TEZİS ƏSASINDA
Sosial şəbəkələrdə fəallıq göstərən müxalifətçilər belə qənaətə gəldilər
Ötən həftə "Milli Şura" və AXCP cütlüyünün "Məhsul" stadionunda keçirdiyi qeyri-məhsuldar mitinq-şousunun ardınca düşərgənin bu qanadına qarşı digər müxalifətyönlü şəxslər tərəfindən ittihamlar irəli sürülməkdədir. Həmin ittihamlara baxdıqca, əslində, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün eləcə də, onların mitinqlərində iştirak edən radikal dindar və ateist azsaylı elektoratının bir söyüş məkanında necə vəhdətə gəldiyini görmək olar. Daha dəqiq desək, zatən, mitinqdə baş verənləri bilənlər bunu təsdiq edə bilərlər.
"Səsinizi kəsməsəniz, ağzınızı cıracağam", yaxud "öskürənin qabağında asqırmasan" məsəlinin tam yeri...
Elə isə, elə də uzağa getməyərək, "facebook"da sözügedən mitinq-şounun "tərifinə" heç bir düzəliş etmədən, senzurasız nəzər salaq. Məsələn, Azərbaycan Sosialist Partiyasının sədri, sosial şəbəkə fəalı Elşən Həsənov Əli Kərimli-Cəmil Həsənli cütlüyünə xitabən qeyd edir ki, "hamıya satqın, qorxaq, işverən, agent deyə-deyə özləri bambılı gününə düşüblər". SİTAT: " Başqa partiya, qurum və sadə vətəndaşları təhqir edən OĞRAŞLAR! (hərflərdəki böyük şriftlərə də toxunmuruq - R.N.) Səsinizi kəsməsəniz, ağzınızı cıracağam. Bu, nə deməkdir? İnsanlar MİTİNQƏ gəlməyiblərsə, bunun üçün xalqı təhqir edərlərmi? Onlara ALÇAQ, KÖLƏ,OĞRAŞ, VİCDANSIZ, XAİN, SATQIN və daha nələrsə deyib, təhqir etməyi kim ixtiyar verib sizə? Bu alçaqların böyüyü var, yoxsa yox? YIĞIŞDIRIN TULALARINIZI burdan!"
Göründüyü kimi, ölüvay və rüsvayçı aksiyalarında adamların az olduğunu görən küçə müxalifəti, bunu onların biabırçı tədbirlərinə qatılmayan sadə insanların üzərinə yıxmağa çalışıblar. Əlbəttə ki, atalarımız pişiyin ağzı ətə çatmayanda, iylənib deyərlər. Lakin bunlarda pişik cürəti belə olmadığına görə, hərəsi bir klaviatura arxasında gizlənib, insanları təhqir etməklə məşğuldur. Təbii ki, belə olan halda, ASP-nin sədri Elşən Həsənov və sairləri bu təhqirlərə yerindəcə cavab verməyi bacarıblar. Necə deyərlər, öskürənin qabağında asqırmağın tam yeri, məhz "Milli Şura" və AXCP nökərlərinə verilmiş ən layiqli cavablardan biridir.
Nəticədə, Qabil Aliyev (Gabil Aliyev niki ilə - R.N.) digər bir "facebook" fəalı Elşən Həsənova cavab yazaraq, onu dəstəkləyib. SİTAT: "Bəy, elə buna görədir ki, mitinqlərə qohum-əqrəbalarından başqa heç kimi cəlb edə bilmirlər. Xalqın mitinqə gəlməmə səbəbini araşdırıb çözüm ürətməkdənsə (fikir olduğu kimi verilib - R.N.) səviyyələrini ifa edirlər. Xalqı aşağılayanların eqoları, onlara xalqın söz sahibi - çoxluq olduğunu anlamaqlarına imkan vermir. Sonuc isə, fiaskodan başqa bir şey deyil".
Müsavatçılardan "Milli Şura"nın koordinasiya şurasının üzvü, kərimovçu Eldəniz Quliyevə məntiqi sual və ittiham: "Statusları niyə silmisən?.. Bir həftə irəlini proqnoz edə bilməyən sayasətbazlar"
Yeri gəlmişkən, sözügedən mitinq-şoudan öncə, istər "cəbhəçi"lər, istərsə də onları dəstəkləyən az qisimdə insan sosial şəbəkələrdə gur-gur gurlayırdı ki, bu dəfə onların tədbirlərinə o qədər insan toplaşacaq ki, "Məhsul"da, ümumiyyətlə dayanmağa yer qalmayacaq. Maraqlıdır ki, qabaqdangəlmişliyə, arxı hoppanmamış "hop" deməyə alışıq olanlar sırasında "Milli Şura"nın koordinasiya şurasının üzvü E.Quliyev də olub. O, göstərdikləri ucuz şoudan qabaq yazıb ki, "Məhsul" stadionu 20-25 min adam tutur və...
