, açıq-aşkar görünür. Ona görə də, biz onların mitinqinə qoşulmayacağıq"-deyə qeyd edən Sadıqovun bu fikirlərini nəzərə alarsaq, heç Müsavatın da həmin mitinqdə iştirak etmək arzusunda olmadığı qənaətinə gələ bilərik. Çünki ötənilki mitinqlərdə biz "Milli Şura" və AXCP-nin təşkil etdiyi mitinqlərinə müsavatçıların getdiyinin şahidi olmuşduq. Xüsusilə, partiyanın sabiq başqanı İsa Qəmbərin, Arif Hacılının və s. müsavatçıların mitinqlərə sadə iştirakçı qismində qatılmaları və tribunada çıxış edənlərin ən azı mədəniyyət naminə onları salamlamamaları həmin vaxt diqqət çəkmişdi. Hətta sosial şəbəkələrdə bir çox müsavatçılar İ.Qəmbəri və A.Hacılını Əli Kərimli-Cəmil Həsənıi cütlüyünə yaltaqlıqda, yalmanmaqda, yaxud da yarınmaqda ittiham etmişdilər. Hər halda, budəfəki mitinqdə iştirak etməmək qərarı da, məhz həmin məsələyə görə verilib. Adı isə qoyulub ki, qarşı tərəf müsavatçıları öz mitinqlərində görmək istəmir.

Müsavatçılar yenidən rüsvay olmamaları üçün mitinq keçirmək planı barədə yalnız fikir mübadilələri apardıqlarını desələr də...

Y.Sadıqov daha bir amili xatırladaraq deyib ki, şəxsən onun özü, ötən ilin sentyabrında "Milli Şura" ilə Müsavatın birgə mitinqinin keçirilməsi ilə bağlı təkliflərin olduğunu xatırlatmışdı. Lakin, o vaxt bu təkliflər qarşılıqlı ittihamlara çevrildi və münasibətlər daha da gərginləşdi: "Mart ayında da birgə mitinqlə əlaqədar təkliflər olmuşdu, qarşı tərəfdən razılıq da verilmədi. Əgər bizimlə bir yerdə olmaq istəmirlərsə, güclə gedib mitinqdə onların yanında dayanmağımız etik qaydalara uyğun deyil".

Yeri gəlmişkən, siyasi-ictimai rəy dəfələrlə onun da şahidi olub ki, əgər düşərgədə "ana müxalifət" adı uğrunda bir-birlərinə acımaq baxımından qənim kəslimiş partiyalardan biri hər hansı bir kütləvi tədbir keçirmək niyyətində olursa, digəri də həmin addıma gedir. Ancaq bu dəfə müsavatçılar yenidən rüsvay olmamaları üçün mitinq keçirmək planı barədə yalnız fikir mübadilələri apardıqlarını desələr də, hələlik, bu məsələnin müzakirə mərhələsində olduğunu bildirirlər. Çünki onlar yaxşı bilirlər ki, elektorat yoxdur və tərəfdarların sayı isə bir neçə yüz nəfəri keçmir.

Hər halda, partiyalararası gözlənilən qarşıdurmaların növbəti cücərtiləri ortadadır

"Milli Şura" və AXCP-nin hazırda eyni rüsvayçılığı yaşayacaqlarını Müsavat tərəfi yaxşı dərk edir: "Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, "Milli Şura"nın aprelin 9-da (sonradan tarix ayın 8-nə dəyişdirildi-R.N.) keçirməyi planlaşdırdığı mitinqdə təxminən sentyabrdakı qədər adamın olması (500 nəfər -R.N.) gözlənilir. Ciddi irəliləyiş, insanların axınını gözləmirəm. Əlbəttə, aksiya keçirmək hüquqdur. Bütün hallarda mitinqləri keçirməyin lazım olub-olmadığı barədə suallar yaranır".

Göründüyü kimi, havalar qızar-qızmaz dağıdıcı müxaifətin də bir-birlərinə qarşı qızğın ittihamları artmağa başlayır. Xüsusilə, mitinq məsələsi gündəmə çıxanda, həmin ittihamların sonradan dava-dalaşa çevriləcəyini də istisna etmək olmaz. Hər halda, partiyalararası gözlənilən qarşıdurmaların növbəti cücərtiləri ortadadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər