"Mitinqin məqsədi xaricdəki havadarların qarşısında bir müxalifət fonu yaradaraq, özlərinin boş ciblərini doldurmaqdan ibarət idi"
Məlum olduğu kimi, "Milli Şura"nın uğursuzluqla nəticələnən mini-aksiyasından sonra müxalif təmsilərinin Əli Kərimliyə qarşı ittihamlarının miqyası genişlənib. Bundan sonra müxalifət düşərgəsində qarşıdurmaların daha da genişlənəcəyi barədə fikirlər səslənir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da "Səs" qəzetinə açıqlamasında bildirdi ki, əvvəlcədən bəlli idi ki, müxalifətin planlaşdırdığı bu aksiyanın heç bir nəticəsi olmayacaq. Yəni bu, gözlənilən idi: "Çünki onların heç bir dəstəyi yoxdur ki, nəyi isə ortaya qoya bilsinlər. Sadəcə olaraq, burada məqsəd xaricdəki havadarların qarşısında bir müxalifət fonu yaradaraq, özlərinin boş ciblərini doldurmaqdan ibarət idi. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslərin hansısa bir məsələ ilə bağlı birləşməsi qeyir-mümkündür. Çünki bu şəxslər üzdə bir-birinin üzünə gülsələr də, arxada düşmənçilik münasibətlərini davam etdirirlər. Bu baxımdan, müxalifətin birləşməsindən söhbət gedə bilməz. Bu gün müxalifətin birliyi formal xarakter daşıyır. Daha doğrusu, onların görüntü xatirinə yaxınlaşmaları xarici havadarların istəyi ilə baş verir".
"Maraqlı məqamlardan biri də Xədicə İsmayılın Cəmil Həsənlini və Əli Kərimlini tənqid etməsidir. Nə baş verir? Nə səbəbə dünən bir-birinə qucaq açan bu kəslər, bu gün rəqiblər qismində çıxış edirlər" sualına cavab olaraq, T.Novruzov bildirdi ki, bu şəxsləri maraqlandıran dövlət mənafeləri deyil. Yəni bu şəxslər üçün əsas məsələ xarici havadarları qarşısında daha çox xal toplamaqdır: "Bir sözlə, biri digərini sıradan çıxarmaq üçün əlindən gələni əsirgəmir ki, özü üstün mövqedə olsun. Ümumiyyətlə, müxalifət təmsilçiləri hər fürsətdən yararlanmağa çalışıblar. Yəni öz şəxsi mənafeləri məqsədilə, onlar bu cür addımlar atırlar. Amma onların nə etmələrindən və nə istəmələrindən asılı olmayaraq, heç nəyə nail olmayacaqlar. Çünki bu qüvvələr xalqın gözündən düşüb. Uzun illərdi ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin ancaq öz aralarında didişmələrindən başqa bir fəaliyyətləri yoxdur. Müxalifət təmsilçiləri arasında münasibətlər səmimi olmadığına görə, hər zaman müəyyən siyasi etikadan kənar davranışlara yol verilir. Ona görə də, onların arasında heç vaxt nəsə bir səmimiyyətdən söhbət gedə bilməz".
GÜLYANƏ