"Əminəm ki, aksiyaya bundan iki dəfə artıq iştirakçı gələcək və məni qorxudan da elə budur - biz bu qədər insanı orada necə yerləşdirəcəyik?"-deyə status yazan, mitinq keçirildiyi zaman isə, həmin statusunu pozan Eldəniz Quliyevə Müsavat partiyasından olan bir fəal belə bir sual ünvanlayıb. SİTAT: "Eldaniz Quliyev (olduğu kimi-R.N.), mitinqlə bağlı təbliqat statuslarını silməkdə məqsədiniz nə olub?"
Murad Hacıyev adlı digər müsavatçı da eyni mövzudan yanaşıb: "Stadiona sığmayacaqdı deyirdi, yoxdu artıq o status (ironik emodzi işarəsi). Bundan öncəki mitinqdə Müsavata atış gələndə, rüsvayçılığı fikirləşmək ağlınıza gəlmirdi. Tələm-tələsik hamıdan qabağa düşmək üçün qaza gəlib mitinq təyin etmək (ironik emodzi işarəsi) bir həftə irəlini proqnoz edə bilməyən sayasətbazlar".
AXCP-dən AXCP-yə: "Mən bunlara "noxtalanmış müxalifət" deyərdim...
İttihamçılar arasında Ə.Kərimlinin AXCP-sinə alternativ AXCP kimi fəaliyyət göstərən siyasi təşkilatın fəalı Seyid Mirfeyzulla da "Milli Şura"nın mitinq şousunu atəşə tutub. O, bu kimi müxalifəti "noxtalanmış" adlandıraraq, qaşrı tərəfi hakimiyyətə işləməkdə günahlandırıb: "Əziz dostlar, 8 aprel ümumxalq mitinqinə qoşulmayan partiya və onun rəhbərlərinə xalqdan danışmaqlarına haqq qazandırmaq olarmı? Əlbəttə ki, yox! Bunlara kim nə ad qoyur-qoysun, mən belələrinə hakimiyyətin cilovunu başına keçirmiş "noxtalanmış müxalifət" deyərdim."
Əslində, bir düşərgənin ayrı-ayrı cinahlarında fəaliyyət göstərən müxalifətçilərin bu dəfə külüngü "Milli Şura"-AXCP cütlüyünə vurmasından təəccüblənmək də lazım deyil. Çünki məhz Ə.Kərimli dəfələrlə öz çıxışlarında bildirmişdi ki, əgər hər hansı müxalifət partiyası "Milli Şura"da təmsil olunmursa, bizdən deyil. İndi sual yaranır: bir halda ki, "Milli Şura"da olmayan tərəflər sizləri hədəfə alırlarsa, nəyə görə, bu ittihamlardan qızışıb özünüzdən çıxırsınız?
Yenə də tumanlarını başlarına tək çəkməli olacaqlar
Başqa tərəfdən, daha bir amil diqqətçəkəndir ki, vaxtilə tumanının ətəyini Əli Kərimlinin tumanının ətəyinə bağlayan, lakin sonradan ətəyini ondan ayıraraq, tumanını yalnız başına çəkən Xədicə İsmayıl "Milli Şura" qarşılığında belə bir tələb irəli sürmüşdü ki, əgər Eldəniz Quliyev mitinqin təşkilat komitəsindən çıxarılmasa, mitinqə qatlmayacaq. Görünür, təkbaşına başa tuman çəkməyin səmərəsiz olduğunu anlayan AXCP sədri Xədicə İsmayılın tələbinə bu səbəbdən əməl edib və Eldəniz Quliyevi, nəinki mitinqin təşkilat komitəsindən uzaqlaşdırıb, hətta tribunaya belə yaxın buraxmayıb. Ancaq buna baxmayaraq, Quliyev mitinqdə olub, bu isə Xədicə İsmayılın xoşuna gəlməyib. Ona görə də, görünür, bundan sonra da adıçəkilənlər tumanlarını başlarına tək çəkməli olacaqlar.
Rövşən NURƏDDİNOĞLU